Tütün məmulatının istifadəsinin məhdudlaşdırılması

Tütün məmulatı dedikdə, tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.) başa düşülür. Bütün növ qəlyanlar və elektron siqaretlər də “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur.

Tütündən istifadənin nəticələrindən qorunmanın 9 əsas prinsipi vardır ki, onlara vətəndaşların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütündən istifadənin nəticələrindən qorunması sahəsində hüquqlarına riayət edilməsi, ətraf mühitdəki tütün tüstüsünün təsiri və tütün istifadəsi nəticəsində yaranan xəstəliklərin, əlilliyin, vaxtından əvvəl ölüm hallarının qarşısının alınması, tütündən istifadənin nəticələrindən qorunma hüquqlarının təmin edilməsi üçün dövlətin və bələdiyyələrin, fərdi sahibkarların, hüquqi şəxslərin və digər qurumların məsuliyyəti, tütündən istifadənin nəticələrindən qorunma sahəsində Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlığının təmin edilməsi, tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılması aiddir.

Qanunvericilikdə tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlətin, bələdiyyələrin, o cümlədən fiziki və hüquqi şəxslərin hüquq və vəzifələri də öz əksini tapmışdır. Hər kəsin tütün məmulatlarının və onlardan tüstü ilə ayrılan məhsulların komponentləri, tütün çəkilməsinin zərərli təsiri, profilaktikası və məhdudlaşdırılması barədə məlumat almaq hüququ vardır. Tütün məmulatlarının tərkibində olan nikotinin, tütün qətranının və karbon monoksidinin miqdarı barədə məlumatlar istifadəçiyə bildirilməli, tütün məmulatları qutularının üzərində həmin məlumatlar əks etdirilməlidir.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:

-təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;

-səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;

-idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;

-restoranlar, kafelər daxil olmaqla, ictimai-iaşə obyektlərində;

-ticarət obyektlərində;

-məişət obyektlərində;

-sosial xidmət müəssisələrində;

-yerləşdirmə vasitələrində;

-teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;

-uşaq meydançalarında;

-yerüstü qapalı və yeraltı piyada keçidlərində;

-müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;

-metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;

-hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində;

-hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;

-liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;

-taksafonlarda;

-yanacaqdoldurma məntəqələrində, həmçinin tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində;

-mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası qanunvericiliyin tələblərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulub. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən bu məcəllənin 299 (Hava nəqliyyatında tütün çəkmə), 305 (Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə tütün çəkmə), 306.4 (Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan “Stop” açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda tütün çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə), 318 (Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə tütün çəkmə), 322.0.4-cü (müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkilməsinə) maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə 30 (otuz) manat məbləğində cərimə müəyyən edilmişdir.

İdman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində, restoranlar, kafelər daxil olmaqla, ictimai-iaşə obyektlərində, icarət obyektlərində, yerləşdirmə vasitələrində, su və dəmiryolu nəqliyyatında, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda və iş yerlərində tütün çəkmək üçün havalandırma sistemi ilə təmin olunan və ya açıq havada olan xüsusi yerlər təşkil edilə bilər. Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normalara və müəyyən tələblərə cavab verən şəkildə təchiz edilməlidir.

Bütövlükdə götürdükdə isə müəssisələrdə, idarələrdə, təşkilatlarda tütün çəkmək üçün xüsusi ayrılmış yerlərin sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchiz edilməli və görünən yerlərdə “tütün çəkmək qadağandır” yazısı və ya işarəsi olmalıdır. Qeyd olunanları yerinə yetirməmiş şəxslər Azərbaycan Respublikası İXM-nin 212.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaqla, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər barəsində isə 1000 manat məbləğində cərimə olunacaqlar.

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır. Tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edir. Alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı tütün məmulatını alıcıya satmaqdan imtina edir. Yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 212.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi inzibati xətadır və bu inzibati xətanı törətmiş şəxslər 100 (yüz) manat məbləğində cərimə edilirlər.

Tütün məmulatları tullantılarının ətraf mühitə atılması isə özlüyündə İXM-in 212.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur və bu inzibati xətanı törətmiş şəxslər 50 manat məbləğində cərimə olunurlar.

İnzibati Xətalar Məcəlləsinin 212.5-ci maddəsində həmçinin “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə isə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilirlər.

Qeyd etmək lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 212.1 və  212.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, 212.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə icraata başlamış FHN və ya Səhiyyə Nazirliyi, 212.3-cü maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, 212.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə isə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi baxır.

  Yuxarıda göstərilən inzibati xətalardan başqa Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılması da inzibati məsuliyyətə səbəb olur və bu xətanı törətmiş şəxslər yüz manat məbləğində cərimə edilirlər.

 

Qalib İsmayılov

Culfa rayon prokuroru, kiçik ədliyyə müşaviri   

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.