Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

Ölkə Prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində demişdir: “Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq”.

Hər il Naxçıvan Muxtar Respublikasında Novruz bayramının quruculuq, əmin-amanlıq və sabitlik şəraitində qeyd olunması ümummilli liderimiz Heydər Əliyev siyasi xəttinin bəhrəsidir.

Martın 19-da “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyində iştirak etmişdir.

Milli geyimli qız Ali Məclisin Sədrinə səməni təqdim etmişdir.

El ağsaqqalı Dədə Qorqud Novruzun gəlişi münasibətilə xeyir-dua verərək demişdir: “Bu gün Oğuz yurduna Novruz gəlir. El-obaya yeni il qədəm qoyur. Ötən il də böyük əməllərlə yadda qaldı. Naxçıvanımız İslam mədəniyyətinin və Azərbaycan gənclərinin paytaxtı kimi möhtəşəm tarix yazdı; qədim Oğuz igidləri yurdumuzun bir parçası olan Günnütdə bayrağımızı yenidən dalğalandırdılar. Qorqud babanız deyir ki, uğurunuz davamlı olsun! Vuran əlləriniz var olsun! Adət-ənənələrimizi özündə yaşadan Novruz bayramını elimiz-obamız neçə illərdir ki, əmin-amanlıq içində qarşılayır. Düşərli olsun! Ey bayram libaslı Naxçıvanım! Qazanılan uğurların dillər əzbəridir. Hünərvər oğul və qızların abad olmuş ulus-oymaqda toy-büsat qurur, bugünkü xoş növrağınla fəxr edirlər. Qorqud atanız deyir ki, bu uğurların bir səbəbkarı, bir yaradanı var. Ömrü uzun olsun! Yaradan qollarınız var olsun! Siz xalqı yaşadırsınız, xalq da Sizi yaşadacaqdır!”

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Novruz bayramı və ilin axır çərşənbəsi olan Od çərşənbəsi münasibətilə muxtar respublika əhalisini, şəhid ailələrini, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrinin şəxsi heyətlərini təbrik etmiş, xoş bayram ovqatı arzulamışdır.

Ali Məclisin Sədri demişdir: Novruz bayramı göstərir ki, Azərbaycan xalqı nə qədər böyük tarixə və zəngin mənəvi irsə sahibdir. Ulu öndərimiz Heydər Əliyev xalqımızın tarixi yaddaşının, Novruz ənənələrinin yaşadılması qayğısına qalaraq demişdir: “Novruz bayramının müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Bu gün  ulu öndərimizin milli dəyərlərimizin yaşadılması ilə bağlı müəyyənləşdirdiyi yol uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müstəqil Azərbaycan və onunla birlikdə milli-mənəvi dəyərlərimiz də dünyada tanınır və qəbul edilir. Xalqımızın milli dəyərləri içərisində Novruz bayramı mühüm yer tutur. Bu bayramın  ən böyük üstünlüklərindən biri xalqımızın quruculuq əzmini yaşatmasıdır. Hər il olduğu kimi, bu il də Novruz bayramı ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında əmin-amanlıq və iqtisadi yüksəliş şəraitində qeyd olunur. Ötən il muxtar respublikada həyata keçirilən tədbirlər dayanıqlı inkişafı təmin etmiş, bütün makroiqtisadi göstəricilər üzrə artım əldə edilmişdir. Bu gün qeyd etmək xoşdur ki, sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlar əhali gəlirlərinin artmasına, məskunlaşmaya və demoqrafik vəziyyətə də öz təsirini göstərmiş, muxtar respublika əhalisinin sayı əvvəlki illərlə müqayisədə artaraq 456 min nəfərdən çox olmuşdur.

“Şübhəsiz ki, insan əməyi, zəhməti olmadan bu inkişaf mümkün deyil”, – deyən Ali Məclisin Sədri muxtar respublikamızın inkişafına öz töhfəsini verənlərin hamısına təşəkkürünü bildirmişdir.

Ali Məclisin Sədri demişdir: “Builki Novruz bayramını Naxçıvanın muxtariyyət qazanmasının 95 illiyi və muxtar respublikada elan olunmuş “Ailə təsərrüfatları ili”ndə qeyd edirik. Əminik ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət və bu yolun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi ölkəmizi və onun Naxçıvan Muxtar Respublikasını daha böyük tərəqqiyə qovuşduracaq, dövlət müstəqilliyimiz və sabitlik daha da möhkəmlənəcəkdir”.

Ali Məclisin Sədri bir daha tədbir iştirakçılarının Novruz bayramını təbrik etmiş və bayram tonqalını yandırmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada xalq yaradıcılığının öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması istiqamətində mühüm işlər görülmüşdür. Novruz bayramında “Xalq yaradıcılığı günləri”nin keçirilməsi də mühüm əhəmiyyətə malikdir. Builki Novruz bayramında da musiqi kollektivlərinin və xalq sənətkarlarının iştirakı, Novruz adətlərimizin və milli dəyərlərimizin nümayişi böyük marağa səbəb olmuşdur.

Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyası kollektivlərinin ifasında “Naxçıvan” rəqsi təqdim olunmuşdur.

Xalqımızın qədim rəqs və musiqi mədəniyyəti ilə sıx bağlı olan qədim musiqi alətlərimizin təbliği və tanıdılması vacib məsələdir. Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblının formalaşması və fəaliyyəti bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Şənlikdə ansamblın və muğam studiyasının ifasında xalq mahnılarımız səslənmişdir.

Naxçıvan şəhər sakinləri Bəyməmməd Ağaməmmədov və Gülsüm Novruzova Ali Məclisin Sədri ilə görüşərək bayram təbriklərini çatdırmışlar.

Azərbaycan aşıq sənəti xalq yaradıcılığının mühüm tərkib hissələrindən sayılır. Dastanlarımızdan, xalq deyimlərindən də məlum olduğu kimi, əcdadlarımızın bir əlində qılınc olanda, bir əlində də saz olub. Bu gün də xalqımızın milli dəyərlərinin, vətənpərvərlik duyğularının, torpaq, yurd sevgisinin yüksək poetik tərənnümü olan aşıq sənətinə muxtar respublikada xüsusi qayğı ilə yanaşılır. Keçirilən el şənliklərində saz havalarına geniş yer verilməsi bu diqqət və qayğının təzahürüdür. Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin üzvlərinin ifa etdikləri “Naxçıvani” aşıq havası tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.

Musiqi kollektivlərinin ifasında təqdim olunan “Doğma yurdum Naxçıvanım” mahnısı və “Qarabağ” yallısı alqışlarla qarşılanmışdır.

Tulum, zurna, balaban kimi qədim çalğı alətlərimiz musiqi mədəniyyətimizlə yanaşı, həm də dəyərlərimiz və adət-ənənələrimizlə sıx bağlıdır. “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarında, eləcə də şair və yazıçılarımızın əsərlərində adları çəkilən qədim musiqi alətlərinin hər biri özünəməxsusluğu ilə fərqlənir. Bu gün muxtar respublikada bu alətlərinin bərpası diqqət mərkəzində saxlanılır, musiqi məktəblərində tədris olunur. Tədbirdə tulum, zurna, balaban və nağaradan ibarət “Tulum” kvartetinin ifası olmuşdur.

Muxtar respublikanın beynəlxalq titullu şahmatçıları Ali Məclisin Sədrini bayramlar münasibətilə təbrik etmiş, xatirə şəkli çəkdirmişlər.

Culfa rayon Bənəniyar kənd sakini Həsənalı Əsgərov demişdir: Ölkəmizin hər yerində – şəhərlərdə, kəndlərdə bayramlar yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Sabitlik şəraitində yaşamaq, işləmək ən böyük xoşbəxtlikdir. Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanı dünyada tanıdır, ölkəmiz inkişaf edir.  Azərbaycanın bir hissəsi olan doğma Naxçıvanımız da inkişaf edir, müasirləşir. Azərbaycan dünyanın, Naxçıvan isə Azərbaycanın parlayan günəşidir.

Azyaşlı Vüqar Əmiraslanov Ali Məclisin Sədrinə təbriklərini, xoş arzu və diləklərini çatdırmışdır.

Teatr sənəti hər bir xalqın mədəni inkişafının göstəricisidir. Naxçıvanda teatr sənətinin tarixi qədim dövrlərə gedib çıxır. Xalq oyunları, meydan və qaravəlli, xüsusilə “Novruz” tamaşaları, bayram məzhəkələri teatr sənətinin ilk nümunələri olmaqla yanaşı, həm də xalqımızın yaradıcılıq təxəyyülünün imkanlarını və folklorumuzun zənginliyini göstərir. Bu gün muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının təqdim etdiyi “Novruz kompozisiyası” kollektivin peşəkarlığını göstərmişdir.

Naxçıvan Dövlət Universitetində təhsil alan xarici tələbələr milli dəyərlərimiz, adət-ənənələrimizlə tanış olur, milli musiqilərimiz və rəqslərimizi öyrənirlər. Universitetin yerli və xarici tələbələrindən ibarət rəqs qrupunun təqdim etdiyi “Xələfi” yallısı bunu bir daha təsdiq etdi.

Naxçıvan Musiqi Kollecinin “Sazçalanlar” ansamblı “Ovşarı” aşıq havası üstündə bayram təbriklərini çatdırmışdır.

Xalqımızın həyat tərzini və məişətini özündə əks etdirən folklorumuz çoxəsrlik tarixə malikdir. Həyat və məişətimizdə elə bir əhəmiyyətli hadisə olmamışdır ki, o, şifahi yaradıcılıqda öz əksini tapmasın. Bu səbəbdəndir ki, müxtəlif ayin, mərasim və əmək proseslərinin nəticəsi olaraq meydana gələn folklorumuz həm də milli kimliyimizin ifadəsidir. Baharın gəlişini təmtəraqla bayram edən əcdadlarımız Novruzla bağlı zəngin folklor nümunələri yaradıblar. Bu nümumələr bu gün də gənc nəslə öyrədilir, tədris və təbliğ edilir. Tədbirdə Naxçıvan Qızlar Liseyinin şagirdləri bayatılar, tapmacalar və inanclardan ibarət kompozisiya, eləcə də toxuculuq nümunələri nümayiş etdirmişlər.

Naxçıvan Dövlət Universitetinin tələbələri – Sima Bayramova, Nərmin Abuzərova, Aytən Allahverdiyeva, Səbinə Babayeva, Təbrizə Bayramova, Ellada Bayramova və Aysu Nağısoy Ali Məclisin Sədri ilə görüşmüşlər. Tələbələr muxtar respublikada ali təhsil almaq üçün yaradılan şəraitə, gənc nəslin dəyərlərimizə, adət-ənənələrimizə sədaqət ruhunda böyüdülməsi sahəsində görülən işlərə görə minnətdarlıq etmişlər. Ali Məclisin Sədri tələbələrlə xatirə şəkli çəkdirmişdir.

Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin mühüm bir qolunu da muğam sənəti təşkil edir. Xalq yaradıcılığı günlərində zəngin folklor nümunələri ilə yanaşı, muğamlarımız da gənc nəslə aşılanır. Muğam sənətinin öyrənilməsi, təbliği və tədrisi sahəsində mühüm işlər həyata keçirilir, gənc muğam ifaçıları yetişdirilir. Naxçıvan Musiqi Kollecinin muğam üçlüyünün ifası tədbir iştirakçılarının alqışları ilə müşayiət olunmuşdur.

Naxçıvan şəhər sakini Gövhər Bağırova demişdir: Bayramlar firavanlıqdır, sevincdir, xoş niyyətdir. Biz – muxtar respublika sakinləri xoşbəxtik. Çünki firavanlıq şəraitində yaşayır, bayramları əmin-amanlıq şəraitində, xoş niyyətlərlə qeyd edirik.

Naxçıvan yallıları bu qədim diyarın tarixi, etnoqrafiyası, mərasimləri, mifoloji inancları, adət-ənənələri, ifaçılıq mədəniyyəti ilə sıx bağlı şəkildə inkişaf edib. Gəmiqayada daş üzərində həkk olunan kütləvi rəqs elementləri yallı sənətinin çox qədim tarixə malik olduğundan xəbər verir. Naxçıvan yallılarını “Naxçıvanın tacı” adlandıran ulu öndərimiz Heydər Əliyev deyirdi: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallı Azərbaycan xalqının qəhrəmanlıq, mərdlik rəmzidir, tarixidir. Bu tarixi heç vaxt unutmaq olmaz. Naxçıvan torpağında bu tarix yaşayır, inkişaf edir və örnək olaraq gələcək nəsillərə qalır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə Naxçıvanda yallı sənətinin inkişafı sahəsində kompleks tədbirlər görülmüş, yallılar ilk dəfə nota köçürülmüş, onun əsasında “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunmuşdur. Bu sahədə görülən işlərin davamı olaraq Ali Məclis Sədrinin tapşırığına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparmışlar. Görülən işlərin davamı yallı sənətinin UNESCO səviyyəsində qorunması ilə bağlı tədbirlər görülmüş, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir. Tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının təqdim etdiyi “Köçəri” yallısı, Musiqi Kollecinin və Naxçıvan Dövlət Filarmoniyasının yallı qruplarının çıxışları birlik və bərabərliyimizin ifadəsinə çevrilmişdir.

Bayram tədbirində Naxçıvan Musiqi Kollecinin “Naxçıvanqala” ritm qrupu da maraqlı kompozisiya ilə iştirak etmişdir.

Məktəbli Dərya Qənbərova Novruz bayramına həsr olunmuş şeir söyləmişdir.

Minlərlə şəhər sakininin və turistin iştirak etdiyi tədbirdə muxtar respublikada fəaliyyət göstərən istehsal və xidmət müəssisələri tərəfindən ictimai iaşə xidməti göstərilmişdir. Ailə əməyinə üstünlük vermək, təsərrüfat işlərinə başlamaq, məhsul istehsal etmək də Novruz bayramının mahiyyətində duran əsas amillərdəndir. Bayram tədbirinə ailə təsərrüfatları tərəfindən çıxarılan məhsullar, xüsusilə paketlənmiş milli şirniyyat və mətbəx nümunələri böyük marağa səbəb olmuşdur.

Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də Novruz bayramı münasibətilə şənliklər keçirilmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti