Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Ümumdünya Şahmat Federasiyasının qərarına əsasən 2022-ci ilin oktyabr ayında Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcəkdir.

Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində olimpiadaya hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açmış, muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlərdən bəhs etmişdir.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini, Təşkilat Komitəsinin üzvü Emin Hacıyev olimpiadaya hazırlıq işləri ilə bağlı məlumat vermişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Şahmat Mərkəzində təmir işləri aparılmış, Beynəlxalq Şahmat Federasiyasının standartlarına uyğunlaşdırılmış, elektron şahmat lövhələri alınmışdır.  Olimpiadanın rəsmi internet səhifəsi və əsasnaməsi hazırlanaraq Beynəlxalq Şahmat Federasiyasına göndərilmiş və məlumatlar federasiyanın rəsmi internet səhifəsində yerləşdirilmişdir. Bu günədək 25 ölkədən 34 komanda qeydiyyatdan keçmişdir.

Azərbaycan Şahmat Federasiyasının prezidenti, Təşkilat Komitəsi sədrinin müavini Mahir Məmmədov olimpiadaya yüksək səviyyədə hazırlığa görə Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, Naxçıvanda ölkə səviyyəli yarışlarla yanaşı, dünya səviyyəli yarışların da təşkil olunduğunu, Naxçıvan Şahmat Mərkəzinin müasir səviyyədə qurulduğunu, oyunların keçirilməsi, hakimlərin təşkilatlanma və idarəetməsi, azarkeşlərin rahat şəkildə oyunları izləməsi üçün bütün şəraitin olduğunu bildirmiş, olimpiadaya hazırlıq və yarışların keçirilməsi ilə bağlı məsələlərdən danışmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə aidiyyəti üzrə tapşırıqlar verərək olimpiadanın yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirmiş, qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulamışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti