Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin ilk 4 ayının yekunları müzakirə edilib

Mayın 15-də Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin ilk 4 ayının yekunları ilə bağlı müşavirə keçirilib. Müşavirədə aid mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri iştirak ediblər.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin gördüyü işlər və sosial-iqtisadi göstəricilərə dair hesabat verib. Hesabat məruzəsində büdcə proqnozlaşdırılması, büdcəyə vergi daxilolmaları, sahibkarlara verilən güzəştli kreditlər, “yaşıl enerji” layihələri çərçivəsində görülən işlər, dövlət orqanlarında innovativ texnologiyaların tətbiqinə diqqət yetirilib. Həmçinin suvarma suyu təminatı sahəsindəki mövcud vəziyyət və problemlər, kənd təsərrüfatı, vətəndaş qəbulu və müraciətləri sahəsindəki vəziyyət və digər bir sıra mövzular geniş müzakirə olunub. Bununla bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin çıxışları olub.

Sonra nöqsanlar və qarşıda duran vəzifələrdən danışılıb, qarşıdakı hədəflərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

Mayın 16-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Ümummilli Liderin 100 illiyi ölkəmizdə və onun ayrılmaz bir parçası olan Naxçıvanda geniş qeyd olunur, Onun əziz xatirəsi ehtiramla yad edilir. Ulu Öndər Naxçıvana rəhbərlik etdiyi 1991-1993-cü illərdə Azərbaycanın milli dövlətçiliyinin bərpasının, müstəqil dövlət kimi formalaşmasının əsasını qoyub. Bu istiqamətdə çox mühüm və tarixi qərarlar qəbul edilib. Bu gün Ümummilli Liderimizin əsasını qoyduğu siyasi, iqtisadi inkişaf strategiyası ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Sonra Azərbaycan dövlətinin və xalqının xilaskarı, Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib:

1. Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrasının təsdiq edilməsi

2. “Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının ləğv edilməsi

3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi

4. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavininin seçilməsi

5. Cari məsələ

Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edib, “Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunub. Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrası gəlirlər üzrə 197968088 manat, xərclər üzrə isə 605869766 manat məbləğində olmaqla, təsdiq edilib.

Gündəlikdə duran ikinci məsələ - “Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının ləğv edilməsi ilə bağlı bildirilib ki, 2017-ci ildə zəruri əsaslandırma olmadan qəbul edilən bu qanunların ötən müddətdə tətbiqinə də ehtiyac olmayıb. Çünki nəzərdə tutulan münasibətlər Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

Müzakirə olunan məsələ ilə əlaqədar qanun layihələri oxunub, “Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası qanunları ləğv edilib.

Sessiyanın gündəliyində duran üçüncü məsələnin müzakirəsi zamanı qeyd olunub ki, dəyişikliyin əsas məqsədi deputatlara verilən vergilərdən azad olunmuş pul təminatının ləğv edilməsidir. Azərbaycan Respublikasının müvafiq qanununda da dəyişikliklər edilərək bu pul təminatı ləğv olunub.

Müzakirə olunan məsələ ilə bağlı “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası qanunu qəbul edilib.

Sessiyada gündəlikdə duran dördüncü məsələnin müzakirəsi zamanı bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 26-cı maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavinləri Ali Məclisin deputatları sırasından səsvermə yolu ilə seçilir. Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini vəzifəsinə 16 saylı Qıvraq Seçki Dairəsindən seçilmiş deputat İbrahimov Anar Adil oğlunun namizədliyi irəli sürülüb.

Deputatlardan Ehtibar İsmayılov, Nüsrət Həsənov, Hüseyn Niftəliyev, Yeganə Məmmədova, Elman Cəfərli, Aidə Cəlilzadə və Ehtimad Məmmədov Anar İbrahimovun fəaliyyətini yüksək qiymətləndirdiklərini və təklifi dəstəklədiklərini bildiriblər.

Səsvermə keçirilib və Anar İbrahimov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini seçilib.

Anar İbrahimov deputat həmkarlarına onun namizədliyini irəli sürüb, dəstəklədikləri üçün təşəkkür edərək deyib: “Mənim üçün böyük şərəfdir ki, 2004-cü ildən təmsil olunduğum bu yüksək məclisin idarə edilməsində iştirak etməyimə imkan yaradılıb. Yüksək etimada görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə xüsusi minnətdarlıq edirəm. Çünki mən və burada təmsil olunan 41 nəfər parlament çoxluğunu təşkil edən deputat yoldaşlarım məhz cənab Prezident İlham Əliyevin rəhbəri və lideri olduğu Yeni Azərbaycan Partiyasının namizədi olaraq Ali Məclisə deputat seçilmişik. Naxçıvan Muxtar Respublikası, o cümlədən onun ali qanunverici orqanı olan Ali Məclis Ümummilli Liderimizin siyasi irsinin ən vacib və dəyərli təsisatlarından biridir. Bu mənada Ali Məclisin siyasi nüfuzu məhz Ulu Öndərin 1991-1993-cü illərdə Naxçıvanda Ali Məclisin Sədri işlədiyi dövrdəki fəaliyyətləri ilə bağlıdır. Əmin edirəm ki, qarşıdakı fəaliyyətimdə bu şərəfli məqamı daim diqqətdə saxlayaraq hərəkət etməyə çalışacağam. Ötən ilin sonunda ölkə Prezidenti tərəfindən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutu yaradılıb. Bu, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında bir yenilikdir, eyni zamanda siyasi sistemimizin təkmilləşdirilməsinə xidmət edir. Artıq mərkəzi hakimiyyət Naxçıvanda daha əlçatandır. Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi mühitin sağlamlaşdırılması, problemlərin müəyyənləşdirilərək sistemləşdirilməsi, onların həlli üçün resursların səfərbər olunması istiqamətində iş aparılır. Ali Məclis də bu istiqamətdə həyata keçirilən tədbirlərə öz töhfəsini verəcək. Qarşıdakı dövrdə Ali Məclisin qanunvericilik fəaliyyətinin gücləndirilməsi, muxtar respublikada yaradılan səlahiyyətli nümayəndəlik institutu, yerli qurumlarla qarşılıqlı fəaliyyətin təmin edilməsi və digər istiqamətlər üzrə birgə fəaliyyət göstərərək parlamentin nüfuzunun özünə qaytarılması istiqamətində çalışacağım üçün məmnunam”.

Gündəlikdə duran beşinci məsələ ilə bağlı qeyd olunub ki, sessiyada “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilərək deputatlıq səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün verilən vergilərdən azad olunmuş pul təminatı ləğv olunduğundan, müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2020-ci il 21 iyul tarixli qərarı ilə deputatın aylıq əməkhaqqının 25 faizi miqdarında müəyyən edilən pul təminatı da ləğv edilməli və yeni vəzifə maaşı müəyyən edilməlidir.

Sessiyada “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının əməkhaqlarının müəyyən edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul olunub.

Bununla da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası öz işini başa çatdırıb.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti