Dövlət-xalq-ordu birliyi milli həmrəyliyin bəhrəsidir Gərməçataq və Buzqov kəndlərindəki hərbi hissələr üçün yeni əsgəri-məişət kompleksləri istifadəyə verilib

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir.Ən çətin dağlıq şəraitdə belə, hərbi xidmət ­nümunəvi təşkil olunur, şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılır.2018-ci ildə Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir.Bütün bunlar həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir.Bu birlik və həmrəylik ordumuzun gücünü artırır.Bayram günlərində hərbi hissələrdə yeni xidmət və yaşayış binalarının istifadəyə verilməsi, əsgər və zabitlərlə görüşlərin keçirilməsi də mühüm əhəmiyyətə malikdir.
 
Dekabrın 31-də Babək rayonunun Gərməçataq və Buzqov kəndlərindəki hərbi hissələr üçün yeni əsgəri-məişət kompleksləri istifadəyə verilmişdir.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin­­ Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
 
Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport vermişdir.
 
Ali Məclisin Sədri binanın açılışını bildirən lenti kəsmişdir. 
 
Ali Məclisin Sədri əsgərləri salamlamış, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı, eləcə də yeni ­əsgəri-məişət kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir: Bu gün ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər ordumuzu güclü ordular sırasına çıxarmışdır. O ordu güclüdür ki, onun müasir silahları, texnikaları var, əsgəri-məişət kompleksləri müasir tələblər səviyyəsindədir və şəxsi heyətinin yüksək döyüş ruhu vardır. Bunları Azərbaycan Ordusunun, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublika ərazisində yerləşən ordu, birləşmə, hissə və bölmələrinin timsalında görmək mümkündür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən ordu, birləşmə və hissələri həm müasir silah və sursata, həm də peşəkar və yüksək döyüş ruhu olan şəxsi heyətə malikdir.
 
Ali Məclisin Sədri demişdir: Güclü ordusu olan ölkə həm döyüş meydanında, həm də siyasi proseslərdə öz sözünü deyə bilir. Bu gün Azərbaycan Ordusu dövlətimizin və müstəqilliyimizin qarantıdır.Çünki ölkəmizdə ordu quruculuğu sahəsində mühüm işlər görülür.Ölkə Prezidentinin ordunun inkişafına göstərdiyi qayğının nəticəsidir ki, Azərbaycan Ordusu müasir tələblər səviyyəsindədir.Ölkəmizdə sabitliyin qorunması, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi və işğal olunmuş torpaqlarımızın azad olunması ordumuzun qarşısında duran əsas vəzifələrdir.Gərməçataq kəndindəki hərbi hissə üçün yaradılan şərait də xidmətin nümunəvi təşkilinə imkan verəcəkdir.Əsgərlərin xidməti və istirahəti hərtərəfli təşkil olunacaq, qarşıya qoyulan vəzifələr isə layiqincə yerinə ­yetiriləcəkdir.
 
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına və xidmətin təşkilində məsuliyyətin artırılacağına əminliyini bildirmiş, şəxsi heyətə xidmətdə uğurlar arzulamışdır.
 
Əsgər Elnar Vəliyev minnətdarlıq edərək demişdir: Bu gün hər bir əsgər dövlətin və xalqın dəstəyini hiss edir. Çətin dağlıq şəraitdə xidmətin nümunəvi təşkili üçün lazımi şərait yaradılıb.Ali Məclis Sədrinin bayram günündə ön xətdə yerləşən hərbi hissədə əsgəri-məişət yaşayış kompleksinin açılışında iştirak etməsi, şəxsi heyətlə görüşməsi bunun daha bir ifadəsidir.Yaradılan şəraiti, göstərilən qayğını dərindən dərk edir, hərbi sirlərə yiyələnir, qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirməyə çalışırıq.Əmin edirik ki, zirvəsində dayandığımız bu dağlar qədər mətin, vüqarlı və yenilməzik.
 
Əsgər Qasım Bağırov demişdir: Böyük əminliklə deyirik ki, torpaqlarımız etibarlı müdafiə olunur. Müstəqil Azərbaycanın inkişafı ordumuzun qüdrətini, şəxsi heyətin birliyini, döyüş ruhunu və qələbə əzmini daha da artırır.Yüksək dağlıq şəraitdə, düşmənlə təmas xəttində Vətənin müdafiəsində ayıq-sayıq dayanmışıq. Əsgərlərimiz dövlət qayğısını daim üzərlərində hiss edirlər. Bayram günündə Ali Məclis Sədri ilə görüşümüz bizi ruhlandırır, əzm və iradəmizi artırır.
 
Əsgərlər Elnar Vəliyev və Qasım Bağırov yaradılan şəraitə görə şəxsi heyət adından minnətdarlıq etmiş, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Ali Məclisin Sədrinə təbriklərini çatdırmışlar.
 
Şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” şüarını səsləndirmişdir.
 
Ali Məclisin Sədri binada yaradılan şəraitlə və xidmətin təşkili ilə  maraqlanmışdır.
 
Məlumat verilmişdir ki, ikimərtəbəli əsgəri-məişət kompleksində əsgər və zabit yataqxanaları, tibb məntəqəsi, növbətçi otağı, ideoloji sinif, zabitlər üçün iş otaqları, silah və digər xidməti otaqlar, mətbəx, yeməkxana, əşya və ərzaq anbarları, əsgərlər üçün ləvazimatların satışı mağazası, hamam-camaşırxana və qazanxana yerləşir. Binada xidmətin günün nizam qaydalarına uyğun təşkili, əsgərlərin normal qidalanması və sağlamlıqlarının qorunması üçün hərtərəfli şərait yaradılmışdır.
 
Həyətdə sıra meydanı və idman şəhərciyi salınıb, texnika saxlancı tikilib.Burada hərbi texnika və avtomobillərin saxlanması, təlimata uyğun istifadə və istismarı, eləcə də döyüş növbətçiliyinin düzgün təşkili üçün hərtərəfli şərait vardır.Şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədi ilə istirahət guşəsi istifadəyə verilmiş, ərazidə abadlıq işləri görülərək yeni asfalt yol salınmışdır.
 
Ali Məclisin Sədri ön xətdə xidmətin təşkili və döyüş növbətçiliyinin aparılması ilə bağlı tapşırıqlar vermişdir.
 
Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Buzqov kəndində yerləşən hərbi hissənin əsgəri-məişət yaşayış kompleksinin də açılışında iştirak etmişdir.
 
Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport vermişdir.Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmişdir.
 
Ali Məclisin Sədri şəxsi heyəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı, o cümlədən əsgəri-məişət kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir: Bu gün muxtar respublikada ordu quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilir. Ordu quruculuğu sahəsində görülən işlər onun silah təminatı və döyüş qabiliyyətinin artırılması ilə yanaşı, həm də şəxsi heyət üçün müasir əsgəri-məişət komplekslərinin tikilməsi ilə ölçülür.Bu gün muxtar respublikada yerləşən ordu, birləşmə və hissələr istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.Muxtar respublikanın ərazisi etibarlı qorunur, ordu, birləşmə və hissələrin şəxsi heyətlərinin döyüş qabiliyyətini artırmaq üçün tədbirlər görülür, hərbi hissələr müasir silah-sursatla təmin olunur, təlimlər keçirilir, əsgərlərin yaşayış şəraiti yaxşılaşdırılır.Gərməçataq və Buzqov kəndlərində əsgəri-məişət komplekslərinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.
 
Ali Məclisin Sədri demişdir: Yaradılan şərait xidmətin nümunəvi təşkilində əsas amildir. Əgər əsgər, gizir və zabitlərin xidməti üçün lazımi şərait varsa, onda xidmət də nümunəvi təşkil olunacaqdır.Ona görə də yaradılan şəraitdən xidmətin səviyyəsini yüksəltmək üçün istifadə edilməli, bu ərazilər etibarlı qorunmalıdır.Gərməçataq və Buzqov kəndlərində geniş abadlıq-quruculuq işləri aparılmış, məktəb binaları tikilmiş, sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılmışdır.Sərhəd yaşayış məntəqələrində bu işlər ordumuza güvənilərək həyata keçirilmişdir.Yeni əsgəri-məişət komplekslərinin istifadəyə verilməsi ordumuz üçün lazımi şərait yaradılması və xidmətin səviyyəsinin yüksəldilməsi deməkdir.
 
Ali Məclisin Sədri şəxsi heyəti  bir daha bayramlar münasibətilə təbrik etmişdir.
 
Əsgərlərdən Tural Rufullayev, Əşrəf Cəfərzadə və Cavanşir Məmmədov minnətdarlıq etmişlər.Qeyd olunmuşdur ki, bu gün muxtar respublikanın bütün döyüş mövqelərində xidmət birlik və həmrəylik əsasında qurulub.Torpaqlarımız etibarlı müdafiə olunur.Yaradılan şəraitin nəticəsidir ki, hər bir əsgər özünü evindəki kimi hiss edir.Bütün bunlar şəxsi heyəti daha da ruhlandırır.Şəxsi heyət hərbi sirlərə dərindən yiyələnir, qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirir.
 
Əsgərlər “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” şüarını səsləndirmişlər.
 
Yaradılan şəraitlə tanışlıq zamanı bildirilmişdir ki, əsgəri-məişət kompleksində silah otağı, növbətçi otağı, tibb məntəqəsi, ideoloji sinif, zabitlər üçün iş otaqları, mətbəx, yeməkxana və mağaza mövcuddur. Binanın ikinci mərtəbəsində əsgər və zabit yataqxanaları istifadəyə verilmişdir.Kompleksin ərzaq və əşya anbarları da müasir səviyyədə qurulmuş, soyuducu kameralar və digər zəruri avadanlıqlarla təchiz edilmişdir.Binada hamam-camaşırxana və qazanxana da yerləşir.
 
Ərazidə geniş abadlıq işləri görülmüş, sıra meydanı, idman sahəsi və istirahət guşəsi yaradılmış, texnika saxlancı tikilmişdir.
 
Kapitan Əziz Qəfərov xidmətin təşkili üçün yaradılan hərtərəfli şəraitə görə minnətdarlıq etmişdir.
 
Ali Məclisin Sədri xidmətin nümunəvi təşkilində komandir heyətinin üzərinə mühüm vəzifələr düşdüyünü bildirmiş, şəxsi heyət arasındakı birliyin daha da möhkəmləndirilməsi və yaradılan şəraitdən səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar vermişdir.
 
Hər iki əsgəri-məişət kompleksi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunmuş, binalar daimi işıq, su və istilik sistemi ilə təchiz edilmişdir.
 
Gətirilmiş ərzaq məhsulları Gərməçataq və Buzqov kəndlərindəki hərbi hissələrin anbarlarına  təhvil verilmişdir.                                            
                                                                                                                                                                                                                                                     
                        
 
  
 
 
  
 
 
 
 
 
 
  
 * * *
 
Həmin gün Naxçıvan Muxtar Respublikası Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində müalicə alan xəstələrə və tibb işçilərinə bayram sovqatları paylanmış, müxtəlif adda ərzaq məhsulları anbarlara təhvil ­verilmişdir.
 
 Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti