Naxçıvan Hərbi Qarnizonunun Təlim-Tədris Mərkəzində komanda-qərargah təlimləri keçirilir

Aprelin 18-də Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının uzlaşdırılmış plan üzrə kompüter dəstəkli komanda-qərargah təlimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təlimi izləmişdir.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport vermişdir.

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün alınmış xidməti avtomobillərə baxış olmuşdur. Qeyd olunmuşdur ki, hərbi hissələr müasir döyüş texnikaları ilə yanaşı, həm də xidməti avtomobillərlə təmin olunur. Yeni alınmış 10 ədəd “NİVA” markalı xidməti avtomobil hərbi hissələrin komandir və rəis heyətinin istifadəsinə veriləcəkdir.

Sonra təlim başlamışdır.

Məlumat verilmişdir ki, Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının hücum əməliyyatlarının qarşılıqlı əlaqəsini koordinasiya etmək, döyüşə və səfərbərliyə hazırolma səviyyəsini artırmaq məqsədi ilə yaradılmış Təlim-Tədris Mərkəzinin Simulyasiya Mərkəzi 81 kompüterdən, ümumilikdə isə 20 otaqdan və təlim nəticələrinin təhlil edilməsi üçün 90 yerlik zaldan ibarətdir. Simulyasiya Mərkəzinin əsas üstünlüyü burada birtərəfli təlimlərlə yanaşı, ikitərəfli üçpilləli təlimlərin də keçirilməsi, bölük, tabor və briqada səviyyəsində real vaxt rejimində fəaliyyət göstərməsidir. Kompüter dəstəkli komanda-qərargah təlimlərinin keçirilməsinin əsas məqsədi komandir və qərargah zabitlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də onların əməliyyatın planlaşdırılması və vəziyyətin qiymətləndirilməsi  üzrə  bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.

“Sakarya” və “Qasırğa” yaylım atəşli reaktiv sistemlərin simulyasiya sinfi avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz olunmuşdur. Tədris sinfi 6 döyüş maşınından, batareya komandirinin idarəetmə maşınından, meteomaşını simulyasiya edən kompüterdən, məşğələ rəhbərinin iş yerinin kompüterindən və şəbəkə mərkəzindən ibarətdir. Burada divizion və batareya tərkibində atəş hazırlıqlarının hazırlanması və döyüş maşınlarının avtomatik olaraq hədəfə tuşlanması şəxsi heyətə öyrədilir.

Döyüş və piyada döyüş maşınları “BMP2” və “BMP3”, “T72” və “T90” trenajorlarda idarə edilmiş və müxtəlif döyüş tapşırıqları yerinə yetirilmişdir. Tank əleyihinə bölmələr üçün nəzərdə tutulan “SPİKE-LR”və “SPİKE-ER” daxili otaq trenajorları operator və təlimatçı stansiyaları olmaqla, 2 hissədən ibarətdir. Bu da məşğələ zamanı təlimatçıya bütün atəş ardıcıllığını izləməyə, atışdan əvvəl və sonra ərazi görüntüsünü müşahidə etməyə imkan verir. Həmçinin kompüterdə döyüş sahəsinin simulyasiya olunmuş görüntüsü əks olunur.

Qeyd olunmuşdur ki, tank əleyhinə məşq qurğuları döyüş sahəsinin simuliyasiya olunmuş görüntüsündə hərəkətsiz və hərəkət edən hədəflərə döyüş raketlərindən istifadə etmədən atəş tapşırıqlarının yerinə yetirilməsini təmin edir. Eyni zamanda atəş tapşırıqları yerinə yetirilərkən hədəfi izləməyə imkan yaradır, fərdi və manqa tərkibində tapşırığın yerinə yetirilməsini qiymətləndirir. Kompüterli artilleriya sinfində divizion və batareya tərkibində sutkanın işıqlı və qaranlıq vaxtında döyüş sursatı sərf etmədən atəş tapşırıqları icra edilmişdir. Artilleriyanın taktika sinfində isə zabit heyəti ilə sinif şəraitində taktiki məşğələlər keçirilmiş, taktiki qrup çalışmaları yerinə yetirilmiş, taktiki və komanda-qərargah təlimlərinin keçirilməsindən əvvəl zabitlərin hazırlanması və taktiki hazırlıqdan məqbulların qəbul edilməsi prosesi həyata keçirilmişdir.

Kompüterlə və digər avadanlıqlarla təmin olunmuş “Qvozdika” simulyasiya sinfində avtomatlaşdırılmış idarəetmə sistemi ilə divizion və batareya tərkibində hədəf göstəriciləri müəyyən edilmişdir. Tibbi hazırlıq, avtomobil texnikası, zirehli texnikaların idarəedilməsi, raket artilleriya silahları, qarovul, kəşfiyyat, hərbi topoqrafiya, kütləvi qırğın silahlarından mühafizə, rabitə, mühəndis və hava hücumundan müdafiə siniflərində də müvafiq sahələr üzrə məşğələlər keçirilmişdir. Xüsusi proqramla təchiz edilmiş əsas və arxa komanda məntəqələri, artilleriya qruplaşması, təminedici bölmələr, bölük komandirləri və tabor qərargahları siniflərində keçirilən ikitərəfli təlimlərdə də məqsədə nail olunmuşdur. Naxçıvan Qarnizonu Qoşunlarının uzlaşdırılmış kompüter dəstəkli komanda-qərargah təliminin nəticələri hakimlər qrupu tərəfindən dəyərləndirilmiş, toplanan məlumatlar və əldə olunmuş nəticələr təhlil edilmişdir.

Qarnizonda yerləşən birləşmə və hissələrin xidməti sənədləri və tədris üçün əyani vəsaitlər hərbi mətbəədə hazırlanır. Bu günə qədər birləşmə və hissələr üçün 10 mindən artıq xidməti istifadə üçün kitab və jurnal hazırlanmışdır. Təlim-Tədris Mərkəzinin zəngin kitabxanası vardır.  Bildirilmişdir ki, hazırda kitabxanada 18 min müxtəlif ədəbiyyat şəxsi heyətin istifadəsinə verilib.

Ali Məclisin Sədri nəzəri dərslərin real ərazi maketləri üzərində keçirilməsi, uzlaşmış təlim və məşğələlərinin nəticələrinin qarşılıqlı təhlil və müzakirə olunması barədə tapşırıqlar vermişdir.

Sonra “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinin Uzlaşma Planı” üzrə görülən işlərin nəticələrinə həsr olunmuş müşavirə keçirilmişdir.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək demişdir ki, “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinin Uzlaşma Planı”na əsasən birinci tədris rübündə əsas səylər motoatıcı, tank, artilleriya, xüsusi təyinatlı və hava hücumundan müdafiə bölmələrinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə, eləcə də hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərə yönəldilmişdir. Təlim və məşğələlərdə Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrinin hərbi qulluqçuları ilə yanaşı, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə alayının hərbi qulluqçuları da iştirak etmişlər. 2019-cu ilin birinci rübündə 8-i ərazidə, 8-i isə kompüter dəstəkli olmaqla, 16 briqada komanda-qərargah təlimi, 3 komanda-qərargah səfərbərlik təlimi, 2 qərargah məşqi, idarəetmə məntəqələrinin açılması üzrə komanda-qərargah məşqi, təyyarə və vertolyotların 50 saatdan artıq təlim-məşq və xüsusi tapşırıq uçuşu keçirilmişdir.

Qeyd olunmuşdur ki, tədris rübündə müxtəlif ixtisaslar üzrə 1955 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu hazırlanmışdır. Hazırda “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”nda 309 kursant, “Gizir hazırlığı kursu”nda isə 82 kursant təhsil alır. Rüb ərzində qarnizonun birləşmə, hissə və bölmələrinin cəlb edilməsi ilə müxtəlif ixtisaslar üzrə 20 yarış, 12 müsabiqə keçirilmişdir. Silah və texnikaların təmiri, texniki qulluq, şəxsi heyətin tibbi müayinəsi və qidalanması da diqqətdə saxlanılmışdır. Kərəm Mustafayev yaradılan şəraitə və göstərilən dəstəyə görə Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının şəxsi heyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən Əlahiddə Ümumqoşun Ordunun yaradılması ilə Naxçıvanın müdafiə potensialının və hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaranmışdır. Ötən il Əlahiddə Ümumqoşun Ordu tərəfindən həyata keçirilən uğurlu Günnüt əməliyyatı bunu bir daha təsdiq etdi.  Ölkəmizin müharibə, muxtar respublikanın isə həm də blokada şəraitində olması və düşmən ölkə ilə sərhəddə yerləşməsi Naxçıvanda digər qoşun növlərinin – “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının yaradılmasını da zərurətə çevirmişdir. Əlahiddə Ümumqoşun Ordunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının bir qarnizonda birləşməsi isə qarşılıqlı döyüş fəaliyyətinin təşkilində mühüm əhəmiyyət kəsb edirdi. Bu məqsədlə “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinin Uzlaşma Planı”nın təsdiq olunması, keçirilən birgə təlimlər və qarşılıqlı fəaliyyət məmnunluq doğurur.

Ali Məclisin Sədri demişdir: Naxçıvan Hərbi Qarnizonu Qoşunları üçün müasir Təlim-Tədris Mərkəzinin yaradılması, təlim və məşğələlərin uğurla keçirilməsi muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Ötən il Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təliminin, bu gün isə kompüter dəstəkli komanda-qərargah təliminin keçirilməsi birgə fəaliyyətin nəticəsidir. Bundan sonra da Uzlaşma Planına uyğun olaraq birgə təlimlər keçirilməli, qarşılıqlı fəaliyyət təmin olunmalıdır.

Qeyd olunmuşdur ki, muxtar respublikadakı ordu, birləşmə və hissələr hər il müasir silah və texnikalarla təmin olunur. Bu da mütəxəssis hazırlığını zəruri edir. Ona görə də muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər sırasında kadr hazırlığına  xüsusi diqqət yetirilir. Hazırda Əlahiddə Ümumqoşun Orduda zabit, gizir və müddətdən artıq hərbi qulluqçular hazırlanır. Nəticədə, mürəkkəb reaktiv qurğuları və digər döyüş texnikalarını idarə edən şəxsi heyət formalaşmışdır. Təlim-Tədris Mərkəzində yaradılan şərait bu sahədə işlərin uğurla həyata keçirilməsinə imkan verir.

Ali Məclisin Sədri “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinin Uzlaşma Planı” üzrə tapşırıqların uğurla yerinə yetirildiyinə görə Naxçıvan Hərbi Qarnizonu qoşunlarının şəxsi heyətinə təşəkkür etmişdir.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinin Uzlaşma Planı”nın xidmətin uğurlu həyata keçirilməsinə və birgə fəaliyyətin təşkilinə mühüm töhfə verdiyini bildirmiş, yaradılan şəraitə görə Ali Məclisin Sədrinə şəxsi heyət adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti