Şərur şəhər avtomobil yolları yenidən qurulacaq, Mədəniyyət Sarayı üçün yeni bina və müasir yaşayış kompleksi inşa olunacaqdır

    

    

 

 

 

 

 

 

 

 

Muxtar respublikada aparılan quruculuq işləri Şərur şəhərini müasir görkəmə qovuşdurmuşdur. Şəhərdə yeni inzibati binaların, sosial obyektlərin eləcə də yaşayış binalarının istifadəyə verilməsi, müasir içməli su sistemlərinin və kanalizasiya sistemlərinin qurulması əhalinin rahat yaşayışına xidmət edir. Quruculuq tədbirləri 2019-cu ildə də davam etdiriləcək. Şərur şəhərinin avtomobil yolları yenidən qurulacaq, rayon Mədəniyyət Sarayı üçün yeni bina və müasir yaşayış kompleksi inşa olunacaqdır.

Martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhər avtomobil yollarının yenidən qurulması, Mədəniyyət Sarayanın və yaşayış kompleksinin layihələrinə baxmışdır.

Məlumat verilmişdir ki, Naxçıvan-Sədərək magistralından Şərur şəhərinə qədər olan, eləcə də şəhərdaxili avtomobil yolu yenidən qurulacaqdır. Hazırda tikinti işlərinə başlanılıb, 11 kilometrlik yolun yatağı genişləndirilir, torpaq işləri görülür. Şəhərin Heydər Əliyev prospekti və əlavə 6 küçəsində tikinti işləri aparılarkən mühəndis-texniki tələblərə, avtomobillərin və piyadaların şəhər daxilində rahat hərəkətinin təmin olunmasına diqqət yetirilir. Yola keyfiyyətli asfalt örtük veriləcək, müasir işıqlandırma sistemləri qurulacaqdır.

Yeni inşa olunacaq Şərur Rayon Mədəniyyət Sarayında zal və iş otaqları yaradılacaq, saray işçilərinin, Şərur Xalq Yallı Ansamblının və digər mədəniyyət kollektivlərinin fəaliyyəti təmin olunacaqdır. Yaşayış kompleksi isə hər biri altı mərtəbəli olmaqla, üç binadan ibarət olacaqdır. Binalarda hər birində 40 mənzil olacaqdır.

Ali Məclisin Sədri avtomobil yolunun yenidən qurulması və tikinti işlərinin keyfiyyətlə aparılması barədə müvafiq tapşırıqlar vermişdir.

 

Zeyvə və Düdəngə kəndlərində içməli su sistemləri qurulacaqdır

 

Muxtar respublikanın kəndlərində aparılan kompleks abadlıq-quruculuq işləri çərçivəsində əhalinin içməli suya olan tələbatının ödənilməsinə xüsusi diqqət yetirilir. Kəndlərdə yeni sosial obyektlərin istifadəyə verilməsi ilə yanaşı, həm də müasir içməli su sistemləri qurulur, sakinlər 24 saat davamlı və keyfiyyətli su ilə təmin olunurlar. Bu sahədə görülən tədbirlərin tərkib hissəsi olaraq Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində də yeni içməli su sistemləri qurulacaq, rayonda sutəmizləyici qurğular kompleksi inşa olunacaqdır.

Martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur rayonuna gəlmiş, Zeyvə və Düdəngə kəndlərində həyata keçiriləcək içməli su təchizatı sisteminin layihəsinə baxmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, su Şərur şəhərinə gələn ana xətdən götürülərək paylayıcı şəbəkəyə veriləcəkdir. Layihəyə uyğun olaraq ərazidə diametri 63 millimetrdən 355 millimetrə qədər olan plastik borularla 46 kilometr içməli su xətti çəkiləcəkdir. Həmçinin 1021 ev su şəbəkəsinə qoşularaq sayğac quraşdırılacaqdır. Su şəbəkəsi üzərində  10 yanğın hidrantı tikiləcəkdir. Həmçinin qəza zamanı məhəllə xətlərinin bağlanması üçün müxtəlif diametrli 142 siyirtmə, 6 suboşaldıcı quraşdırılacaqdır.

Zeyvə və Düdəngə kəndlərinin 6700 sakini fasiləsiz olaraq Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunacaqdır.

Şərur sutəmizləyici qurğular kompleksində su ozonla dezinfeksiya olunaraq sutəmizləyici qurğuda təmizlənəcək və su anbarlarına yığılacaqdır. Sutəmizləyici qurğu əhalini və sənaye sahələrini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcəkdir. Qurğu gün ərzində18 min 200 kubmetr sutəmizləmə gücünə malik olacaqdır. Qurğuda hər birinin su təmizləmə gücü saniyədə 42 litr olan 5 dəst avadanlıq quraşdırılacaqdır. Gələcəkdə suya ehtiyac artarsa bu zaman qurğuda əlavə olaraq iki dəst avadanlıq quraşdırmaq üçün ehtiyat yer nəzərdə tutulmuşdur. Hazırda hər birinin tutumu 10 min kubmetr olan iki ədəd və tutumu  7500 kubmetr  olan bir ədəd su anbarı tikilmişdir.

Rayonda su anbarlarının səviyyəsi, giriş və çıxış siyirtmələrinin açılıb bağlanması, suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlığına idarəetmə otağında quraşdırılmış kompüterlə nəzarət olunacaq və iş prosesi avtomatik idarə ediləcəkdir.

Ali Məclisin Sədri layihə üzrə tikinti işlərinin keyfiyyətlə aparılması barədə tapşırıqlar vermişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti