Naxçıvanda Ümummilli Liderin 100 illiyi münasibətilə möhtəşəm konsert

Mayın 10-da Naxçıvan Muxtar Respublika stadionunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunan konsertdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, on minlərlə muxtar respublika sakini iştirak edib.

Konsertdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan xalqa müraciətində Naxçıvanla bağlı fikirləri geniş ekranda videoyazı vasitəsilə tamaşaçıların diqqətinə çatdırılıb. 

Stadionda quraşdırılan böyük ekranlarda Ümummilli Lider Heydər Əliyev haqqında “əsrin xəyalı” adlı kompozisiyalar, dahi şəxsiyyətin videoyazıları, Azərbaycanın elm, sənət, idman və mədəni zənginliklərini əks etdirən kadrlar yayımlanıb. Eyni zamanda 1500 dronla Ulu Öndərin portreti, xarıbülbül, buta, üçrəngli dövlət bayrağımız və digər simvollar səmada əks etdirilib, geniş bayram atəşfəşanlığı olub.

Milli geyimli oğlan kürə içərisində olan simvolik xarıbülbülü səlahiyyətli nümayəndə Fuad Nəcəfliyə təqdim edib.

Ardınca isə səhnə tanınmış sənət adamları, müğənnilər, Naxçıvan Dövlət Universitetinin Sinfonik Orkestrinin ixtiyarına verilib. Konsert proqramında Üzeyir Hacıbəyli, Qara Qarayev, Müslüm Maqomayev, Cahangir Cahangirov, Ramiz Mirişli, Rauf Hacıyev, Eldar Mansurov və digər bəstəkarların əsərləri səslənib, Xalq artisti Nurəddin Mehdixanlı Zəlimxan Yaqubun “Sənin yerin görünəcək” şeirini bədii qiraət edib. Müğənnilərdən Zamiq Hüseynov, Çingiz Mustafayev, “Şeron” qrupunun üzvləri, Azərbaycan Respublikasının Əməkdar artistləri Sevda Ələkbərzadə, Elton Hüseynəliyev, Teymur Əmrah, Azərbaycan Respublikasının xalq artisti Fidan Hacıyeva mahnılar ifa ediblər.

Konsert proqramında proyeksiya xəritəsi, akrobatika, işıq-lazer göstəriləri, rəqs və ümumi dekor imkanları ilə müasir səhnə texnologiyaları birləşərək təsirli foto keçidləri və ən əhəmiyyətlisi unudulmaz təcrübə yaradılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

"Şərq" qapısı