Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul

Oktyabrın1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin muxtar respublikaya yeni təyin olunmuş Baş konsulu Məhmət Emin Kirazı qəbul edib.

Ali Məclisin Sədri Məhmət Emin Kirazı muxtar respublikada Baş konsul kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib. Naxçıvan Muxtar Respublikası ilə dost və qardaş Türkiyə arasında iqtisadi-ticarət, hərbi, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri münasibətlərin daha da möhkəmləndirilməsində Baş konsula uğurlar arzulamışdır.

Məhmət Emin Kiraz səmimi qəbula görə minnətdarlıq etmiş, qardaş ölkə Azərbaycanın Türkiyə ilə yeganə sərhədi olan Naxçıvan Muxtar Respublikasında diplomatik fəaliyyət göstərməkdən şərəf duyduğunu və əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini bildirmişdir.

Söhbət zamanı mövcud əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti