Müharibə veteranlarına avtomobillər təqdim olunub

Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə müharibə veteranlarına, sosial qayğıya ehtiyacı olan vətəndaşlara qayğı ilə yanaşmışdır. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasi xətt hazırda ölkəmizdə uğurla davam etdirilir. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında müharibə veteranlarına diqqət və qayğı sosial siyasətin əsas istiqaməti kimi müəyyənləşdirilmişdir.

Mayın 9-da – faşizm üzərində Qələbənin 74-cü ildönümündə Naxçıvan şəhərində 2 nəfər 1941-1945-ci illər müharibəsi içtirakçısına, 2 Azərbaycan Vətən Müharibəsi veteranına və 3 hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş şəxsə “NAZ-Lifan-320” markalı minik avtomobili təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərasimdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərin və şəhid ailələrinin, habelə 1941-1945-ci illər müharibəsi iştirakçılarının rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Vətən Müharibəsi iştirakçıları və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobillərinin verilməsi, onların tibbi və sosial bərpası diqqət mərkəzində saxlanılır. 2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı 266 nəfərin bərpa mərkəzlərində müalicələri təşkil  edilib, 78 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 8 ailəyə  mənzil, 1 nəfərə minik  avtomobili təqdim olunub. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən diqqətə və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Azərbaycanda möhkəm dövlətçilik mövcuddur. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik prinsipləri ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətçilik olan yerdə isə vətənpərvərlik, inkişaf, sabitlik və sosial qayğıya ehtiyacı olanlara dövlət qayğısı olur. Bu gün ölkəmizdə inkişaf və sabitlik vardır. Sosial himayəyə ehtiyacı olan insanlara dövlət qayğısı göstərilir. Müharibə veteranlarına və sosial himayəyə ehtiyacı olanlara minik avtomobillərinin təqdim olunması da Azərbaycan dövlətçiliyinin mühüm göstəricilərindəndir.

“Bu gün ölkəmizdə İkinci Dünya müharibəsi  iştirakçıları, Azərbaycan Vətən müharibəsi veteranları, xidməti vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslər və digər sosial himayəyə ehtiyacı olan insanlar dövlət qayğısı ilə əhatə olunublar. Onlara avtomobillər və mənzillər verilir, müalicəyə göndərilir, təqaüdləri artırılır. Bu da Vətən qarşısında borclarını layiqincə yerinə yetirən, vətənpərvərlik nümunəsi göstərən insanların fəaliyyətinə dövlətimizin verdiyi qiymətdir”, – deyən Ali Məclisin Sədri vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə avtomobil təqdim olunanlara təşəkkür etmişdir.

Sonra Ali Məclisin Sədri avtomobillərin açarlarını təqdim etmişdir.

Avtomobillərlə təmin olunanlar göstərilən qayğıya görə minnətdarlıq etmişlər. Onlar bunu Vətən, xalq qarşısında xidməti olan şəxslərə hərtərəfli dövlət qayğısı kimi dəyərləndirmiş, bundan sonra da Heydər Əliyev siyasi xəttinə sadiq qalacaqlarını bildirmişlər.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti