Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub

Mayın 21-də Azərbaycan Respublikası medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adının və Azərbaycan Respublikası Prezidentinin mükafatının təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları təbrik edərək demişdir: Bu gün Azərbaycanda möhkəm dövlətçilik vardır. Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələri ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Bunun da nəticəsində ölkəmizdə sabitlik, inkişaf və tərəqqi vardır. Ölkəmizdə müxtəlif sahələrdə çalışan vətənpərvər insanlar isə öz əməkləri ilə dövlətçiliyimizin möhkəmlənməsinə töhfə verirlər.

Ali Məclisin Sədri demişdir: Dövlət və xalq qarşısında xidməti olanlar o yerdə təltif olunurlar ki, həmin ölkədə dövlətçilik ənənələri, sabitlik və inkişaf olsun. Bu gün xidmətlərində və fəaliyyətlərində fərqlənənlərin təltif olunması da ölkəmizdə dövlətçilik ənənələrinin inkişaf etdiyini göstərir. İnsan əməyinə qiymət verilərkən o daha da məhsuldar olur. Təltif olunanlar da çalışdıqları sahələrdə nümunə göstərən, öz xidmətləri ilə fərqlənən insanlardır.

“Hər kəs çalışdığı sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, dövlətçiliyimizin möhkəmlənməsinə töhfə verməlidir. Çünki dövlətçiliyin möhkəmlənməsi ölkənin davamlı inkişafı və sabitliyi deməkdir”, – deyən Ali Məclisin Sədri təltif olunanlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Sonra Ali Məclisin Sədri medalları, Naxçıvan Muxtar Respublikasının fəxri adını, eləcə də Azərbaycan Respublikası Prezidentinin mükafatını təqdim etmişdir.

Təltif olunanlardan Vüsal Əliyev, Füzuli Kazımov, Tahir Mirzəliyev, Rəşad Əliyev və Səbuhi Məmmədov əməklərinə verilən yüksək qiymətə görə çalışdıqları kollektivlər adından minnətdarlıq etmişlər. Qeyd olunmuşdur ki, bundan sonra da ulu öndər Heydər Əliyevin siyasi xəttinə sadiq qalacaq, səmərəli fəaliyyət göstərərək ölkəmizin inkişafına töhfə verəcəklər.

Prezident mükafatçılarından Natiq Məmmədov, Əbülfəz Məmmədov, Zülfiqar Mahmudov, Zeynalabdın Babayev, Tamerlan Bağırov, Səyyad Məmmədov və Gülnarə Hüseynova minnətdarlıq edərək demişlər ki, Naxçıvan Muxtar Respublikasında digər sahələrlə yanaşı, mədəniyyətin, incəsənətin inkişafına da xüsusi diqqət yetirilir. Milli dəyərlərimiz qorunur, muğam sənətimiz, milli musiqimiz və rəqslərimiz yaşadılır. Bu sahələrdə çalışanların təltif olunması da göstərilən diqqətin daha bir ifadəsidir.

Ali Məclisin Sədri qarşıdan dövlətçiliyimizin təməlinin qoyulduğu və elan edildiyi 28 May – Respublika Gününün gəldiyini bildirmiş, bu münasibətlə təltif olunanları və onların timsalında muxtar respublika əhalisini təbrik etmişdir.

 

 

 Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti