Naxçıvanda müşavirə keçirilib

 

 

 

 

 

 

 

 

 

 

Aprelin 15-də “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir: Ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında innovasiyalar uğurla tətbiq olunur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikanın bütün ərazisi fiber-optik xətlə, stasionar və mobil rabitə xidməti, eləcə də sürətli internetlə təmin edilmişdir. Bu gün muxtar respublikanın ən ucqar kəndində yaşayan insanlar da dünyada və ölkəmizdə gedən prosesləri izləyir, fikir və münasibətlərini bildirirlər. Təhsil müəssisələrinin yeni texnologiyalar və internetlə təminatı isə gənclərin hazırlıq səviyyəsini və innovasiyalara çıxış imkanlarını xeyli yüksəltmişdir. Ötən illərdə muxtar respublikada innovasiyaların tətbiqi sahəsində yaradılan şərait imkan verir ki, gənclərin ideyaları dəstəklənsin və startap layihələri uğurla həyata keçirilsin. Muxtar respublikada ailə təsərrüfatlarının inkişafı, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması, müxtəlif festivalların keçirilməsi və digər tədbirlər uğurlu startap layihələrindəndir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək demişdir ki, muxtar respublikada innovativ inkişafa dayanan təhsil siyasəti həyata keçirilir. Təhsilin inkişafına dair yeni fərman və sərəncamlar imzalanır, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı elmin nəzəriyyə və təcrübə ilə inteqrasiyasına, təhsilə fərqli yanaşma mexanizminin formalaşmasına, qarşılıqlı və çoxşaxəli fəaliyyət planlarının hazırlanmasına və ən əsası dövlət kadr siyasətinin inkişafına səbəb olmuşdur. Bu Sərəncam səriştəyə əsaslanan insan resurslarını müasirləşdirmək, səmərəli əməkdaşlıq mexanizmi yaratmaq, müasir infrastruktur qurmaq, dünya təhsil standartlarına uyğun təhsil modeli formalaşdırmağa şərait yaratmışdır. Ötən dövrdə təhsil sahəsində hamiliklə bağlı kompleks tədbirlər, seminar və konfranslar, təcrübələr həyata keçirilmiş, təhsil yarmarkalarında pedaqoji profilli ixtisasların məzunlarının işlə təminatına tələbat artmışdır.

Surə Seyid muxtar respublikanın mədəniyyət, gənclərlə iş,  səhiyyə, sosial siyasət, iqtisadi inkişaf, ekologiya, yeni texnologiyalar, memarlıq və mühəndislik, nəqliyyat, beynəlxalq əlaqələr, kütləvi informasiya vasitələri və ordu quruculuğu sahələrində hamiliklə bağlı görülən işlərdən geniş bəhs etmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 3 aprel 2019-cu il tarixli Sərəncamını kadr hazırlığı sistemində akademik hazırlığın təcrübə ilə əlaqəsinin vəhdətinə və yetişən kadrların gələcək karyera imkanlarına ən etibarlı təminat olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Sərəncam yeni dövrün tələbi olan startap anlayışının əhatə etdiyi bütün sahələrdə innovasiyanı və dayanıqlı inkişafı əsas götürür.

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov demişdir ki, muxtar respublikada əhalinin bütün təbəqələri  müasir rəqəmsal xidmətlərdən istifadə imkanı əldə ediblər. Hazırda muxtar respublikanın  telekommunikasiya əlaqələrini təmin edən 1600 kilometrdən artıq  optik kabel xətləri mövcuddur. Fiber-optik kabel xətləri üzərində qurulan iri tutumlu telekommunikasiya şəbəkələri elektron xidmətlərin inkişaf etdirilməsinə, o cümlədən elektron hökumət, bank, maliyyə, vergi, təhsil, səhiyyə və digər sahələr üzrə elektron xidmətlərin inkişafına təkan vermişdir. Naxçıvanın beynəlxalq trans avroasiya fiber-optik magistrallarına 2, qlobal internet sisteminə 4 tərəfli çıxışı vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanına əsasən “Elektron hökumət” portalı yaradılmışdır. “Bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən 33 dövlət təşkilatı  tərəfindən hazırda 291 elektron xidmət istifadəçilərə təqdim olunur. Bundan əlavə, 150-yə yaxın  dövlət və ictimai təşkilata elektron poçt ünvanları və domen adları verilmiş, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmişdir. Hazırda muxtar respublika üzrə 236  elm və təhsil müəssisəsi, 17  muzey İnteraktiv Təhsil Sisteminə qoşulmuşdur. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yaradılan Distant Təhsil Mərkəzində fiziki məhdud imkanlı uşaqların sayı 24, audiokitabxanadan  mütəmadi istifadə edənlərin sayı isə 375 nəfərdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli  “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına əsasən qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar Rabitə və Yeni Texnologiyalar Nazirliyi səylərini daha da artırmışdır. Çin Xalq Respublikasının Huawei şirkəti ilə 5 illik razılaşmaya uyğun olaraq  2016-cı ildən başlayaraq  tələblərin şirkətin Şenjen şəhərindəki təlim mərkəzində 2 həftəlik təcrübə keçmələri təmin edilir. Həmçinin “Naxçıvan” Universitetində şirkət tərəfindən yaradılan “İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi” fəaliyyət göstərir. Naxçıvan Dövlət Texniki Kollecində  isə nazirlik tərəfindən 5 fənn  kabinəsi yaradılmışdır. Ötən  ilin oktyabr ayında Naxçıvan Dövlət Universitetində “İdeyadan Biznesə” ümumrespublika  startap müsabiqəsi təşkil edilmiş, universitetin “Nuhland” komandası ölkə üzrə milli seçimdə 3-cü yerə layiq görülmüşdür. Bu ilin mart ayında isə “Azərbaycanın startapı” Milli turuna hazırlıq məqsədilə “İdeyadan Biznesə” startap layihəsinin Naxçıvan turunun təşkil edilməsi ilə bağlı “Tədbirlər Planı” hazırlanmışdır.

Müşavirədə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev aidiyyəti üzrə məlumat vermişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: Naxçıvan Muxtar Respublikasında son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksəkixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi təhsilin beynəlxalq standartlar səviyyəsinə uyğunlaşmasına təkan verir. “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə 3 ali, 3 orta ixtisas təhsili müəssisəsini əhatə edən 98 ixtisas və 1 lisey 31 təşkilata hamiliyə verilmişdir. Bu Sərəncamla hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqə genişlənmiş, qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının yaradılmasına, təhsilverənlə işəgötürən arasında tələblərin formalaşmasına xidmət etmişdir.

Ali Məclisin Sədri demişdir: Bu gün Naxçıvan Dövlət Universitetində 60 ixtisas üzrə bakalavr, 42 ixtisas üzrə magistr, 15 ixtisas üzrə rezident, 11 ixtisas üzrə əlavə təhsil, Naxçıvan Müəllimlər İnstitutunda 8 ixtisas üzrə bakalavr, 3 ixtisas üzrə magistr, “Naxçıvan” Universitetində 15 ixtisas üzrə bakalavr, 6 ixtisas üzrə magistr, Naxçıvan Tibb Kollecində 8, Naxçıvan Dövlət Texniki Kollecində 8, Naxçıvan Musiqi Kollecində 10, peşə liseyi və məktəblərində isə, ümumilikdə, 22 ixtisas üzrə kadr hazırlanır. Kadr hazırlığı aparılan ixtisaslar muxtar respublikanın tələbatına tam uyğunlaşdırılmışdır. Hər il muxtar respublikada ali və orta ixtisas təhsili müəssisələrini 2200-dən artıq məzun bitirir. Peşə liseyi və məktəblərində isə hər il 3 mindən çox gənc müxtəlif peşələrə yiyələnir. Daim yeniləşən və təhsilin inkişafını tələb edən informasiyalı cəmiyyət kadr hazırlığı işinin yeni müstəvidə hazırlanmasını tələb edir. Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamı kadr hazırlığına müasir yanaşma və vətəndaşın cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin edir. Yeni Sərəncamla 3 ali və 3 orta ixtisas təhsili müəssisəsini əhatə edən 109 ixtisas və 1 lisey müvafiq 36 təşkilata hamiliyə verilmişdir. Əlavə olaraq “İdeyadan başlanğıca” devizi ilə hami təşkilatlarla hamiliyə verilən təhsil müəssisələri arasında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin – startapların həyata keçirilməsi nəzərdə tutulub.

Ali Məclisin Sədri aid təşkilatlara tapşırıqlar verərək demişdir: Müasir dövrdə təhsil cəmiyyətin inkişafını təmin edən aparıcı istiqamət kimi davamlı olaraq yeniləşmə, ən son texnologiyalardan istifadə yolu ilə mütərəqqi ideyaların, bilik və bacarıqların tətbiqi xarakterini alır. Müasir əmək bazarında praktik bilik və bacarıqlara yiyələnmiş kadrlara tələbat artır. Buna görə də hami təşkilatlar ali və orta ixtisas təhsili müəssisələri ilə birlikdə kadr hazırlığına diqqəti artırmalı, qarşılıqlı əməkdaşlıq imkanlarından daha səmərəli istifadə etməli, kadrların ixtisas üzrə təcrübi bilik və bacarıqlarının artırılmasına nail olmalıdırlar. Bu səbəbdən hami təşkilatlar və hamiliyə verilən qurumlar arasında görüşlər intensiv xarakter daşımalıdır. Hami təşkilatlarla hamiliyə verilən ixtisaslar arasında əməkdaşlıq yeni ideya mübadiləsinə və innovasiyaların yaranmasına gətirib çıxara bilər. Bu zərurətdən yaranan “Startap Naxçıvan” hərəkatının əsas məqsədi muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır.

Ali və orta ixtisas təhsili müəssisələrinə tapşırılır ki,  hamiliyə verilən təşkilatlarla birgə tələbələrin startapla bağlı biliklərinin formalaşması, layihələrin hazırlanması, biznes planların qurulması və təqdimatı ilə bağlı maarifləndirici təlimlərin keçirilməsini təmin etsinlər. Hamiliyə verilən təhsil müəssisələri tələbələrin innovasiya mühitinin formalaşması və innovativ təkliflərinin həyata keçirilməsi üçün ictimai əsaslarla işləyən İnnovasiya Laboratoriyalarını (InnoLab) yaratsın. Laboratoriyalar tələbələrin layihələrinin hazırlanması üçün informasiya texnoloji təminat mühitini və internetdən istifadəni tam təmin etsin. Hami təşkilatlar hami ixtisasların tələbələrinin layihələrinin qəbulunu həyata keçirsin, ictimai əsaslarla yaradılan qurumlarda ekspert şurasının köməyi ilə dəyərləndirsin, müxtəlif müsabiqələr təşkil etməklə onları qiymətləndirsin. Layihələr humanitar, ictimai-siyasi, texniki, ictimai, tibb və sairə sahələr üzrə hazırlanmalı, bir və ya bir neçə nəfərdən ibarət olan komanda tərəfindən təqdim olunmalıdır. Layihələr həm qlobal, həm də yerli şəraitdə istifadə oluna biləcək sahələrə həsr edilməlidir.

Qeyd olunmuşdur ki, təqdim edilən layihələrin son məqsədi real biznesin qurulmasına, xidmətlərin, sosial servislərin təqdim edilməsinə yönəlməli və effektiv innovasiyalar üzərində qurulmalıdır. Elmi inkişafa xidmət edən layihələr daha çox informasiya texnologiyalarının nailiyyətlərini özündə əks etdirməli, ölkədə yeni əmək bazarının və təhsil iqtisadiyyatının formalaşmasına xidmət etməlidir. Ali və orta ixtisas təhsili müəssisələri hamiliyə verilən təşkilatlarla birlikdə “Startap Naxçıvan” hərəkatı çərçivəsində startapçılar üçün yerli və beynəlxalq səviyyəli təlimlər təşkil etməlidir.

Naxçıvan Dövlət Universitetində təlimlərin keçirilməsində Distant Təhsil Mərkəzinin imkanlarından istifadə edilməlidir. Hami təşkilatlar uğurlu layihələrin investorlara təqdim edilməsində investor və startapçı münasibətlərin qurulmasında əlaqələndirici qismində iştirak etməlidir. Hami təşkilatlar qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi ilə əlaqədar startap görüşləri və müzakirələrinin təşkil olunmasına, qaliblərə mükafatların təqdim edilməsinə, layihələrin birbaşa maliyyələşməsinə nəzarət və onların investorlara və müxtəlif fondlara təqdiminə köməklik göstərməlidirlər. Layihələr təqdim olunduqdan sonra Startap günləri keçirə, həmçinin respublika və beynəlxaq səviyyəli müsabiqələrə qatıla bilərlər.

Ali Məclisin Sədri demişdir: Hami təşkilatlar və hamiliyə verilən təhsil müəssisələri yeni formalaşmaqda olan startapçıları, startap komandalarını əmək bazarının spesifik xüsusiyyətləri ilə tanış etməli, startapçılar arasında əlaqələri gücləndirmək məqsədilə hər il “Startap festivalı” keçirməlidir. Rabitə və Yeni Texnologiyalar Nazirliyi aid təşkilatların təklifləri əsasında layihələrə, o cümlədən startap fəaliyyətinə nəzarət mexanizmini asanlaşdıran internet portalının yaradılmasını təmin etməlidir. Təhsil Nazirliyi ali məktəblərin professor və müəllim heyətləri ilə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsinə diqqəti artırmalı, Mədəniyyət Nazirliyi açıq dərslərin, ustad dərslərinin, dəyirmi masa və müzakirələrin keçirilməsini diqqətdə saxlamalı, tələbələrin mütaliəsinin, tarix və mədəniyyətimizə dair biliklərinin zənginləşməsi üçün müvafiq ixtisasların buklet, kitab və broşürlarla təmin olunmasına köməklik göstərməlidir. Gənclər və İdman Nazirliyi Əlahiddə Ümumqoşun Ordu ilə birgə gənclərin hərbi-vətənpərvərlik işini diqqətdə saxlamalı, Gənclər Fondu ilə birlikdə maarifləndirici tədbirlərin keçirilməsini təmin etməlidir. Gənclər ideya və bacarıqlarına uyğun istiqamətləndirilməli,  onların ideyaları sosial şəbəkələr vasitəsilə yayılmalı, fərqlənən gənclər mükafatlandırılmalıdır.

Tapşırılmışdır ki, Səhiyyə Nazirliyi hami ixtisaslarla birgə elmi konfransların təşkilinə diqqəti artırsın, Tibb fakültəsi müəllimlərinin nəşr etdikləri dərs vəsaiti və dərsliklərin səhiyyə müəssisələrində müzakirələrini keçirsinlər. “Auditoriyadan xəstəxanaya” devizi altında xəstəxanalardan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin və Tibb kollecinin tələbələrinə cərrahiyyə prosesinin onlayn yayımını təşkil etsinlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı işinə nəzarəti artırsın, sosial layihələrin həyata keçirilməsini davam etdirsin. Turizm Departamenti muxtar respublikanın turizm potensialının internet üzərindən tanıdılması və təbliğində tələbələrin iştirakını, onların yaradıcı baxışından səmərəli istifadəni təmin etsin.

Müşavirədə Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinə tapşırılmışdır ki, “Naxçıvan Muxtar Respublikasında startapın inkişaf perspektivləri” adlı respublika konfransının keçirilməsini təmin etsin. Həmçinin “Kəşf et, öyrən, yarat!” devizi altında startap günlərinin keçirilməsi təmin edilsin. Startap fəaliyyətinə nəzarət mexanizmini asanlaşdıran internet portalının yaradılması və fəaliyyətinə nəzarət, startapla bağlı məlumatlandırıcı buklet, broşür və kitabçaları hazırlasın.

Ali Məclisin Sədri qarşıda duran vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulamışdır.

Sonda “Startap layihələri və innovativ inkişaf” filminə baxış olmuşdur.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti