Culfa rayon Dövlət Bayrağı Meydanı istifadəyə verilib

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvanda üçrəngli bayrağımız əbədi yüksəkliyə qaldırılmış, müstəqil dövlətçiliyimizin bərpası istiqamətində mühüm qərarlar qəbul edilmişdir. Ulu öndər Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Milli Qurtuluşun əsasını qoymuş, milli birliyi və sabitliyi təmin etmiş, müstəqilliyimiz qorunub saxlanılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev ulu öndərin yolunu uğurla davam etdirərək dövlətçiliyimizi daha da möhkəmləndirmiş, Azərbaycan yeni inkişaf mərhələsinə yüksəlmiş, torpaqlarımız işğaldan azad olunmuş, Böyük Zəfər qazanılmışdır.

Noyabrın 17-də Culfa rayon Dövlət Bayrağı Meydanı istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Culfa Bayraq Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dirçəliş Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçrəngli bayrağımızın ümummilli liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, əməyi olanlara təşəkkürünü bildirmişdir.

Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədr müavini, ziyalı Ədalət Əhmədov yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq etmişdir.

Məktəblilərdən Yasin Ələkbərov və Fidan Həşimova bayrağa həsr olunmuş şeirlər söyləmişlər.

Sonra Ali Məclisin Sədri məktəblilərlə birgə qurğunu işə salmış, üçrəngli dövlət bayrağımız əbədi yüksəkliyə ucalmışdır.

Bayraq Meydanı ilə tanışlıq zamanı məlumat verilmişdir ki, bayraq dirəyinin hündürlüyü postamentlə birlikdə 44, meydanda dalğalanan bayrağın uzunluğu 16, eni isə 8 metrdir. Milli ornamentlərin – alov, xarıbülbül və ay-ulduzun əks olunduğu memarlıq elementləri ilə dizayn edilmiş Bayraq Meydanında müasir işıqlandırma sistemi quraşdırılmış, gülkarlıqlar salınmışdır. Həmçinin meydanın ətrafında da geniş abadlıq işləri görülmüş, suvarma sistemi qurulmuş, avtomobil dayanacağı yaradılmışdır.

Ali Məclisin Sədri Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının üzvlərini, təəssübkeşlərini partiyanın 30 illiyi münasibətilə təbrik etmişdir.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i Fərəc Fərəcov demişdir: “Vaxtilə biz ölkəmizin və onun Naxçıvan Muxtar Respublikasının çətin günlərini görmüşük. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtmasaydı, Yeni Azərbaycan Partiyası yaradılmasaydı, bugünkü inkişafın da şahidi ola bilməzdik. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında inkişaf nümunə gücündədir”.

Sonra Ali Məclisin Sədri tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirmişdir.

 

 

 

 

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti