Naxçıvanda Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyası aparılıb

Ümummilli lider Heydər Əliyev demişdir: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”. Aparılan araşdırmalar nəticəsində burada tarixi minilliklərə dayanan yaşayış məskənləri aşkar olunmuşdur. Xüsusilə son illər beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyəti yeni elmi istiqamətlərin müəyyənləşdirilməsinə imkan vermişdir. 

Sentyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək rayonunun Sirab kəndi ərazisindəki Uçan Ağıl qədim yaşayış yerinə gəlmiş, Azərbaycan-Fransa birgə beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqat işləri ilə maraqlanmışdır. 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, arxeoloji ekspedisiyanın rəhbəri Vəli Baxşəliyev məlumat verərək demişdir ki, 2022-ci ildə muxtar respublikada Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Fransa birgə beynəlxalq arxeoloji ekspedisiyaları və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi tərəfindən arxeoloji tədqiqatlar aparılmışdır. Azərbaycan-Amerika Birləşmiş Ştatları arxeoloji ekspedisiyası tərəfindən Sədərək Kültəpəsində şəhər strukturunun qalıqları, o cümlədən daş döşənmiş küçələr, böyük həcmli, düzbucaq formalı ictimai binaların qalıqları, dəyərli keramika nümunələri, insanların təsərrüfat həyatını əks etdirən maddi-mədəniyyət qalıqları aşkar olunmuşdur. Sədərək Kültəpəsi Cənubi Qafqazda, o cümlədən  Azərbaycanda Dəmir dövrünə aid ən qədim şəhər yeri hesab olunur. İyun-iyul aylarında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən Naxçıvantəpə yaşayış yerində arxeoloji qazıntı işi davam etdirilmişdir. Tədqiqat zamanı Naxçıvan şəhəri ərazisində e.ə. VI minillikdən başlayaraq məskunlaşma olduğu müəyyən edilmişdir. Naxçıvantəpə yaşayış yerinin tədqiqi zamanı, həmçinin indiyədək Cənubi Qafqazda məlum olmayan, dünya alimlərinin marağına səbəb olan Dalmatəpə mədəniyyəti aşkar olunmuşdur.

Bildirilmişdir ki, bu ilin avqust-sentyabr aylarında Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyası Sirab kəndi ərazisindəki Uçan Ağıl yaşayış yerində arxeoloji qazıntı aparmışdır. Bu yaşayış yeri Cənubi Qafqazda, o cümlədən Azərbaycanda Erkən və Orta Eneolit dövrlərinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Abidənin tədqiqi zamanı Naxçıvanda Göyçə və Zəngəzur obsidianından istifadə olunduğu aşkar edilmişdir. Həmçinin Urmiya hövzəsi yaşayış yerlərinin obsidianla təmin olunmasında Naxçıvanın mühüm rol oynadığı məlum olmuşdur. Bu günədək Cənubi Qafqazda Erkən Eneolit dövrü abidələri aşkar olunmamışdır. Uçan Ağılda aparılan araşdırmalar bu yaşayış yerinin Erkən və Orta Eneolit dövrlərinə aid olduğunu, eyni zamanda Erkən Eneolit mədəniyyətinin Kültəpənin Neolit mədəniyyəti əsasında inkişaf etdiyini, insanların başlıca olaraq köçmə maldarlıqla məşğul olduğunu göstərir. Son Neolit və Son Eneolit dövrləri arasında yaranan xronoloji boşluğu doldurmaq, köçmə maldarlığın tarixinin öyrənilməsi baxımından Uçan Ağıl yaşayış yerinin tədqiqi mühüm əhəmiyyət daşıyır. 

Fransanın Lion Universitetinin arxeoloqu Katherine Marro ekspedisiya üzvlərinin fəaliyyəti üçün yaradılan şəraitə və göstərilən diqqətə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, bu cür qədim yaşayış yerlərinin və arxeoloji abidələrin Naxçıvanın bir daha  mədəniyyətlərin qovuşduğu yer olduğunu təsdiq etdiyini bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ekspedisiyanın nəticələrinin beynəlxalq səviyyədə yayılması, Uçan Ağıl yaşayış yerinin qeydiyyata alınması  və qorunması barədə tapşırıqlar vermiş, ekspedisiya üzvlərinə təşəkkür etmiş, xatirə şəkli çəkdirilmişdir.

                             

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti