Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş olub

Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ərzurum Atatürk və Van Yüzüncü İl universitetlərinin rektorları ilə görüşmüşdür.

Ali Məclisin Sədri qonaqları salamlamış, vaxtilə hər iki universitetdə olduğunu xatırlatmışdır. Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edən Ali Məclisin Sədri təhsil sahəsindəki əməkdaşlığa diqqəti çəkmiş, Naxçıvanda Türkiyədən olan tələbələrin təhsil aldığını bildirmiş, universitetlər arasında qarşılıqlı təcrübə, eləcə də müəllim-tələbə mübadiləsinin, ikili diplom layihələrinin həyata keçirilməsinin əhəmiyyətini vurğulamışdır.

Səmimi qəbula görə minnətdarlıq edən Ərzurum Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı əlaqələrdən bəhs etmiş, səfərin universitetlər arasındakı əməkdaşlıqda faydalı olacağını bildirmişdir.

Van Yüzüncü İl Universitetinin rektoru, professor Həmdullah Şevli də səfərin təhsil sahəsindəki əlaqələrə mühüm töhfə verəcəyini qeyd etmiş, ali təhsil müəssisələri arasındakı əməkdaşlıqdan danışmışdır.

 Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti