Naxçıvanda Peyğəmbərimizin mövludu qeyd edilib

Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Came məscidinə gəlmiş, Peyğəmbərimizin mövludu münasibətilə keçirilən tədbirdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev qeyd etmişdir ki, bu gün bütün İslam aləmi üçün ən əziz bayramlardan biridir. İslam aləmində müqəddəs sayılan və hicri təqvimi ilə Rəbiül-əvvəl ayına təsadüf edən mövlud gecəsində müsəlmanlar oyaq qalır, Quran oxuyur, sədəqə çıxarır, günahlarının bağışlanması üçün Allaha dualar edirlər, qəlblərə xoş bir duyğu, sevinc hakim kəsilir. Mövludun fəlsəfəsi bununla bitmir.

Burada məqsəd ondan ibarətdir ki, müsəlmanlar Məhəmməd Peyğəmbərin keçdiyi həyat yoluna bir daha nəzər salsın, onun yüksək insani keyfiyyətlərindən, əxlaqi dəyərlərindən ibrət götürsünlər. Mövlud bayramı bütün bunları insanlara bir daha xatırladır. Hər il olduğu kimi, bu il də muxtar respublikanın bütün məscidlərində müqəddəs mövlud dindarlarla birgə qeyd olunur.

Sonra “Qurani-Kərim”dən ayələr oxunmuş, xalqımıza əmin-amanlıq, ölkəmizə inkişaf və tərəqqi arzulanmış, şəhidlərimizə rəhmət dilənmişdir.

Dindarlardan Əli Rəhimov və Ağalar Bayramov dini dəyərlərə verilən qiymətə, din xadimlərinə göstərilən qayğıya, eləcə də muxtar respublikanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərə görə dindarlar və ictimaiyyət adından minnətdarlıq etmişlər.

Ali Məclisin Sədri Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə dindarları təbrik etmişdir.

Muxtar respublikanın rayonlarında da Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbirlər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti