Naxçıvanda yeni kənd təsərrüfatı texnikaları və avadanlıqlarının təqdimatı olub

Muxtar respublikada kənd təsərrüfatının prioritet sahə kimi müəyyənləşdirilməsi yerli istehsalın həcminin artmasına, ixrac imkanlarının yaradılması və əhalinin məşğulluğunun təmin olunmasına şərait yaratmışdır. Bu gün torpaq mülkiyyətçiləri və fermerlərin, həmçinin ailə təsərrüfatçılarının müasir kənd təsərrüfatı texnika və texnoloji avadanlıqları ilə təmin olunması da məhsul istehsalında rentabelliyi artıran əsas tədbirlərdəndir. Aqrar sahədə müasir texnologiyaların tətbiqi məhsulun itkisiz və vaxtında yığılmasına, məhsuldarlığın yüksəldilməsinə, əl əməyinin yüngülləşdirilməsinə və çəkilən xərclərin azalmasına imkan verir.

Aprelin 5-də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində yeni kənd təsərrüfatı texnikaları və avadanlıqlarının təqdimatı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək demişdir ki, aqrar sahədə sistemli şəkildə həyata keçirilən islahatlar və aparılan kompleks işlər nəticəsində muxtar respublikada kənd təsərrüfatı bu gün müasir inkişaf mərhələsinə yüksəlmişdir. Aqrar sektorda yüksək nəticələrə nail olmaq üçün yeni texnologiyaların tətbiqi mühüm şərtdir. Muxtar respublikada bu sahəyə göstərilən qayğının nəticəsidir ki, texnika parkı tamamilə yenilənib. Hazırda dünyanın qabaqcıl şirkətlərinin istehsal etdikləri müxtəlif texnika və avadanlıqlar muxtar respublikanın torpaq mülkiyyətçiləri və fermerlərinin  istifadəsindədir. Hazırda “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bazasında 473 texnika və avadanlıq mövcuddur. Cəmiyyətin fəaliyyəti dövründə 1180 sahibkara lizinqə verilmiş  texnikalara görə 11 milyon 841 min manat güzəşt tətbiq edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamlarının icrası ilə əlaqədar 2021-ci ildə və 2022-ci ilin üç ayı ərzində 10 kiçikölçülü traktor, 3 kiçikölçülü kotan, 9 yerşumlayan, 25 yaş və quru otdoğrayan maşın, 9 arpa-buğda qırma maşını, 5 frez, 1 kiçik ölçülü rotorlu otbiçən, 3 südsağan aqreqat, 1 qoşqu, 2 kiçikölçülü kartofçıxaran, 1 dırmıq, 4 xamaçəkən, 2 yunqırxan və 110 dəst suvarma sistemi lizinq yolu ilə kiçik ailə təsərrüfatı sahiblərinə verilmişdir. Elşad Əliyev yaradılan şəraitə görə minnətdarlıq etmişdir.

Sonra yaz əkinləri barədə məlumat verilmişdir. Bildirilmişdir ki,  hava şəraiti yaz əkinlərinin başlamasına imkan vermişdir. Qısa müddətdə 1700 hektardan artıq sahədə aqrotexniki qaydalara uyğun olaraq yazlıq əkinlər keçirilmişdir. Ötən il fərdi təsərrüfatlardakı əkinlər nəzərə alınmadan pay torpaqlarında soğan əkini 105 hektar olmuşdur. Bu günə isə 152 hektar sahədə soğan əkilmişdir. Gec, orta və tez yetişən sortlar olmaqla, kartof əkini 318 hektara çatdırılmışdır. Tapşırıq əsasında bu il əsasən, yağlı bitkilərin - qarğıdalı və günəbaxan əkinləri əsas götürülmüşdür. Bu günə 50 hektardan çox sahədə qarğıdalı əkini keçirilmiş, günəbaxan əkinlərinə də başlanılmışdır. Həmçinin torpaq mülkiyyətçilərinə lazım olan toxumlar alınıb gətirilərək “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsində satışı təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Muxtar respublikada aqrar sahədə görülən işlər torpaqlardan tam səmərəli istifadə olunmasına imkan verir. Torpaqların suvarılması, münbitliyinin artırılması və əkin işlərinin aqrotexniki qaydalarda aparılması üçün hərtərəfli şərait vardır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra aqrar sahədə islahatlara ilk dəfə muxtar respublikada başlanıldı. Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda başlatdığı islahatlar sonradan bütövlükdə ölkəmizdə tətbiq olundu. Bu gün artıq Azərbaycan kəndlisi həm torpağa, həm də texnikaya sahibdir. 2006-cı ildən etibarən aqrolizinq sahəsində görülən işlərin nəticəsi olaraq muxtar respublikada 3000-ə yaxın texnika lizinqə verilmiş, həmin texnikaların 70 faizə yaxını dəyəri tam ödənilməklə sahibkarların şəxsi mülkiyyətinə keçirilmişdir. Bu da imkan verir ki, həm rəqabət olsun, həm də torpağın əkilib-becərilməsində əvvəlki dövrlərdə olan problemlər ortadan qaldırılsın.

Ali Məclisin Sədri demişdir: Hər il muxtar respublikada yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. 2021-ci ildə muxtar respublikada 970 hektara yaxın yeni torpaqlar əkin dövriyyəsinə daxil edilmişdir. Bura həm meyvə bağları, həm də əkin sahələri aiddir. Bunların da əkilib-becərilməsi üçün texnika lazımdır. Texnikaların gətirilməsi üçün isə müvafiq qurum yaradılıbdır. Bu qurum da öz işini layiqincə yerinə yetirir, verilən tapşırıqlar vaxtında icra edilir. Bu gün muxtar respublikada aqrolizinq sahəsində əhaliyə göstərilən xidmətlər və lizinqə verilmiş texnikalar sahəsində heç bir problem yoxdur. Artıq “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti həm lizinq xidməti, həm də texniki xidmət işlərini həyata keçirir. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada torpaq mülkiyyətçiləri və fermerlərin sayı artır, bol məhsul istehsal edilir, bir çox məhsullar üzrə tələbat yerli istehsal hesabına ödənilir, əhali məşğulluğu təmin olunur.

Ali Məclisin Sədri demişdir: Muxtar respublikada həm pandemiya dövründə, həm də 44 günlük İkinci Qarabağ müharibəsi dövründə heç bir ərzaq qıtlığı hiss olunmadı. Bu gün də bazarlarda qiymətlər sabitdir, istehsal var və əhali də ildən-ilə əkin sahələrini genişləndirməklə bərabər, onlara müasir aqrotexniki qulluq qaydalarını da öyrənirlər ki, bunun da nəticəsində məhsuldarlıq artır. Ona görə də aqrolizinq fəaliyyətini bundan sonra da əhaliyə xidmət sahəsində davam etdirməli, əhalinin sifarişi əsasında lizinqə texnika və avadanlıqlar gətirilməli, əvvəlki illərdən qalan texnikaların qiymətlərinə isə Nazirlər Kabineti tərəfindən yenidən baxılmalıdır. Bu işlərin davam etdirilməsi gələcəkdə muxtar respublikada kənd təsərrüfatı sahəsində məhsuldarlığın və məhsul çeşidinin artırılmasına şərait yaradacaqdır. Əgər Sovetlər Birliyi dövründə və müstəqilliyin ilk illərində muxtar respublikaya kartof, soğan və digər kənd təsərrüfatı məhsulları, əsasən, başqa yerlərdən gətirilirdisə, artıq bu gün muxtar respublika özünü bu məhsullarla təmin edir. Hətta artıq bir neçə ildir ki, muxtar respublikadan kənd təsərrüfatı məhsullarının ixracına başlanılıbdır. Bunlar nailiyyətlərdir.

Ali Məclisin Sədri aqrar sahənin inkişafında əməyi olanlara təşəkkürünü bildirmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Sonra yeni alınmış texnikalara baxış olmuşdur. Qeyd olunmuşdur ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən fəaliyyəti dövründə 3471 texnika və texnoloji avadanlıqlar alınmış, onlardan 2900-ü sahibkarlara lizinqə verilmişdir. Ali Məclis Sədrinin tapşırığı ilə 2021-ci ildə 327, 2022-ci ilin ötən dövründə isə sahibkarların texniki təminatını düzgün təmin etmək üçün onların tələbatına uyğun və sifarişləri əsasında 4 qarğıdalı, günəbaxan və tərəvəz toxumuəkən, 4 arpa-buğda qırma maşını, 2 bağarası dərmansəpən, 18 kotan, 9 rotorlu və əl ilə otbiçən, 4 çizel, 6 arxaçan, 12 gübrəsəpən, 10 yaş və quru otdoğrayan maşın olmaqla, ümumilikdə, 69 kənd təsərrüfatı texnikası alınmışdır. Alınmış texnikalardan 2021-ci ildə 249-u lizinqə, 97-si nağd, 2022-ci ildə isə 32-si lizinqə, 2-si isə nağd olmaqla, ümumilikdə, 380 texnika və texnoloji avadanlıqlar sahibkarlara verilmişdir.

Bildirilmişdir ki, cəmiyyətin özündə və rayon bazalarında yerləşən bitkiçilik və heyvandarlıq apteklərində kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan dərmanlar, xüsusilə tərəvəzlərin zərərvericilərə qarşı qorunmasında əhəmiyyətli olan gübrələr satışa çıxarılır. Dərmanların istifadə qaydası haqqında torpaq mülkiyyətçilərinə və fermerlərə əvvəlcədən məlumat verilir. Cəmiyyətin anbarında kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri də vardır. Gübrə anbarlarına baxış zamanı bildirilmişdir ki, bu il ümumilikdə 100 ton kompozit gübrəsi alınmışdır ki, sahibkarlara satışı həyata keçirilir. Cəmiyyətin rayon bazalarında gübrə ehtiyatı yaradılmışdır. Artıq 2021-2022-ci il üçün taxıl itehsalçılarına karbamid gübrəsinin paylanılması yekunlaşmışdır.

 Ali Məclisin Sədri Kənd Təsərrüfatı Nazirliyi tərəfindən səyyari aptekin yaradılması, günəbaxan biçən texnikaların alınması, yeni texnika və avadanlıqların gətirilərək lizinq və nağd formada satışının təşkil olunması, bələdiyyə və dövlət mülkiyyətində olan dəmyə torpaqların “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əkininin həyata keçirilməsi, günəbaxan və qarğıdalı əkinlərinin təşviqi barədə tapşırıqlar vermişdir.

 

Naxçıvan Muxtar Respublikası

                            Ali Məclisinin mətbuat xidməti