Statistik Məlumatlar Sisteminin təqdimatı olub

İyunun 27-də  Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində Statistik Məlumatlar Sisteminin təqdimatı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Statistik Məlumatlar Sistemini işə salmışdır.

Məlumat verilmişdir ki, Statistik Məlumatlar Sisteminin qurulması üçün yeni server alınmış, müasir proqram təminatı yaradılmışdır. Son 10 ilin statistik məlumatları serverə işlənilmişdir. Təhlükəsizlik paneli ilə təmin edilmiş sistem qurularkən lisenziyalı proqramlardan istifadə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Statistik Məlumatlar Sisteminin istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin strukturuna 8 şəhər və rayon idarəsi daxildir. Muxtar respublika üzrə 174 inzibati ərazi dairəsi üzrə statistika işçisi ştatı yaradılmış, kənd mərkəzlərində statistika işçiləri üçün otaq ayrılmışdır. Komitənin əsas fəaliyyət istiqaməti əhali və kənd təsərrüfatı üzrə siyahıyaalmanı həyata keçirmək, 18 istiqamət üzrə 259 adda statistik hesabatları ümumiləşdirmək və təhlilini aparmaqdan ibarətdir.

Qeyd olunmuşdur ki, statistikanın vacibliyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2018-ci il 2 mart tarixli Sərəncamına əsasən “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” qəbul olunmuşdur. Dövlət Proqramına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində Statistik Məlumatlar Sistemi yaradılmışdır. Müasir proqram təminatına malik sistemdə hazırda 58 min 620 hüquqi və fiziki şəxsin 87 min 834 rəsmi hesabatı vardır. Yeni sistemin qurulmasında əsas məqsəd muxtar respublikada statistika haqqında dolğun məlumatları əldə etməkdən ibarətdir. Çünki dəqiq statistik məlumatlar muxtar respublikanın inkişafı ilə bağlı düzgün qərarların qəbul olunmasına imkan verir. Eyni zamanda düzgün statistik məlumatlar muxtar respublikanın inkişaf göstəricilərini, əhali artımını və buna uyğun olaraq ehtiyatların yaradılmasını təhlil etməyə şərait yaradır.

Ali Məclisin Sədri demişdir: Müasir inzibati binaların tikilərək istifadəyə verilməsi, ərazi nümayəndəliklərində  statistika ştatlarının təsis olunması, şəhər və rayon idarələrinin yaradılması muxtar respublikanın statistika orqanlarının fəaliyyətində əsaslı dönüşə səbəb olmuşdur. Artıq Dövlət Statistika Komitəsinin fəaliyyəti üçün hərtərəfli şərait var. Statistik Məlumatlar Sisteminin təqdimatı isə kollektivin işini xeyli asanlaşdıracaqdır. Ona görə də statistika işçiləri yaradılan şəraitdən səmərəli istifadə etməli, məlumatlar onlayn qəbul edilməli və işlənilməli, düzgün və təhlilli statistik hesabatlar hazırlanmalıdır. Vaxtilə statistika işçiləri təsərrüfatbaşı kitablar vasitəsilə məlumatları əldə edirdilərsə, bundan sonra bütün hesabatlar onlayn formada qəbul olunacaq və ümumiləşdiriləcəkdir.

Ali Məclisin Sədri demişdir: Statistika vacib sahədir. Ona görə də muxtar respublikada bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Çünki statistik məlumatların düzgünlüyü muxtar respublikanın inkişaf perspektivlərini müəyyənləşdirməyə imkan verir. Eyni zamanda yeni innovasiyaların tətbiqi həm də yeni mütəxəssislərin hazırlanması deməkdir. Artıq statistika işçiləri yeni sistemdən istifadə edərək mütəxəssis kimi formalaşacaqlar.

Ali Məclisin Sədri bir daha kollektivi təbrik etmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov çıxış edərək demişdir ki, muxtar respublikanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklərin qeydə alınması, təhlil edilərək ümumiləşdirilməsi istiqamətində mühüm işlər görülür. Dövlət Statistika Komitəsinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması bu baxımdan mühüm əhəmiyyət kəsb edir.  2019-cu ilin ötən 5 ayında Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin yerli strukturları tərəfindən onlayn rejimdə, ümumilikdə, 9523 təsərrüfat subyektindən 30 min 174 hesabat qəbul edilmişdir. Bu dövrdə kütləvi informasiya vasitələrində muxtar respublikanın sosial-iqtisadi vəziyyətini əks etdirən 47 təhlili material dərc olunmuşdur. Vaqif Rəsulov yeni qurulan Statistik Məlumatlar Sisteminin fəaliyyətin müasir formada təşkilinə imkan verəcəyini bildirmiş, göstərilən qayğıya görə statistika işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Sonra Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov Statistik Məlumatlar Sistemi barədə məlumat vermişdir. Bildirilmişdir ki, sistem yaradılarkən fiber-optik xətt üzərindən Dövlət Statistika Komitəsi ilə şəhər və rayon idarələri arasında qapalı şəbəkə yaradılmış, məlumatların sürətli ötürülməsi təmin edilmişdir. Yeni sistem 2 hissədən ibarətdir. Birinci hissədə tətbiqi server avadanlıqları, serverlər üçün əməliyyat və təhlükəsizlik sistemləri,  köməkçi avadanlıqlar  və lisenziyalar, eləcə də statistika idarələri və internet şəbəkəsi üzərindən müvafiq lokal və virtual  arabağlantılar  qurulmuşdur. İkinci hissədə isə 18 istiqamət üzrə 259 adda statistik hesabatın  təqvim planına uyğun olaraq real vaxt rejimində Dövlət Statistika Komitəsinə təqdim olunması və bu məlumatlar əsasında 7 minədək  çıxarış cədvəllərinin tərtib edilməsini təmin edən proqram təminatı hazırlanmışdır.

Proqram təminatı müəssisə və təşkilatların elektron  qeydiyyatını aparır, təsərrüfat subyektlərinin təqdim edəcəyi hesabatları seçir və məlumat bazası yaradır. Bu zaman hesabat formaları üzrə daxil edilən ilkin məlumatların nəzarət şərtlərinə uyğunluğu avtomatik  yoxlanılır və yol verilən səhvlər barədə istifadəçilər məlumatlandırılır. Statistik təsnifatların və köməkçi məlumatların idarə edilməsi bölməsində istifadəçilərin qeydiyyat məlumatı, statistik hesabatların təsnifatı, təqvimi, rəsmi statistikanın sahələri, hüquqi və fiziki şəxslərin reyestri öz əksini tapmışdır. İstifadəçilər sistemə daxil olarkən qeydiyyatdan keçir və onlara şifrələr verilir. Qeydiyyatdan keçmiş istifadəçilər hesabat dövrü başa çatana qədər onlara aid məlumatlar üzərində düzəliş və dəyişikliklər aparmaq, çap etmək və yenidən göndərmək imkanına malikdirlər.

Proqram təminatı Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin statistika.nmr.az internet saytı ilə əlaqələndirilmiş, istifadəçilərin qeydiyyat məlumatları üzərində müvafiq  əməliyyatlar aparması təmin edilmişdir. Həmçinin burada statistik hesabatların təsnifatları və formaları, hesabatların işlənmə qaydaları haqqında təlimatlar, statistik hesabatların təqvimi və rəsmi statistikanın sahələri üzrə müvafiq formalar yerləşdirilmişdir.

Statistik Məlumatlar Sisteminin əsas üstünlüyü proqramların muxtar respublikanın statistika işçiləri tərəfindən idarə olunması və təsərrüfat subyektləri tərəfindən daxil edilmiş hesabatlar üzrə məlumatların elektron bazasının yaradılmasıdır. Bu da muxtar respublikanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklərin operativ qeydə alınmasına, təhlil edilərək ümumiləşdirilməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının inkişafında statistika işçilərinin fəaliyyətini qeyd etmiş, kollektivə təşəkkürünü bildirmiş, muxtar respublikanın illik statistik məcmuəsinin hazırlanması, qəbul olunmuş dövlət proqramlarının icrası barədə hesabatların təqdim olunması, eləcə də digər müvafiq təşkilatlarda da elektron məlumat sistemlərin qurulması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti