Naxçıvanda “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib

Müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ölkəmizdə akkreditə olunmuş, iqamətgahı Bakıda və Ankarada yerləşən diplomatik korpusun nümayəndələri, eləcə də hərbi attaşelər Naxçıvan şəhərində səfərdə olublar.

Ümumilikdə 80-ə yaxın ölkədən və 23 təşkilatdan 140-a yaxın diplomatın və hərbi attaşenin iştirak etdiyi səfər Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsinin ziyarət olunması ilə başlayıb.Sonra Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında xarici qonaqlara ətraflı məlumat verilib.Diqqətə çatdırılıb ki, Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən muzeydə Ulu Öndərin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid sənəd və materiallar, imzaladığı məktub, qərar, sərəncam və müqavilələrin surətləri nümayiş olunur. Muzeyin kitabxanasında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar, film və qəzet materialları da sərgilənir.Daha sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Naxçıvanda xarici diplomatların və hərbi attaşelərin iştirakı ilə “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda tədbir keçirilib.Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolundan, o cümlədən onun fəaliyyətinin Naxçıvan mərhələsindən, Ümummilli Liderin Azərbaycan xalqının rifahı, ölkəmizin müstəqilliyinin möhkəmlənməsi və davamlı inkişafı istiqamətində yorulmaz fəaliyyətindən danışıblar.Müasir Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmasında, dövlətimizin müstəqil xarici siyasət strategiyasının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vurğulanıb. Qeyd olunub ki, Heydər Əliyevin xarici siyasət strategiyası bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni-yeni hədəflərə istiqamətlənir.Diqqətə çatdırılıb ki, ömrünü Azərbaycanın tərəqqisinə həsr edən dahi şəxsiyyət Heydər Əliyev Vətən və xalq qarşısında müstəsna xidmətlər göstərib, ölkəmizin beynəlxalq aləmə inteqrasiyası istiqamətində mühüm işlər görüb.Eyni zamanda, Ümummilli Liderin həyat və fəaliyyətinin örnək olduğu qeyd edilib, onun zəngin irsinin öyrənilməsinin, təbliğinin və gələcək nəsillərə çatdırılmasının önəmi vurğulanıb.Həmçinin bildirilib ki, Ermənistanın işğalçılıq siyasəti və dekonstruktiv mövqeyi səbəbindən Naxçıvan Muxtar Respublikası 30 ilə yaxın müddətdə blokada şəraitində qalıb. Qeyd edilib ki, Zəngəzur dəhlizinin açılması ilə həm blokadaya son qoyulacaq, həm də muxtar respublika özünün tranzit-nəqliyyat imkanları ilə bütün bölgənin iqtisadi inkişafına töhfə verəcək.Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyatına və siyasi fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Universitetinin simfonik orkestri konsert proqramı ilə çıxış edib.Naxçıvan səfəri çərçivəsində xarici diplomatlar və hərbi attaşelər, həmçinin şəhərin mədəni-tarixi və turizm məkanları ilə də tanış olublar.

 

"Şərq"qapısı