Naxçıvanda faşizm üzərində Qələbənin 77-ci ildönümü qeyd olunub

1941-1945-ci illər müharibəsində faşizm üzərində qazanılan tarixi Qələbənin 77-ci ildönümü Naxçıvan Muxtar Respublikasında qeyd olunmuşdur.

Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə Kompleksinə gəlmiş, veteranlarla görüşmüş, onları qələbə münasibətilə təbrik etmişdir.

Sonra Ali Məclisin Sədri abidə önünə gül dəstəsi qoymuş, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsinə ehtiramını bildirmişdir.

Naxçıvan Hərbi Qarnizonunun nümunəvi Hərbi Orkestrinin ifasında marşlar səslənmişdir.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri də müharibədə həlak olanların əziz xatirəsini ehtiramla yad etmişlər.

Faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük xidmətləri olmuşdur. 1941-1945-ci illər müharibəsində xalqımızın sarsılmaz iradəsi və inamı ön və arxa cəbhəni birləşdirmiş, faşizm üzərində qələbəyə mühüm töhfə vermişdir. Müharibənin başlandığı ilk gündən səfərbərlik elan olunmuş, on minlərlə azərbaycanlı döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə vermişdir. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 min oğul və qızını yola salmış, onların 300 mindən çoxu döyüş meydanlarından geri qayıtmamışdır. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycanlı çağırışçılardan və könüllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq nümunəsi göstərmişdilər.

Muxtar respublikamızın əhalisi də alman faşizmi üzərində qələbənin qazanılmasında böyük qəhrəmanlıqlar göstərmişlər. 402-ci atıcı diviziya Naxçıvanda formalaşaraq buradan birbaşa döyüş meydanına yola salınmışdır. Həmyerlilərimiz Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçərək göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazmışlar. Döyüşlərdə iştirak edən naxçıvanlılardan 3-ü Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, müharibə iştirakçılarından 102-si “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri ilə, 105-i birinci və ikinci dərəcəli “Vətən Müharibəsi”, 315-i “Qırmızı Ulduz”, 29-u “Qırmızı Bayraq” ordenləri ilə təltif olunmuşlar.

“Azərbaycan xalqı ikinci dünya müharibəsində böyük rəşadət, qəhrəmanlıq nümayiş etdirmiş, həm cəbhədə, həm arxada vuruşaraq, çalışaraq qələbənin əldə olunmasında öz xidmətlərini göstərmişdir. Bu qələbə bəşəriyyət tarixində bütün qara qüvvələrə, faşizmə qarşı mütərəqqi qüvvələrin qələbəsi idi. Azərbaycan xalqı bu qələbənin naminə böyük qurbanlar veribdir”,- deyən ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 9 May Qələbə Günü kimi rəsmiləşdirilərək dövlət bayramları sırasına daxil edilmiş, müharibə veteranlarının imtiyazları və statusları bərpa olunmuşdur. Ümummilli liderimizin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin qələbə bayramı ərəfəsində müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması ənənə halını almışdır. Ölkə Prezidentinin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2022-ci il 19 aprel tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarının daha bir ifadəsidir.

44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz təmin olundu, tarixi Qələbə qazanıldı. Vətən müharibəsindəki Qələbə xalqımızın şanlı dövlətçilik və hərb tarixinin, igidlik və mərdliyinin daha bir ifadəsinə çevrildi.

Həmin gün Naxçıvan Muxtar Respublikasının rayonlarında da 1941-1945-ci illər müharibəsində faşizm üzərində qazanılan tarixi Qələbənin 77-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti