Enerji resurslarının talanmasının hüquqi nəticələri haqqında

Qış fəslinin daxil olması və havaların soyuması ilə əlaqədar əhali isinmək üçün qaz, elektrik və istilik cihazlarından daha çox istifadə edir.  Amma bəzən insanlar  qaz, elektrik və istilik təsərrüfatında istifadə qaydalarının tələblərinə düzgün riayət etmirlər, nəticədə qanunvericiliyin müvafiq tələbləri pozulur, həm insanların həyat və sağlamlığına, həm də dövlətə, cəmiyyətə maddi ziyan yetirilir.

Öncəliklə bir dəfə yadda saxlamaq lazımdır ki, hər hansı qanunu bilməmək həmin qanunun pozulmasına görə şəxsi məsuliyyətdən azad etmir. Bunun görə vətəndaşların  bu mövzuda hüquqi yöndən maariflənmələrinə nail olmaları önəmli məsələdir. Sadəcə vətəndaş məsuliyyəti hiss edərək mümkün qədər bu maarifləndirmələrdən səmərəli şəkildə xəbərdar olmaq səyləri göstərmək lazımdır. Bu zaman ictimai həyatın hər bir sahəsində olduğu kimi, bu sahədə də bilərək və ya bilməyərək qanunazidd əmələ görə dövlətin tətbiq edəcəyi cərimə və cəzadan xəbərdar olan vətəndaş qanun pozuntusuna yol verməkdən mümkün qədər uzaq tutur.

Bu mövzuda biz vətəndaşlarımıza təbii qaz, elektrik və istilik enerjisindən istifadə zamanı Azərbaycan Respublikası qanunlarının pozulmasına görə yaranan məsuliyyət növlərindən danışacağıq.

Bildiyimiz kimi, hüquqi məsuliyyət mülki, intizam, inzibati və cinayət məsuliyyəti olmaqla bir neçə növə ayrılır. Ancaq bu yazımızda yuxarıda qeyd etdiyimiz sahədə yaranan inzibati və cinayət məsuliyyəti növlərindən söhbət açacağıq.

2016-cı ilin mart ayından qüvədə olan yeni qəbul olunmuş İnzibati Xətalar Məcəlləsində enerjidən stifadə qaydalarının pozulmasına, həmçinin talanmasına görə müəyyən edilən cərimələr ən son edilən dəyişiklik və əlavələrlə bir az daha sətrləşdirilib. Yeni İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” adlanan 26-cı fəslində qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə inzibati məsuliyyət növü nəzərdə tutan bir sıra maddələr öz əksini tapmışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsində göstərilir ki, qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasına, yəni, qaz, elektrik və ya istilik qurğularında (elektrik verilişi xətlərində və boru kəmərlərində), avadanlıqlarında, qaza və enerjiyə qənaət sistemlərində texniki istismar qaydalarının pozulmasına, habelə onların texniki səviyyəsinin yüksəldilməsi və ya saxlanılması üçün müəyyən edilmiş tələblərin yerinə yetirilməməsinə; qaz, elektrik və ya istilik enerjisinin istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına; qaz, elektrik və ya istilik qurğularının (elektrik verilişi xətlərinin və boru kəmərlərinin), avadanlıqlarının, cihazlarının və bununla əlaqədar yeni texnologiyaların yaradılmasında dövlət energetika və qaz ekspertizasının həyata keçirilməsi tələblərinin pozulmasına, yaxud yanlış ekspert rəyinin verilməsinə; dövlət energetika və qaz ekspertizasının rəyi olmadan, müvafiq standartların tələblərinə cavab verməyən qaz, elektrik və ya istilik qurğularının (elektrik verilişi xətlərinin və boru kəmərlərinin), avadanlıqlarının, cihazlarının və bununla əlaqədar yeni texnologiyaların yaradılmasının maliyyələşdirilməsinə, onların istehsalata buraxılmasına və ya satışına; müəssisələrin, qaz, elektrik və ya istilik təsərrüfatlarının, şəbəkələrinin, qurğularının (elektrik verilişi xətlərinin və boru kəmərlərinin) və başqa obyektlərinin layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, istismara verilməsində qaza və enerjiyə qənaət üzrə müəyyən edilmiş tələblərin pozulmasına; qazın, elektrik və ya istilik enerjisinin istehsalı, nəqli və ya paylanması zamanı dövlət və sahə standartlarının tələblərinin pozulmasına; qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.

Deyək ki, qaz və elektrik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi halı baş verdi. Bu zaman belə bir maneni törədən şəxsin barəsində enerji təchizatı müəssisəsinin və ya qaz paylayıcısının səlahiyyətli şəxsinin müvafiq olaraq qaz və ya elektrik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 280-ci maddəsi ilə inzibati məsuliyyət yaranır və fiziki şəxslər iyirmi manat məbləğində, vəzifəli şəxslər əlli manat məbləğində, hüquqi şəxslər yüz manat məbləğində cərimə edilir.

İnzibati Xətalar Məcəlləsində həmçinin təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulmasına görə də inzibati qaydada məsuliyyət növü öz əksinin tapmışdır. Məcəllənin 282.1-ci maddəsində qeyd edilir ki, təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Bununla yanaşı, həmin maddənin 2-bəndində, yəni, 282.2-ci maddəsində göstərilir ki, Təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Burada “az miqdarda” dedikdə, beş min manatadan yuxarı olmayan olan məbləğ başa düşülür.

Deməli, təbii qaz, elektrik və istilik enerjisindən istifadə zamanı qanunvericiliyin pozulmasına görə yaranan inzibati məsuliyyət yuxarıda göstərilən qaydada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində öz yerini almışdır.

Bundan başqa, qeyd edilən sahədə Azərbaycan Respublikası qanunlarının pozulmasına görə inzibati məsuliyyətlə yanaşı eyni zamanda daha ciddi cəza tədbirləri nəzərdə tutan cinayət məsuliyyəti də müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Mülkiyyət əleyhinə olan cinayətlər” adlı 23-cü fəslində 189-1-ci maddədə nəzərdə tutlan cinayət məsuliyyətini siz oxucuların diqqətinə çatdırmaq məqsədə uyğundur. Qeyd edilən maddədə göstərilir ki, təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda (beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 189-1.2-ci maddəsində isə eyni əməllərin külli miqdarda (əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədilməsinə görə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya  üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.ilə cəzalandırılması nəzərdə tutulmuşdur.

Cinayət Məcəlləsinin 189-1.2-1-ci maddəsində daha ağır məsuliyyət cəza nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda, yəni beş yüz min manatdan yuxarı olan məbləğdə ziyan vurmaqla törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məcəllənin 189-1.3-cü maddəsində isə təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən Cinayət Məcəlləsinin 189-1.1-ci, 189-1.2-ci və ya 189-1-2-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısının alınmamasına görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırcəzalandırılması müəyyən edilmişdir.

Cinayət Məcəlləsinin 189-1.4-cü və son bəndində isə təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui-istifadə etməklə tamah və ya sair şəxsi marağı üzündən Cinayət Məcəlləsinin 189-1.1-ci, 189-1.2-ci və ya 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısını almaması dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması müəyyən edilmişdir.

Bəli, ölkəmizdə təbii qaz, su, elektrik və istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə inzibati və cinayət məsuliyyəti yuxarıda göstərdiyimiz qaydada müəyyən edilmişdir.

Yeri gəlmişkən mövzumuzla birbaşa əlaqədar olduğu üçün onu da qeyd edək ki, qanunvericiliklə müəyyən edilmidşir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər:

-istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;                                                                                                 

-təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;                                                                                 

-istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;                                                               

-paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə;       

-paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda;                                                                      -məhkəmənin qərarı ilə.

İstehlakçıya qazın verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.

Hörmətli oxucu! Qanunlarımız barədə oxumaqla yetinməməli, eyni zamanda ailə üzvlərimizə, yaxınlarımıza və ətrafınızdakı digər vətəndaşlara da məlumat vermək, çatdırmaq və bu yolla onların da məlumatlanmasına nail olmaq hamımız üçün daha faydalı olar.

Qanunlarımızı bilmək və onlara əməl etmək hüquqi cəhətdən möhkəm cəmiyyətin formalaşmasında başlıca şərtlərdən biridir.

 

    Elvin Zeynalov

Sədərək rayon prokurorluğunun

müstəntiqi, I dərəcəli hüquqşünas                                    

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.