Azərbaycan Respublikasının qanunvericiliyində “Mediasiya”

Mediasiya institutu mülki işlər və iqtisadi, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəməyə getmədən tərəflərin qarşılıqlı razılığı ilə həlli məqsədi daşıyır. Həmin institut hazırda bir çox inkişaf etmiş ölkələrdə geniş tətbiq olunur. Ölkəmizdə isə “Mediasiya haqqında” Qanun 29 mart 2019-cu il tarixdə qəbul edilib. Elə Qanunun “əsas anlayışlar” adlanan 1-ci maddəsində “mediasiya”ya belə anlayış verilir:

mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir.

Mediasiya tərəflərin qarşılıqlı razılığı ilə bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında həyata keçirilir və könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında həyata keçirilir. Sadalanan prinsiplərdən də görünür ki, mediasiya könüllü xarakter daşıyır və tərəflər mediatorun seçilməsində sərbəstdirlər. Tərəflər mediasiya zamanı bütün məsələlərdə, o cümlədən mediatorun seçilməsində bərabər hüquqlardan istifadə edirlər və bərabər vəzifələr daşıyırlar və mediasiya zamanı mediator müstəqil və qərəzsiz olmalıdır. Mediator mediasiya prosesini həyata keçirən zaman tərəflərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən asılı olmamalıdır və mediasiya zamanı adıçəkilən orqanların və şəxslərin mediatorun fəaliyyətinə müdaxiləsinə yol verilmir.

Qanuna əsasən mediatorların reyestrinə daxil edilən və mediator funksiyasını yerinə yetirməyə razılıq verən, mediasiya tərəflərinin qarşılıqlı razılığı ilə seçilən, işdə marağı olmayan, qərəzsiz, müstəqil fiziki şəxs mediator ola bilər. Mediator fəaliyyətini yaşı 25-dən aşağı olmayan, ali təhsilli, ən azı 3 illik iş stajına malik, mediatorların hazırlıq proqramı üzrə təlim keçdiyini təsdiqləyən sertifikata malik və peşəkar mediatorların reyestrinə daxil edilmiş şəxslər həyata keçirə bilərlər. Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.

Qanunvericilikdə “mediator” sözünə isə belə anlayış verilir: mediator, peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, müvafiq Qanunun tələblərinə cavab verən fiziki şəxsdir. Başqa sözlə desək, mediator, mediasiya prosesi zamanı tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı qanunla müəyyən olunan prosesi həyata keçirməli olan şəxsdir. Mediatorun aşağıdakı hüquqları vardır:

- öz istəyi əsasında fərdi qaydada və ya mediasiya təşkilatı vasitəsilə mediasiya fəaliyyətini həyata keçirmək;

- tərəflərlə razılaşdırılmış xidmət haqqı almaq;

- mediasiya prosesində hər iki tərəflə birgə və ya ayrı-ayrılıqda görüşlər keçirmək, əməkdaşlıq etmək, onlara şifahi və yazılı tövsiyələr vermək;

- konfidensiallıq prinsipini gözləməklə ictimaiyyəti öz fəaliyyəti haqqında məlumatlandırmaq;

- nümayəndə ilə təmsil olunan tərəflə nümayəndəni məlumatlandırmaqla birbaşa əlaqə saxlamaq;

- Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

Eyni zamanda qanunvericilikdə mediatorun qanunla müəyyən olunan mediasiya prinsiplərinə riayət etmək, iki ildə bir dəfədən az olmayaraq təşkil olunan ixtisasartırma kurslarında iştirak edərək müvafiq sertifikat almaq, mediasiya zamanı tərəflərin razılığı çərçivəsində hərəkət etmək, mediasiya başlanana qədər tərəflərə mediasiyanın məqsədlərini, onların hüquq və vəzifələrini izah etmək, mediasiya bitdikdən sonra tərəflərin ona verdiyi sənədləri geri qaytarmaq və s. bunun kimi bir sıra vəzifələri də qeyd olunur.

Əlavə olaraq qeyd edək ki, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər və məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər mediator ola bilməzlər.

Bəs mediasiya təşkilatı nədir?

Adıçəkilən qanunun 11-ci maddəsində qeyd olunur ki, mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, müvafiq Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən hüquqi şəxsdir.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmış hüquqi şəxs mediasiya təşkilatı ola bilər və hüquqi şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediasiya təşkilatı kimi fəaliyyət göstərmək hüququ əldə edir. Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi üçün hüquqi şəxs aşağıdakı tələblərə cavab verməlidir:

-ən azı iki mediatorla (onlardan əz azı biri ali hüquq təhsilli olmalıdır) əmək müqaviləsi olmalıdır;

-mediator tərəfindən göstərilən mediasiya xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi üçün təsdiq olunmuş qaydaya malik olmalıdır;

-istifadəsində ən azı iki otaqdan ibarət ofisi olmalıdır;

Vətəndaşlarda sual yarana bilər ki, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyanın xüsusiyyətləri nələrdən ibarətdir?! Bu zaman “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə diqqət yetirmək lazımdır. Həmin maddədə ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələrin mediasiya vasitəsilə həll oluna biləcəyi göstərilir:

- nikahın davam etdirilməsi şərtləri;

- valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;

- uşağın yaşayış yerinin müəyyən edilməsi;

- uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;

- ailə münasibətlərindən irəli gələn digər mübahisələr.

Əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. Onu da nəzərə çatdırmaq lazımdır ki, qanunvericiklə müəyyən edilmiş qaydada hətta, nikah müqaviləsinə mediasiyaya dair şərtlər də daxil edilə bilər.

Qısacası, mediasiya, mübahisələrin məhkəmədən kənar alternativ həll yollarından biridir və tərəflər mediasiya sessiyaları vasitəsilə məhkəmələrə nisbətdə daha az xərc çəkərək mübahisələrini arzu etdikləri zaman və formada həll edə bilərlər.

Vəkil ilə mediatorun arasında ən böyük fərq isə, mediatorun müstəqilliyi və neytrallığıdır. Çünki mediator heç bir tərəfi təmsil etmir. Buna görə də mediasiya sessiyalarında tərəflərdən əlavə olaraq, tərəflərin maraqlarının müdafiəsi və təmini baxımından hər tərəfin vəkilləri və ya onları təmsil edən digər maraqlı şəxslər də iştirak edə bilər. Ümumiyyətlə mediasiya sessiyalarında haqlı və ya haqsız tərəflər yoxdur və nəticədə də heç kim uduzmur. Çünki əldə edilən barışıq sazişinin özü prosesin hər tərəfin məmnunluğu ilə nəticələndiyinin göstəricisidir.

Mediasiya haqqında qanuna görə bu xidmət pulludur, ancaq mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər.

 

Abdulla Quliyev

Naxçıvan şəhər prokurorluğnun böyük müstəntiqi

II dərəcəli hüquqşünas

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.