Naxçıvan əhalisi qardaş Türkiyə ilə əsl birlik və həmrəylik nümayiş etdirir

Naxçıvan əhalisi bütünləşərək Türkiyədə baş vermiş təbii fəlakətdən əziyyət çəkənlərə tam dəstək göstərir. Minlərlə insan səhər saatlarından humanitar yardım məqsədilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğuna axın edir, əllərindən gələn köməkliyi əsirgəmirlər.

Muxtar respublikada minlərlə insan Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğuna və şəhərdə yaradılmış digər qərargah nöqtələrinə gələrək qardaş ölkədə baş verən təbii fəlakətdən zərər görmüş insanlara yardım əlini uzadır. Havanın yağıntılı və soyuq olmasına baxmayaraq, minlərlə sakin geyimlər, qida, istilik ləvazimatları və digər zəruri əşyalar gətirərək qardaş ölkəyə tam dəstək göstərirlər.

Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov da Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğuna gəliblər. Zəlzələ qurbanlarının xatirəsinə yaradılmış guşəyə muxtar respublika ictimaiyyəti adından əklil qoyulub, zəlzələdə həlak olanların xatirəsinə ehtiram bildirilib.

Fuad Nəcəfli baş konsulluqda açılan matəm kitabını yazıb. Səlahiyyətli nümayəndə baş vermiş təbii fəlakətdə həlak olanlara görə başsağlığı verib, yaralananlara şəfa diləyib, Naxçıvandan humanitar yardımların davam etdiriləcəyini bildirib.

Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya göstərilən dəstəyə görə minnətdarlıq edib, zəlzələnin fəsadları, aparılan axtarış-xilasetmə işlərinin vəziyyəti barədə məlumat verib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 və 7,8 maqnitudalı iki böyük zəlzələ baş verib və 10 vilayətdə 13,5 milyon insana təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Güclü zəlzələ nəticəsində ölənlərin sayı 8574 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 49 133 nəfər yaralanıb. 8 mindən çox insanın həyatı xilas edilib. Hazırda Azərbaycandan yollanmış qrupların da səyi nəticəsində axtarış-xilasetmə işləri davam etdirilir.

 

 

 

 

 

“Şərq qapısı”