Naxçıvan Dövlət Milli Dram Teatrında “Cibimizdəki dəlilik” tamaşası təqdim olunub

Mayın 13-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində türkiyəli yazıçı Mehmet Ümit Görgülünün psixoloji dram janrında olan “Cibimizdəki dəlilik” əsəri əsasında səhnələşdirilən tamaşa təqdim edilib.

Tamaşanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Birinci Naxçıvan Kitab Sərgisində iştirak edən ziyalılar, Qazaxıstan Respublikasının incəsənət ustaları və ictimaiyyət nümayəndələri izləyiblər. Azərbaycan teatr səhnəsində ilk dəfə səhnələşdirilən “Cibimizdəki dəlilik” tamaşasında insanın insana yadlaşması, özündən, öz dəyərlərindən uzaqlaşması acı bir həqiqət kimi öz səhnə həllini tapır. İnsanlığın sevgidən, sədaqətdən, bütün müsbət insani keyfiyyətlərdən yoxsullaşdığının fərqində olan insanlar ya dəli olur, ya da zamanın axarına uyub yaşayırlar.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli uğurlu səhnə həllinə görə və Naxçıvan teatrının 140 illiyi münasibətilə kollektivi təbrik edib.

“Şərq qapisi”