Naxçıvanda sahibkarlarla görüş olmuşdur

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Ölkəmizdə yaradılan əlverişli biznes mühiti və özəl sektora göstərilən diqqət sahibkarlığın inkişafı üçün geniş imkanlar açıb. Ölkə Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda demişdir ki, “Sahibkarlıqla bağlı siyasətimiz davam etdiriləcək. Sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir – həm mənəvi dəstək, siyasi dəstək, həm də maddi dəstək. Azərbaycan nadir ölkələrdəndir ki, öz sahibkarına bu qədər diqqət göstərir”.

Ali Məclisin Sədri demişdir: Naxçıvan Muxtar Respublikasında sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 88 faizi ötmüşdür. Hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Bu gün muxtar respublikada istər sənayenin, istərsə də kənd təsərrüfatının inkişafı sahibkarlıq fəaliyyəti üçün yaradılan şərait nəticəsində mümkün olmuşdur. Bir faktı qeyd etmək yerinə düşər ki, hazırda muxtar respublikada məşğul əhalinin 83 faizə yaxını özəl sektorda çalışır. Sənaye sahəsində məhsul istehsalının 94 faizi, tikintidə görülən işlərin və nəqliyyat xidmətinin 78 faizi, rabitə xidmətinin 82 faizi, kənd təsərrüfatı, ticarət və ictimai-iaşə xidmətlərinin isə 100 faizi özəl bölmənin payına düşür ki, bu da çox yüksək göstəricilərdir.

Qeyd olunmuşdur ki, əhalinin ərzaqla təminatında kənd təsərrüfatı mühüm rola malikdir. Odur ki, bu sahə üzrə sahibkarlığın inkişafına hərtərəfli qayğı göstərilir. Aqrar sahədə sahibkarlar torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azaddırlar. Onlara güzəştli şərtlərlə texnika və avadanlıqlar, kreditlər, subsidiyalar, gübrə verilir, mütərəqqi suvarma sistemləri qurulur. Düşünürük ki, sahibkarlığın inkişafının bir yolu da ailə təsərrüfatlarının fəaliyyətini dəstəkləməkdən keçir. Çünki ailə təsərrüfatları həm yerli istehsalın həcminin artmasına və özünüməşğulluğun təmin olunmasına, həm də kiçik və orta sahibkarlığın inkişafına böyük təkan verir. Ona görə də mühüm iqtisadi və sosial əhəmiyyəti nəzərə alınaraq 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmuş, bu sahənin inkişafı ilə bağlı Tədbirlər Planı təsdiq edilmişdir.

Diqqətə çatdırılmışdır ki, müasir dövrdə turizm gəlir gətirən əsas sahələrdəndir. Naxçıvan Muxtar Respublikasının zəngin tarixi, mədəniyyəti və coğrafi şəraiti ilə yanaşı, müasir infrastruktur imkanları da turizm üçün, bu sahədə sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açır. Müasir yaşayış məntəqələri, abad kəndlər, yollar, sürətli internet, keyfiyyətli məhsul istehsalı turizm sektorunda sahibkarların formalaşmasına zəmin yaradıb.

Ali Məclisin Sədri demişdir: Kəndlərimizdə turizmlə məşğul olan ailə təsərrüfatlarının yaranması da böyük məmnunluq doğurur. Muxtar respublikada sahibkarlığın üstün inkişafının bir səbəbi davamlı maliyyə dəstəyinin olması və kreditlər üzrə ən aşağı faiz dərəcələrinin tətbiqidirsə, digər səbəbi ixracın təşviqi sahəsində görülmüş tədbirlərdir. Bu tədbirlər son nəticədə məhsul istehsalının və ixracın həcminin artmasına səbəb olmuşdur. Hazırda Naxçıvan Muxtar Respublikasının dünyanın 60-a yaxın ölkəsi ilə ticarət əlaqələri vardır. Yerli xammala əsaslanan məhsulların ixracı hesabına ardıcıl olaraq 10 ildir ki, muxtar respublikanın xarici ticarətində müsbət dinamika qeydə alınır. Sahibkarlığın inkişafının dəstəklənməsinin və  yaradılan şəraitin nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin ilk sədri olduğu “Caspian European Club”un 2018-ci ildə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası 18 parametr üzrə ən yüksək bal toplayaraq ikinci dəfə lider olmuşdur.

Ali Məclisin Sədri sağlam rəqabət mühiti formalaşdırdığına görə “Caspian European Club”un rəhbərliyinə, eləcə də ölkəmizin və muxtar respublikanın sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasında əməyi olan bütün sahibkarlara təşəkkür etmişdir.

“Sahibkarlığın inkişafında məqsəd ondan ibarətdir ki, daha çox məhsul istehsal olunsun, daha çox yeni iş yerləri açılsın, sahibkarlıq subyektlərinin ixrac imkanları artsın, ailə təsərrüfatları genişlənsin. Bunun üçün muxtar respublikada hər cür imkan və şərait yaradılıb. Qalır təşəbbüs göstərmək, fəaliyyəti genişləndirmək, rəqabətədavamlı məhsul istehsal etmək və ölkəmizin ümumi inkişafına töhfə vermək”, – deyən Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”, –  fikirlərini xatırlatmış, bu yolda sahibkarlara və tədbir iştirakçılarına uğurlar arzulamışdır.

Tədbirdə “Caspian European Club”un 2018-ci il üçün Azərbaycanın iqtisadi regionlarının 18 parametr üzrə hazırlanmış illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ən yüksək ümumi bal toplayaraq ardıcıl ikinci dəfə lider olması ilə bağlı təqdimat keçirilmişdir.

“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club”un 2018-ci ildə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırlanan illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ikinci dəfə lider olması və muxtar respublikanın yaranmasının 95-ci ildönümü münasibətilə təbriklərini çatdırmışdır. Qeyd olunmuşdur ki,  Naxçıvan Muxtar Respublikasının  investisiya reytinqində qalib olması artıq bir ənənəyə çevrilib. Bu da ulu öndər Heydər Əliyevin vətəni Naxçıvan Muxtar Respublikasında yaradılmış sabitliyin, özəl sektorun inkişafına göstərilən qayğının, açılan yeni iş yerlərinin və rəqabətədavamlı məhsul istehsalının nəticəsidir. Ümummilli liderimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrin inkişafı təmin olunmuşdur. Sahibkarlara hərtərəfli qayğı göstərilir. Naxçıvan Muxtar Respublikasında da sahibkarlıq inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı nəticəsində güclü sahibkarlar sinfi formalaşmışdır.

Telman Əliyev Naxçıvan Muxtar Respublikasında investisiya və  biznes mühitinin inkişafına verdiyi xüsusi töhfəyə görə Ali Məclisin Sədrinə “Caspian European Club”un mükafatını təqdim etmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək demişdir ki, son beş ildə muxtar respublikada yeyinti, yüngül, mebel, metallurgiya, kimya, tikinti olmaqla, 84 sənaye təyinatlı müəssisənin istifadəyə verilməsi, 270 heyvandarlıq, 84 ətlik və yumurtalıq istiqamətində quşçuluq, 111 arıçılıq, 74 bağçılıq və 14 balıqçılıq təsərrüfatının yaradılması nəticəsində məşğulluq səviyyəsi yüksəlmiş, ixracın həcmi artmışdır. Kənd təsərrüfatının davamlı və dinamik inkişafı ailə təsərrüfatlarından bir hissəsinin kiçik sahibkarlıq subyektinə çevrilməsinə zəmin yaratmış, 2018-ci ildə 14 ailə təsərrüfatına 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmişdir. Son 5 ildə muxtar respublikada sahibkarlığın inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən 113 milyon 762 min manatdan artıq kredit verilmişdir ki, bunun 40 milyon 497 min manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşmüşdür. İqtisadiyyatın diversifikasiyası və dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərmiş, 2018-ci ildə xarici ticarət dövriyyəsi 483 milyon 432 min Amerika Birləşmiş Ştatları dollarına çatmış, xarici ticarətdə 365 milyon 101 min Amerika Birləşmiş Ştatları dolları həcmində müsbət saldo yaranmışdır. 2014-2018-ci illərdə muxtar respublikada 85 elm və təhsil, 60 səhiyyə, 13 gənclər və idman, 137 mədəniyyət müəssisəsi, 17 sosial qayğıya ehtiyacı olan ailələr üçün ev, 52 kənd və 54 xidmət mərkəzi tikilərək istifadəyə verilmiş, 1108 kilometr su xətti, 699 kilometr kanalizasiya xətti, 318 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş, 24 körpü tikilmiş və ya əsaslı təmir olunmuşdur. Famil Seyidov özəl sektorun inkişafı üçün yaradılan şəraitə görə sahibkarlar adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada peşə təhsilinin inkişafı və ixtisaslı kadr hazırlığı təmin olunmuş, zəruri infrastruktur yaradılmışdır. Muxtar respublikada fəaliyyət göstərən 3 texniki-peşə və sürücülük məktəbi, 1 peşə liseyi və 1 regional peşə tədris mərkəzi üçün binalar tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuş, peşə təhsili müəssisələri 78 kompüter, 33 elektron lövhə, 6 avtotrenajor, 22 emalatxana, maşın və mexanizmlərlə təmin edilmişdir. Hazırda peşə təhsili müəssisələri əmək bazarının, o cümlədən işəgötürənlərin tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığını həyata keçirir. Muxtar respublikada sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni sənaye, tikinti, xidmət və emal sahələrinin, ailə təsərrüfatlarının yaradılması, yaradılan yeni müəssisələrdə müasir maşın və mexanizmlərin tətbiqi əmək bazarında peşə təhsilli kadrlara tələbatı artırmışdır. 2018-ci ildə muxtar respublikada 19 ixtisas üzrə 702-si qadın olmaqla, 3109 nəfər peşə təhsili almışdır. Hazırda peşə təhsili müəssisələrində müxtəlif ixtisaslar üzrə, ümumilikdə, 873 müdavim təhsilini davam etdirir. Bu isə gənclərin müvafiq peşələrə yiyələnərək məşğulluğunun təmin olunmasına, eləcə də müəssisə və təşkilatların, həmçinin özəl sektorun ixtisaslı kadrlarla təminatına öz müsbət təsirini göstərir.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abbasov demişdir ki, muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq 22 əsas şirkəti özündə birləşdirən “Cahan Holdinq” son illər uğurlu layihələrə imza atmış, yeni müəssisələr yaradılmış, 285 yеni iş yеri açılmışdır. Naxçıvan Muxtar Respublikasında gəlirli sahə olan tütünçülüyün inkişafı, tütün emalı sahələrinin yaradılması və xammala olan tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə holdinqin tərkibində yaradılmış Tütün Yetişdirmə Mərkəzinin fəaliyyəti ötən il genişləndirilmiş, əkin sahələri 41 hektara çatdırılaraq 51 ton quru tütün tədarük edilmişdir. Bu tədbirlərin davamı olaraq 2019-cu ildə 22 ailə təsərrüfatı ilə 100 hektar ərazidə tütün əkini üçün müqavilələr bağlanmışdır. Bu məqsədlə cari ildə Cəhri kəndi ərazisində yeni mövsümi tədarük məntəqəsinin yaradılması başa çatdırılacaqdır. 2018-ci ildə torpaq mülkiyyətçilərinin və sahibkarların bu sahəyə marağının artdığını nəzərə alaraq şirkətin “Cahan Tabak Beynəlxalq” müəssisəsində 14 milyon manat dəyərində yeni istehsal xətti quraşdırılmışdır. Holdinqin məhsulları daxili tələbatı ödəməklə yanaşı, Müstəqil Dövlətlər Birliyi ölkələrinə də ixrac olunur. Holdinq Türkiyədə, Rusiyada, İsveçrədə, Birləşmiş Ərəb Əmirliklərində və Çin Xalq Respublikasında öz  filiallarını  açaraq xarici bazarlarda təmsil olunmağa başlamış, Moskva şəhərində və Türkiyənin İqdır şəhərində yeni satış mərkəzləri yaradılmışdır. Bunlarla yanaşı, Bakı, Gəncə, Masallı, Quba, Goranboy və Şəki şəhərlərində  xidmət sahələri açılmışdır. Vüqar Abbasov sahibkarlığın inkişafına göstərdiyi qayğıya görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Tədbirdə çıxış edən “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Kamil Yusifov demişdir ki, 2016-cı ildən fəaliyyət göstərən “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasına 10 milyon manatı Sahibkarlığın İnkişafı Fondundan, 2 milyon manatı “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən olmaqla, ümumilikdə, 12 milyon manat vəsait sərf olunmuşdur. Muxtar respublikanın yaşayış məntəqələrinin 99 faizini əhatə edən dördüncü nəsil mobil rabitə şəbəkəsinin 2018-ci ildə abunəçi sayı 2 dəfə artmışdır. Hazırda Naxtelin qeydiyyatdan keçən abunəçi sayı 65 mini ötüb. Naxçıvan şəhərindəki və rayonlardakı Naxtel Satış və Xidmət Mərkəzləri abunəçilərə keyfiyyətli mobil rabitə xidmətləri təklif edirlər. “Naxçıvanbank”a məxsus POS-terminallar, ATM və vətəndaşların müxtəlif kateqoriyalı ödənişlərini vahid ödəniş platformasından icra etməsi Pay-Point ödəniş terminallarında Naxtelin data şəbəkəsi vasitəsilə həyata keçirilir. Beynəlxalq rominq xidməti artıq 7 ölkədə aktivləşdirilib və digər ölkələrdə də aktivləşdirilməsi üçün işlər test və yoxlama mərhələsindədir. Ümumilikdə, 25 ölkədə beynəlxalq rominq xidmətinin aktivləşdirilməsi planlaşdırılmışdır. Bu il yeni kampaniya, təklif, tarif və paketlər abunəçilərə təqdim ediləcəkdir. Kamil Yusifov göstərilən qayğıya görə minnətdarlıq etmiş, fəaliyyətlərini daha da genişləndirəcəklərini bildirmişdir.

“Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, qadın sahibkar Mehrəngiz Əkbərova demişdir: “Müxtəlif çeşiddə geyimlər istehsal edən “Zümrüd” Kiçik Müəssisəsi göstərilən qayğıdan bəhrələnərək fəaliyyətini genişləndirmiş, bazarın tələbatının böyük bir hissəsinin ödənilməsinə nail olmuşdur. 2018-ci ildə müəssisədə köynək, kişi, qadın, uşaq alt və üst trikotaj geyimləri istehsal edən “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyətini yaratmışıq. İstehsal gücü 8 saatlıq iş rejimində 13 çeşiddə 1000 ədəd geyim olan müəssisə daxili bazarın tələbatını ödəyəcəkdir. İstehsal olunan məhsullar muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində, həmçinin rayon mərkəzlərindəki ticarət obyektlərində və kəndlərdəki xidmət mərkəzlərində satılır. Yeni istehsal sahəsinin yaradılması əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynamış, 45 yeni iş yeri açılmışdır. Fəaliyyətimiz üçün yaradılan şəraitə görə minnətdarlığımızı bildirir və əmin edirik ki, iqtisadiyyatımızın inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində göstərilən diqqət və qayğıya öz əməli işimizlə cavab verəcəyik”.

Babək rayonunun Hacıvar kəndində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı və süd məhsullarının istehsalçısı İlqar Mirzəyev çıxış edərək demişdir: 2019-cu ilin Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatları ili” elan olunması ailə təsərrüfatlarını daha səylə fəaliyyət göstərməyə ruhlandırıb. Yaradılmış şəraitdən lazımınca yararlanaraq biz də öz ailə təsərrüfatımızı qurmuşuq. 2017-ci ildə Babək rayonunun Hacıvar kəndində gündəlik istehsal gücü 500 litr olan süd məhsullarının istehsalı sahəsini yaratmışıq. Təsərrüfatımızda istehsal sahəsi ilə yanaşı, hazır məhsulların saxlanılması üçün soyuducu kamera qurulmuşdur. İlkin mərhələdə təsərrüfatımızda iki çeşiddə qatıq istehsalı həyata keçirilirdisə, artıq burada 36 çeşiddə süd məhsulu istehsal olunur. İstehsal etdiyimiz məhsullar rayon ərazisində, eləcə də Naxçıvan şəhərindəki bir çox ərzaq mağazalarında ailə təsərrüfatı əmtəə nişanı ilə satışa çıxarılır. Təsərrüfatımızda müasir avadanlıqların quraşdırılması yüksəkkeyfiyyətli və rəqabətqabiliyyətli məhsul istehsal etməyə imkan verir. Yeni heyvandarlıq təsərrüfatı da yaratmışıq. Xammala olan tələbat öz təsərrüfatımız hesabına ödənilir ki, bu da istehsal olunan məhsulun maya dəyərini xeyli aşağı salmışdır. Bundan başqa, təsərrüfatımızda südün istehsalı ilə yanaşı, ətraf kəndlərin fermerlərindən də süd tədarük edirik. İqtisadi səmərə əldə etmək məqsədilə quşçuluq təsərrüfatımızı da inkişaf etdiririk. İstehsal olunan sağlam heyvandarlıq məhsullarının isə daimi alıcısı vardır. Təsərrüfatımıza ailə üzvlərimizlə yanaşı, 4 işçi də cəlb etmişik. Artıq ailə təsərrüfatımız kiçik sahibkarlıq subyekti kimi formalaşır. İlqar Mirzəyev muxtar respublikada ailə təsərrüfatlarının inkişafı üçün yaratdığı əlverişli şəraitə görə ailəsi adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 14 sahibkara güzəştli kreditlərin çeklərini təqdim etmişdir. Bu kreditlər ərzaq məhsulunun istehsalına, quşçuluq təsərrüfatının yumurtalıq sahəsinin yenidən qurulmasına, birdəfəlik istifadə üçün kağız stəkan istehsalı, ətlik istiqamətində heyvandarlıq, damazlıq arı təsərrüfatlarının və balın emalı sahələrinin, arıçılıq təsərrüfatlarının genişləndirilməsinə, meyvə-tərəvəz məhsullarının, yabanı növ bitkilərin tədarükü və konservləşdirilməsinə, limon istixana təsərrüfatının, eləcə də soyuducu anbarın yaradılmasına sərf olunacaqdır.

Güzəştli kreditlə təmin olunmuş ailə təsərrüfatı sahibləri – Culfa şəhər sakini, arıçı İlqar Hüseynov və Kəngərli rayonunun Xok kənd sakini, fermer Hüseyn Məmmədov göstərilən qayğıya görə minnətdarlıq etmişlər.

Tədbirdə 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən film nümayiş etdirilmişdir.

Ali Məclisin Sədri Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxmışdır.

Qeyd olunmuşdur ki, sərgi salonunda 94 müəssisənin 196 növdə və 1232 çeşiddə məhsulu, 65 ailə təsərrüfatında istehsal olunan 20 növdə 157 çeşiddə məhsul, 80 sənətkar tərəfindən hazırlanan 1088 əl işi, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur. Naxçıvan Avtomobil Zavodunda 15 modeldə avtomobil istehsal olunur. Hazırda zavodun Naxçıvan şəhərində, Şərur və Culfa rayonlarında ehtiyat hissələrinin satışı mağazaları fəaliyyət göstərir. Ötən il isə Şərur və Culfa rayonlarında texniki xidmət sahələri yaradılıb.

Ali Məclisin Sədri qapalı müəssisələrin təminatının yalnız yerli istehsal hesabına ödənilməsi, muxtar respublikanın ixrac kataloquna müəssisələrin keyfiyyət sertifikatının da əlavə olunması, yerli istehsal hesabına toxuculuq və tikiş müəssisələri üçün xammal bazasının yaradılması, hədiyyəlik qızıl pulların istehsalı, Darıdağ suyundan hazırlanmış duzun tanıdılması, Naxçıvan Avtomobil Zavodu tərəfindən avtomobillərin ehtiyat hissələri təminatının həyata keçirilməsi, kəndlərdəki xidmət mərkəzlərinin yerli ərzaq və sənaye məhsulları ilə təminatının gücləndirilməsi barədə tapşırıqlar vermişdir.

2018-ci ilin muxtar respublika üçün uğurlu olduğunu bildirən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının illik investisiya reytinqində ikinci dəfə lider, eləcə də Dövlət İmtahan Mərkəzinin ötən ilin buraxılış imtahanları ilə bağlı hazırladığı məlumatlarda Naxçıvan Muxtar Respublikasının nəticələrinin ölkə üzrə ümumi statistik göstəricilərindən yüksək olduğunu diqqətə çatdırmış, bu işlərdə əməyi olanlara bir daha təşəkkür etmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti