Fuad Nəcəfli Naxçıvan televiziyasına müsahibəsi

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirliyə müsahibə verib.

- Salam, Fuad müəllim, xoş gördük! Gərgin iş qrafikinizə baxmayaraq, xahişimizi diqqətə alıb bizə zaman ayırdığınıza görə sizə minnətdarlığımızı bildiririk...

-Təşəkkür edirəm, mən də sizə və kollektivinizə uğurlar arzulayıram...

-Biz həm də əlamətdar bir ildə - “Heydər Əliyev İli”ndə görüşürük... Məlumdur ki, cənab Prezidentimizin müvafiq Sərəncamı ilə müstəqil Azərbaycanın qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi təntənəli tədbirlərlə qeyd olunur. Heydər Əliyev Azərbaycana rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə xalqımızın rifahı və ölkəmizin inkişafı naminə müstəsna xidmətlər göstərmiş şəxsiyyətdir...

- 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması və Tədbirlər Planının təsdiq edilməsi görkəmli şəxsiyyətin ömür yolunun, irsinin, siyasi və dövlətçilik fəaliyyətinin öyrənilməsində olduqca vacibdir. Çünki ulu öndərin ömür yolu və dövlətçilik fəaliyyəti xalqımızın qürur və şərəf tarixidir. 1990-1993-cü illərdə ulu öndərin siyasi və dövlətçilik fəaliyyətinin Naxçıvan dövrü xüsusilə əlamətdardır. Xatırlayıram ki, o vaxt Naxçıvan Muxtar Respublikasına Ermənistan tərəfindən hərbi hücumlar, digər tərəfdən, qonşu dövlətlərin bu məsələyə laqeyd qalması, ümumilikdə Naxçıvan Muxtar Respublikasının səsinin duyulmadığı o illərdə ümummilli liderimiz Naxçıvanı işğal və məhvdən qoruya bilmişdir. Xatırlayıram ki, hələ o ağır və böhranlı illərdə ulu öndər Naxçıvan Muxtar Respublikasından 75 tələbənin Türkiyədə dövlət hesabına təhsil almasına nail olmuşdur. Bütün bunların hamısının arxasında ulu öndərin ideyaları, onun gələcəyə baxışları dayanırdı. Və bu gün də mən sevinirəm ki, bu siyasət cənab Prezidentimiz tərəfindən uğurla aparılır və göstərir ki, Azərbaycan etibarlı əllərdədir və onun irsi, mirası uğurla gələcəyə doğru irəliləyir. Regionun gündəliyini bu gün Azərbaycan diktə edir, böyük güclər Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar. Qürurla deyə bilərik ki, ötən 20 il ərzində ümummilli liderin arzuları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində reallaşdırılmış və Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulan məsələlər də məhz bu kontekstdə öz həllini tapmışdır. Naxçıvan Muxtar Respublikasının gələcək sosial-iqtisadi inkişaf strategiyasının əsasında da məhz ümummilli lider Heydər Əliyevin siyasi xətti və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşımıza qoyduğu vəzifələr dayanır.

-Ümumiyyətlə, Naxçıvanda sosial-iqtisadi islahatlar hansı mərhələdədir və necə gedir?

- Bilirsiniz ki, Prezidentimizin qətiyyətli və israrlı siyasəti nəticəsində Zəngəzur dəhlizi artıq reallaşmaqdadır. Zəngəzur dəhlizi reallaşdırıldıqdan sonra Naxçıvan üçün böyük perspektivlər açılır. Bizim əsas vəzifələrimizdən biri məhz bu perspektivlərə, bu reallıqlara Naxçıvanı hazırlamaqdır. Perspektiv planlar sırasında Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” dəhlizinə çevrilməsi prioritetlərdən biridir. İqtisadiyyatın müxtəlif sahələrində inkişaf proqramları işlənib hazırlanır. Xüsusilə, ərzaq təhlükəsizliyinin və əhalinin məşğulluğunun təmin olunması işində roluna görə aqrar sahənin inkişafına daha çox diqqət ayrılır. Bu sahə ilə sıx bağlı olan meliorasiya və irriqasiya sistemlərinin müasirləşdirilməsi və su təminatının, su keyfiyyətinin yaxşılaşdırılması vacib məsələlərimizdən biridir. Naxçıvan Muxtar Respublikasında özəl sektorun inkişaf etdirilməsi, sahibkarlığa dəstək və investisiyaların cəlbi də əsas hədəflərimiz sırasındadır. Ümumilikdə xammal potensialı daha çox olan ərazilərimizdə ailə təsərrüfatlarına, kiçik və orta biznesə dəstək, subsidiyaların verilməsi ən vacib məqamlardan biridir. Qarşıdakı əsas məqsədlərimizdən biri daxili və xarici bazarlar üçün “Orqanik Naxçıvan” ekoloji təmiz qida məhsullarının istehsal, emal, tədarük və çatdırılma zəncirini formalaşdırmaqdır. Naxçıvan Muxtar Respublikasında yeni başlayan işlərdən biri də ərazinin mineral xammal ehtiyatlarının yenidən öyrənilməsidir. Hesab edirik ki, mövcud potensial əsasında rəqabətədavamlı yeni sənaye müəssisələrinin qurulması mümkündür ki, bunun da nəticəsində iqtisadi inkişaf tempi sürətlənəcək.

Prezident cənab İlham Əliyevin strateji hədəflərindən biri də Azərbaycan Respublikasında iqtisadiyyatın təcrübəyə, ənənəyə söykənməsi və innovativliyidir. Naxçıvanda da ənənəyə və yerli xammala söykənən sənaye müəssisələrinin qurulması, innovasiyaların tətbiqi  prioritetdir. Ölkəmizdə istehsal və xidmət sektoru üzrə ixtisaslaşan onlarla brendin ötən 3 ayda Naxçıvana gəlməsi onu göstərir ki, Naxçıvan investisiyalar üçün cəlbedici məkandır. Yaxın günlərdə Naxçıvanda yeni duz istehsalı zavodu və mineral sular istehsalı sahələri də fəaliyyətə başlayacaq. Ordubadda ənənəvi konserv və ipəkçiliyin yenidən canlandırılması da hədəfimizdir.

- Sizin muxtar respublikaya təyinatınızdan sonra Naxçıvanda əsaslı struktur və kadr islahatlarının aparıldığını müşahidə edirik. Proses hansı mərhələdədir və nəticələri nədən ibarət olacaq?  

- Sahil müəllim, əgər nəzərə alsaq ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkib hissəsidir, struktur islahatları vacib məqam kimi önə çıxır. Nəzərə almaq lazımdır ki, müəssisə və təşkilatlarımızın Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları ilə sıx işləməsi üçün struktur dəyişikliklərinin aparılması labüddür və qaçılmaz bir prosesdir. Siz təsəvvür edin ki, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvanda yerləşən adekvat qurumları 4-5 parçaya bölünmüş vəziyyətdədir. Onun metodiki bazası demək olar ki, mövcud deyil. Burada struktur vahidlərinin bəziləri natamamdır. Maddi-texniki baza isə demək olar ki, tam formalaşmış vəziyyətdə deyil. Ona görə də bu gün muxtar respublikada gördüyünüz kimi struktur islahatları tam sürətlə davam edir. Əvvəlcədən elan etdiyimiz kimi, şəffaflıq və peşəkarlıq əsas prinsiplərimizdən biridir. Ona görə də bu tələblərə cavab verməyən, bu tələbləri qarşılaya bilməyən struktur rəhbərləri də vəzifələri ilə vidalaşmalı oldular. Onlarla nazirlik, komitə, idarələrin rəhbərləri novator, enerjili, peşəkar və şəffaf mühitdə işləməyi bacaran kadrlarla əvəzləndi...

- Fuad müəllim, bilirsiniz ki, həm 90-cı illərin ağır blokada və böhran dövrü, həm də Ermənistanın başlatdığı təcavüzkar müharibə, təsərrüfatların dağılması nəticəsində Naxçıvan Muxtar Respublikasında əhalinin sosial vəziyyəti son dərəcə acınacaqlı idi... Sosial-iqtisadi böhran, işsizlik yüzlərlə ailənin Naxçıvandan köçüb getməsi ilə nəticələndi. İndi qarşınızda insanların doğma torpağa qayıdışı, təsərrüfat və iqtisadi fəaliyyətlə məşğul olması ilə bağlı hər hansı konsepsiya və təşəbbüslər varmı?

-Bu, sizin də qeyd etdiyiniz kimi, 1 il, 5 il ərzində yox, illər ərzində baş vermiş problemdir. Önümüzdə duran vəzifələr ondan ibarətdir ki, biz digər məsələlər kimi bu məsələni də mərhələli şəkildə həll edək. İlk növbədə, Naxçıvana yerli və xarici investisiyaların cəlb olunması, iş yerlərinin yaradılması vacibdir. Eyni zamanda dövlət-özəl təşəbbüslərin formalaşdırılması sahəsində işlər gedir. Demək olar ki, makroiqtisadi sahənin bütün göstəriciləri yenidən ələ alınır, təhlil olunur, harada geriləmələr, harada inkişaf templəri mümkündürsə, biz ən operativ şəkildə məsələlərə müdaxilə edirik. Və inanıram ki, yaxın bir neçə il ərzində əhalinin geri qayıdışı təmin olunacaqdır. Lakin bu geri qayıdış əsaslı formada olmalıdır. İndi biz bəzən belə bir halla qarşılaşırıq ki, bir çoxları geri qayıdışın çağırışlarla həyata keçirilməsindən danışır. Ancaq bu məsələ təkcə çağırışlarla deyil, eyni zamanda əhalinin yaşayış minimumlarının ödənilməsi, iş yerlərinin açılması, onların işlə təmin olunması ilə birgə həllini tapmalıdır. Deyə bilərəm ki, bu məsələ də önümüzdə duran əsas vəzifələrdəndir və bu istiqamətdə işləyirik.

- Sizin təyinatınızdan sonra Naxçıvana intensiv səfərlərin baş verdiyini müşahidə edirik. Xüsusən, Baş Nazirin müavininin, energetika nazirinin, iqtisadiyyat nazirinin, digər rəsmi şəxslərin rəhbərliyi ilə nümayəndə heyətləri Naxçıvanda görüşlər keçirdi, perspektiv imkanları dəyərləndirdilər. Artıq bir sıra vacib sahələr üzrə inkişaf konsepsiyalarının hazırlandığı da məlumdur. Konkretləşdirsək, bu səfərlərin nəticələri Naxçıvan üçün nə vəd edir?

- Bu sual üçün sizə təşəkkürümü bildirirəm. Qısa bir vaxtda – 2023-cü ilin yanvar ayı ərzində biz Naxçıvan Muxtar Respublikasındakı problemləri ümumiləşdirdik, prioritet sahələr dəqiqləşdirildi. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məruzə təqdim olundu, qarşıda dayanan vəzifələr müəyyənləşdirildi. Cənab Prezidentimizin aid qurumlara göstərişləri ilə yerində baxış, təhlil və dəyərləndirmələr üçün səfərlər başladı. Ölkənin müxtəlif mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin Naxçıvana olan səfərləri çərçivəsində biz məruzədəki məsələləri bir daha müzakirə etdik. Qeyd etmək istəyirəm ki, 4 əsas sahədə bizim ilkin və faydalı görüşlərimiz oldu və bunların əsasında strateji konsepsiyalar formalaşdırıldı və tədbirlər planı işlənildi. Bunlar hansılardır? Əvvəlcə onu qeyd edim ki, su komissiyasının - başda Baş Nazirin müavini, hörmətli Şahin Mustafayev olmaqla muxtar respublikaya 3 günlük səfəri oldu. Bu səfərin nəticəsində biz geniş bir tədbirlər planı hazırladıq. Bilirsiniz ki, Naxçıvan Muxtar Respublikası kəskin kontinental iqlimə malikdir. Muxtar respublikanın ərazisində su ehtiyatları olduqca məhduddur. Naxçıvanda ən vacib və dayanıqlı su mənbəyimiz isə Araz çayıdır. Yəqin ki, önümüzdəki illərdə də bu reallıq dəyişməyəcək. Məlumdur ki, Naxçıvandakı əsas su ehtiyatlarının hər birinin mənbəyi qonşu dövlətlərin ərazisindədir. Bütün bu və ya digər məsələlər dəyərləndirilir. Bizim su komissiyası ilə birlikdə formalaşdırdığımız tədbirlər planı artıq komissiyanın ilkin iclasında təsdiq olunub, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə texniki, maliyyə-iqtisadi əsaslandırma üçün təqdim edilib.

Digər bir sahə Azərbaycan Respublikası Energetika Nazirliyinin idarəçiliyindəki məsələlərlə bağlı idi. Bilirsiniz, nazir Pərviz Şahbazovun muxtar respublikaya səfəri oldu. Ondan sonra energetika komissiyasının iclasları keçirildi, Naxçıvan Muxtar Respublikasının vəzifəli şəxsləri də bu komissiyanın üzvüdürlər və Naxçıvanı “yaşıl enerji” dəhlizinə çevirmək üçün ciddi işlər görülür, tədbirlər planı hazırlanır. Bizim müəyyənləşdirdiyimiz, Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerji ehtiyatları 3 min meqavatın  üzərindədir. Və bunun böyük bir hissəsi də günəş enerjisindən ortaya çıxır. Radiasiya Naxçıvan Muxtar Respublikası ərazisində olduqca yüksəkdir və düşünürəm ki, yaxın zamanda bizim bu resurslardan tam istifadəmiz real olacaq.  

Daha bir vacib sahə isə kənd təsərrüfatıdır. Mən başlanğıcda da bu sahənin nə qədər mühüm olduğunu qeyd etdim. Ərzaq təhlükəsizliyi və əhalinin məşğulluğunun təmin olunması üçün aqrar sahə bizim üçün olduqca vacibdir. Tamamilə düzgün qeyd etdiniz, biz həm konsepsiyanı, həm kənd təsərrüfatının inkişafına dair tədbirlər planını formalaşdırıb mərkəzi hökümətə təqdim etmişik və yəqin ki, yaxın günlərdə onun da müzakirəsində iştirak edəcəyik. Bu arada, əhəmiyyətli işlərdən biri də ilin birinci rübündə Prezident Administrasiyasının dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının uçotunun aparılması  oldu. 

Şəhid ailələrinə, qazilərə, sosial qayğıya ehtiyacı olanlara diqqət bundan sonra da ən yüksək səviyyədə olacaq. Bu ilin birinci rübündə Naxçıvanda bu kateqoriyadan olanlara dövlət tərəfindən  onlarla mənzil və avtomobil verilmişdir. Bu sahə tamamilə şəffaflaşdırılmışdır. Hazırda Naxçıvanda “ASAN xidmət” mərkəzi, DOST Mərkəzi kimi mühüm layihələrin tikintisi son mərhələdədir. Bu da özlüyündə dövlətin mühüm sosial proqramlarının Naxçıvanda da icrasının təsdiqidir.

-Bəs, səhiyyə?..

-Söz yox ki, bütün bu məsələləri sadalayarkən, səhiyyədən kənarda qalmaq qeyri-mümkündür. Əhalinin sağlamlığı ilə bağlı cənab Prezidentimizin qarşımıza qoyduğu konkret tapşırıqlar var. Hazırda müasir idarəetmə metodları, çevik idarəetmə prinsipləri işlənib hazırlanır. Ən qısa müddətdə bu sahədə yeniliklərin şahidi olacağıq. Bütün bu sadaladıqlarım, sözsüz ki, Naxçıvanda əhalinin sağlamlığının qorunmasına, gəlirlərinin artmasına, sosial və iqtisadi rifahın yüksəlməsinə səbəb olacaqdır.

- Siz fəaliyyətə başladığınız ilk gündən vətəndaşlarla işə xüsusi əhəmiyyət verdiniz, çox ciddi yanaşdınız. Mətbuatda dərc olunan və Naxçıvan televiziyasının efirində yayımlanan videomateriallardan da görürdük ki, muxtar respublikanın bütün rayonlarında vətəndaşlarla görüşdünüz, onların təklifləri, şikayətləri və problemləri ilə yerindəcə maraqlandınız. Biz vətəndaşların səsləndirdiyi şikayət və təkliflər üzərində də konkret işlərin görüldüyünün artıq şahidiyik. İstərdim, bir məsələyə də aydınlıq gətirək: sakinlər əsasən nə barədə müraciət edirdilər və onların əsas qaldırdığı problem nədən ibarət idi?

- Tamamilə düzgündür... Biz ilk günlərdən rayonlarda qəbullar keçirməyə başladıq. Bu qəbulların əsasında protokollar formalaşdırıldı. Daha sonra biz problemləri muxtar respublika ərazisi üzrə kateqoriyalaşdırdıq. Statistik rəqəmlər göstərir ki, həm Naxçıvan şəhərində, həm də rayonlarda ümumilikdə 9 mindən artıq şikayət və vətəndaş dinlənilmiş və onların problemlərinin həlli üçün tədbirlər planı hazırlanmışdır. Hər bir rayon üzrə protokollar mövcuddur. Naxçıvan Muxtar Respublikasındakı problemlər əsasən əhalinin mülkiyyət hüquqlarının pozulması ilə bağlıdır. Təəssüflə qeyd edirəm ki, bu da ötən illərdə baş vermiş bəzi qanunsuz fəaliyyətlərin nəticəsində ortaya çıxmışdır. İndi məhkəmə orqanları bu məsələlərlə yaxından məşğuldurlar. Ədalətli qərarlar və şəffaf həll yolları ortaya çıxarılır. Digər bir məsələ əhalinin iş təminatında qarşılaşdıqları problemlər idi. Və sıralaması ilə sosial hüquqların pozulması məsələləri öndə idi. Əlbəttə ki, Naxçıvan iqliminə uyğun olaraq baş vermiş və ümumiyyətlə, son dövrlərdəki iqlim dəyişikliyi ilə əlaqədar quraqlığın nəticəsində əhaliyə dəyən zərərlərin ödənilməsi, suvarma su təminatı ilə bağlı şikayətlər də az deyildi...

- Əvvəlki illərlə müqayisədə bu ilin əvvəlində tikinti sektorunda müəyyən qədər durğunluq hiss olunurdu. Xahiş edirəm, bunun səbəbini aydınlaşdıraq. Ümumiyyətlə, tikinti sektorunda hansı canlanmalar, dəyişikliklər gözlənilir? Muxtar respublika üçün hansı əhəmiyyətli layihələrin icrası planlaşdırılır?  

- Tamamilə haqlısınız... Tikinti sektoru elə bir sahədir ki, özü ilə bərabər 42 müxtəlif sahənin işləməsinə, əhalinin işlə təmin olunmasına səbəb olur. Ancaq tam haqlısınız ki, Naxçıvan Muxtar Respublikasında 2023-cü ildə tikinti sektorunda durğunluq var... Qeyd etmək istəyirəm ki, ötən illər ərzində Naxçıvan Muxtar Respublikasında aparılan tikinti sadəcə dövlət sektorunun sifarişləri əsasında baş vermişdir. Təəssüf hissi ilə qeyd edirəm ki, bu sahədə şəffaflıq tam təmin olunmayıb. Ümumiyyətlə, Şəhərsalma və Arxitektura Komitəsinə həddindən artıq böyük səlahiyyətlər müəyyənləşdirilməklə bu işlər aparılmışdır və bu da ciddi suallar ortaya çıxarmışdır. Bizim məqsədimiz isə Naxçıvanda dövlət sifarişləri ilə bərabər, özəl sifarişlərin artırılması və bu özəl sifarişlərin bazarın tələbinə əsasən formalaşdırılmasından ibarətdir. Bu sahədə ciddi sıçrayışlar olacaq. Yaxın 2-3 ay ərzində Naxçıvan şəhərinin özündə çox böyük tikinti-inşaat sənayesi ilə bağlı işlər görüləcək. Özəl şirkətlərin güzəştli mənzillərin, sosial evlərin tikintisi ilə bağlı böyük bir layihəsi qarşımızdadır. Hesablamalarımıza əsasən, bu proses 3 minə yaxın yeni iş yerinin açılması ilə yekunlaşacaqdır.

Başqa bir məsələni qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasında dövlət sifarişləri əsasında tikilmiş tikililərin bir çoxu da öz funksiyalılığına görə, çox təəssüf ki, yarıtmaz vəziyyətdədir. Bu sahədə də bizim yeni işlərimiz olacaq. Yeni dövlət sifarişli tikinti layihələri başlayacaqdır. Bildirim ki, hazırda Naxçıvan şəhərinin baş planı da hazırlanmaqdadır. Əlbəttə ki, bütün bunlar hər biri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarının tələbləri əsasında formalaşdırılacaq. Bunun üçün də istər-istəməz müəyyən bir müddət tələb olunur. Normativ sənədlərin formalaşdırılması üçün bu müddətin gözlənilməsi əsas şərtlərdəndir. Ancaq bu sahə bizim nəzarətimizdədir. Fikirləşirəm ki, əsas hədəflərdən biri olaraq tikinti sahəsinin inkişafı qaçınılmaz və labüddür.

- Fuad müəllim, Zəngəzur dəhlizi ilə bağlı fikirlərinizi bildirdiniz. Zəngəzur dəhlizinin açılması ölkəmizin, eləcə də Naxçıvan Muxtar Respublikasının tarixi taleyində müstəsna bir məsələdir və həm də qeyd etdiyimiz kimi, həm logistik, həm də tranzit imkanlar xeyli dərəcədə artacaqdır. Soruşmaq istərdim, Zəngəzur dəhlizinin açılması fonunda muxtar respublikanın nəqliyyat, tranzit və turizm imkanlarını necə dəyərləndirirsiniz? Həm də nəzərə alaq ki, bu eyni zamanda xidmət sektoruna da təsir edəcək...

- Mən ulu öndər Heydər Əliyevdən sitat gətirmək istəyirəm...  Xatırlayırsınızsa, neft strategiyasının işləndiyi illərdə ümummilli lider deyirdi: “Azərbaycan dünyaya günəş kimi doğacaqdır”. Bu mənada, Zəngəzur dəhlizinin perspektivi və reallaşması Naxçıvan üçün deyil, ümumilikdə region və dünya üçün olduqca əhəmiyyətlidir. Bu böyük layihədən Naxçıvan da öz töhfəsini götürəcəkdir. Cənab Prezidentin bu barədə qətiyyətindən və onun siyasətinin müvəffəqiyyətlə sonlanacağından əminəm. Naxçıvan Muxtar Respublikasında Zəngəzur dəhlizi geniş perspektivlər açır. Bu, sadəcə, turizmlə yekunlaşmır. Eyni zamanda böyük nəqliyyat infrastrukturunun formalaşdırılmasına xidmət edəcəkdir. Dəhliz vasitəsilə Naxçıvan dəhlizi  formalaşdırılacaqdır. Zəngəzur dəhlizindən sonra bizim Avropaya açılan qapılarımız məhz Naxçıvan dəhlizi vasitəsilə həyata keçiriləcəkdir. Naxçıvan Muxtar Respublikası ərazisində müxtəlif böyük logistika parkları, böyük depoların formalaşdırılması nəzərdə tutulur ki, bütün bunlar da ətrafında onlara xidmət sektoru ilə birlikdə böyük sahələrin inkişafına səbəb olacaqdır. Söz yox ki, bu, muxtar respublikanın ərazisində istər ictimai iaşə obyektlərinin, istərsə də bu dəhlizə xidmət etmək üçün digər obyektlərin tikintisinə rəvac verəcəkdir. Bu eyni zamanda digər xidmət növlərini də özündə birləşdirir. Bir daha deyirəm: tam əminəm ki, bunun qısa müddətdə reallaşdırılmasının şahidi olacağıq.

- Ümumiyyətlə, idarəetmədə və inkişafda ən prioritet sahələrdən biri təhsildir. Çünki yüksəkixtisaslı kadrlar olmadan, xüsusən, innovasiyalar zamanında yaşayırıqsa, mütləq müasir dövrün tələbinə uyğunlaşan kadrların hazırlanması müstəsna əhəmiyyət kəsb edir. Bəs, siz muxtar respublikadakı təhsil mühitini necə dəyərləndirirsiniz?  

Bu gün Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu təkcə təhsil sahəsində deyil, ümumiyyətlə, Naxçıvanın inkişafı sahəsində öz üzərinə ciddi məsuliyyət götürüb. Mən bu baxımdan Naxçıvan Dövlət Universitetinin imkanlarını daha yüksək qiymətləndirirəm. Çünki Naxçıvan Dövlət Universiteti ölkəmizdə olan unikal universitetlərdən biridir. Universitetin özünün böyük kampusu və yüksək imkanları vardır. Kənd təsərrüfatı, hüquq, tibb, mədəniyyət, İKT, xarici dillər, beynəlxalq münasibətlər və digər bir çox ixtisasları bir arada birləşdirən Azərbaycan Respublikasında tək universitetlərimizdəndir. Gələcəkdə Naxçıvan Dövlət Universitetinin bazasında yeni ingilisdilli xəttinin yaradılması bizim prioritet məsələlərimizdən biridir. Dünyaca məşhur olan IBM şirkəti Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri ilə birlikdə yeni bir mühəndislik institutunun açılması ilə bağlı müraciət etmişdir. Hal-hazırda bunun reallaşdırılması imkanlarına baxılır. “Naxçıvan” Universiteti də bizim üçün çox əhəmiyyətlidir. Fikirləşirəm ki, “Naxçıvan” Universiteti xarici dövlətlərlə birgə universitetin yaradılması üçün əsas infrastruktur rolunu oynaya bilər. Və mən bunun gələcəyinə inanıram. Təhsilin digər sahələrində və digər pillələrində də, əlbəttə ki, biz müxtəlif beynəlxalq təcrübələrdən istifadə etmək niyyətindəyik. Bu arada, aparıcı tədris dili rus və ingilis dili olan orta məktəblərin formalaşdırılması sahəsində işləri davam etdiririk. Bununla bağlı araşdırmalarımız var. Ümumilikdə təhsil səriştəyə davamlı, təcrübəyə davamlı və innovativ metodlarla həyata keçirilməlidir. Bu sahə də bizim əsas diqqətimizdə olan məsələdir.

     - Çox sağ olun!

     -Təşəkkür edirəm!

 

"Şərq"qapısı