Naxçıvan Muxtar Respublikasının strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev demişdir: “Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir”. Bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter almışdır. Xalqımızın mübarizə və qəhrəmanlıq tarixini özündə yaşadan Naxçıvan etibarlı müdafiə olunur. Əlahiddə Ümumqoşun Ordunun dağ şəraitində və hakim yüksəkliklərdə yerləşən hissə və bölmələrində nümunəvi xidmət şəraiti yaradılmışdır. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq digər bölgələrdə olduğu kimi, Havuş və Buzqov istiqamətlərində də müdafiə mövqelərində xidmət şəraiti yaxşılaşdırılmışdır.

Oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Havuş və Buzqov bölgələrində olmuş, mövqelərin mühəndis cəhətdən təkmilləşdirilməsi, mühəndis fortifikasiya qurğularının hazırlığı, şəxsi heyətin xidmətinin təşkili və məişət şəraiti ilə maraqlanmışdır.

Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırmış, şəxsi heyətə təşəkkür elan etmiş, yaradılan şəraitlə maraqlanmış, komanda müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, bu istiqamətdə şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması üçün 5 məntəqə yenidən tikilmiş, onlar elektrik enerjisi, təbii qaz və bütün növ mebel avadanlıqları ilə təmin olunmuş, 4 məntəqədə isə əsaslı təmir-bərpa işləri görülmüşdür. Mövqelərarası 20 kilometrdən artıq elektrik xətti yenisi ilə əvəz olunmuş, bütün mövqelərə gələn təminat yolları təkmilləşdirilmiş və əlavə olaraq 6 kilometrə yaxın təminat yolu çəkilmişdir. Mövqelər beton sığınacaqlarla təmin olunaraq müdafiənin dayanıqlılığı artırılmışdır. Bütün mövqelər ərzaq, əşya, su, yanacaq və odunla təmin olunaraq qış ehtiyatı yaradılmışdır. Mövqelərdə sənaye işığı ilə yanaşı, alternativ və bərpaolunan enerji mənbələrindən də istifadə olunması üçün günəş panelləri quraşdırılmışdır. 

Çətin dağlıq şəraitdə yerləşən mövqelərdə müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılmışdır. Əsas və ehtiyat səngərlər, mövqelər və müşahidə məntəqələri yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müdafiə mövqelərində olmuşdur.

Kapitan Elgiz Yusifli, əsgərlərdən Nicat Həmidli, Nəsbala Həsənov, Qurban Eyvazov və Teymur Quliyev minnətdarlıq edərək şəxsi heyətin qayğı ilə əhatə olunduğunu bildirmiş, düşmənin hər hansı təxribatına layiqincə cavab veriləcəyini qeyd etmişlər.

Sonra şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan “Birimiz hamımız, hamımız birimiz üçün!” şüarını səsləndirmişlər.

Bildirilmişdir ki, muxtar respublikanın düşmənlə təmas xəttində yerləşən Havuş və Buzqov bölgələrindəki mövqelərdə etibarlı müdafiə sistemi qurulmuşdur. Bu yüksəkliklərdə peşəkar və yüksək döyüş hazırlığına malik olan əsgər və zabitlərimiz üçün nümunəvi xidmət şəraiti yaradılmışdır. Dayanıqlı mühəndis istehkam qurğuları və əsgərlərimizin bilik və bacarığı mövqelərin etibarlı müdafiəsinə təminat verir. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, peşəkarlığı istənilən tapşırığı uğurla icra etmək imkanı yaradır.

Sonra Ali Məclisin Sədri digər mövqelərdə də olmuş, xidmətin təşkili və hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti ilə maraqlanmışdır.

Bildirilmişdir ki, yenidən qurulan yataqxana, yeməkxana,  əşya, ərzaq anbarları və digər binalarda təhlükəsiz və rahat şəraitdə xidmətin təşkili təmin olunmuşdur. Ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilmişdir. Qarşıdan gələn soyuq qış aylarında da xidmətin nümunəvi təşkili üçün ön xətt mövqelərində lazımi ehtiyat yaradılmışdır.

Mövqelərdə ideoloji işin təşkili və mənəvi-psixoloji hazırlığın artırılıması diqqətdə saxlanılır. Əsgərlərin asudə vaxtının səmərəli keçirilməsi üçün də lazımi şərait yaradılmış, ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən, Vətən müharibəsində qazanılan tarixi qələbədən bəhs edən kitablar, qəzet və jurnallar şəxsi heyətin istifadəsinə verilmişdir.  Burada əsgərlər dövri mətbuatla tanış olur, hərbi və bədii ədəbiyyatları mütaliə edirlər.

Ali Məclisin Sədri şəxsi heyətin qidalanması ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, əsgərlərin qidalanması da günün nizam qaydasına uyğun təşkil olunur. Anbarda ərzaq ehtiyatı yaradılmışdır. Yüksək kalorili məhsulların qida rasionuna daxil edilməsi qış aylarında əsgərlərin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əşya anbarı da lazımi geyim dəstləri və digər məişət avadanlıqları ilə təmin edilmişdir.

Sonra Ali Məclisin Sədri Buzqov bölgəsində yerləşən mövqelərdə də olmuş, əsgər və zabitlərlə görüşmüş, mövqelərin möhkəmləndirilməsi, təkmilləşdirmə işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar vermişdir.

Gətirilmiş 2 tona yaxın meyvə, tərəvəz və ərzaq məhsulları, 23 televizor, 3500 dəst isti geyim, 10 min qutu siqaret anbarlara təhvil verilmişdir.

Etibarlı müdafiə sistemi sərhəd kəndlərində rahat yaşayışa təminat verir   

Oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Havuş kəndinə gəlmiş, kənd tam orta məktəbində dərs prosesi ilə maraqlanmış, pedaqoji kollektivlə söhbət etmişdir. Bildirilmişdir ki, məktəb bu il yüz faizlik nəticə göstərmişdir.

Sonra Ali Məclisin Sədri şagirdlərə hədiyyələr təqdim etmişdir.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Valeh Musayev məlumat vermişdir ki, kənd əhalisi əsasən, heyvandarlıq, bağçılıq, arıçılıqla məşğul olur. Kəndin ərazisində dərman bitkiləri yetişir ki, onlar da toplanaraq festivallarda, yarmarkalarda satışı həyata keçirilir. Kənddə məskunlaşma artıb. Son altı ildə kənddə 18 yeni ev tikilmişdir. Hazırda isə iki evdə tikinti işləri aparılır.

 

 

 

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti