Kreditlərdən təyinatı üzrə istifadə olunmalıdır

Kredit-iqtisadi kateqoriya olub, müvəqqəti sərbəst pul vəsaitlərinin yenidənbölgüsü ilə əlaqədar olaraq təsərrüfat subyektlərinin bir-birləri ilə müddətlilik, ödənc və geri qaytarılmaq şərtləri üzərində qurulan qarşılıqlı iqtisadi əlaqəsini tərənnüm edir. Kreditlərin formasına, şərtlərinə, verilmə və ödənilmə müddətlərinə görə 30-dan artıq növü fərqləndirilir.

Kreditin quruluşu sabit və dəyişməzdir. Kredit bir-biri ilə sıx əlaqədə olan elementlərdən təşkil olunmuşdur. Bu elementlərdən ən başlıcası bu münasibətlərin subyektləridir. Kredit sövdələşmələrində subyekt hər zaman kreditor və borcalandır.

Kreditor və borcalanlar ilk növbədə əmtəə mübadiləsi bazası əsasında yaranır. Alqı-satqı  prosesləri  zamanı alıcı hər zaman satdığı əmtəənin pul ekvivalentini ala bilmir, həmçinin satıcı aldığı malın qiymətini dərhal ödəyə bilmir. Belə hallarda ödəmə yalnız müəyyən vaxt keçdikdən sonra baş verir. Beləcə, satıcı kreditor, alıcı isə borcalan olur. Deməli, kredit münasibətlərinin obyekti dəyərin borc verilən hissəsi, subyektləri kreditor və borcalandır (debitor). Bu münasibətlərdə şəxsi vəsaitlərini müəyyən prinsiplər əsasında borc verən tərəf kreditor, krediti götürən və aldığı borcu qaytarmalı olan tərəf isə borcalan və ya debitordur.

Borc verə bilmək üçün kreditorun müəyyən qədər vəsaiti olmalıdır. Bu vəsaitlərin mənbəyi, həm şəxsi yığım, həm də yenidən istehsal prosesinin digər subyektlərindən götürülmüş resurslar ola bilər. Müasir iqtisadiyyatda kreditor-bank krediti nəinki öz resursları hesabına, həmçinin onun hesablarında saxlanılan, cəlb edilmiş səhm və istiqrazlarının yerləşdirməsi nəticəsində cəmləmiş olduğu vəsaitlər hesabına da verə bilər. Kredit kimi yalnız pul vəsaitləri deyil, həmçinin reallaşma üçün nəzərdə tutulan mal da iştirak edə bilər (kommersiya krediti).

Yerləşdirilmiş vəsaitlərə nəzərən kreditorun vəziyyəti ikili xarakter daşıyır. Belə ki, kreditor (bank) borc verərkən öz resursları ilə yanaşı, digər müəssisə və təşkilatların resurslarını da istifadə etdiyindən, öz əməliyyatlarını yerinə yetirərkən elə etməlidir ki, onun müştəriləri öz hesablarından vəsait götürmək istədikləri zaman  bankın bu vəsaitləri verməyə maddi imkanı olsun. Bu o deməkdir ki, yalnız ayrı-ayrı müəssisələr və individual borcalanlar deyil, həmçinin kreditor da öz müştərilərindən aldığı borcu vaxtında geri qaytarmalıdır.

Sərbəst qalan pul vəsaitlərinin kreditorlar tərəfindən mobilizə edilməsi səmərəli xarakter daşıyır. Belə ki, bu proses resursların “işləyən pullara” çevrilməsinə imkan yaratmış olur. Kreditor bu vəsaitləri yerləşdirdiyi zaman həm öz şəxsi məqsədlərini, həm də yenidən istehsal prosesinin digər iştirakçılarının məqsədlərini qorumaq üçün onların səmərəli istifadəsini təmin edir.Кrеdit müəyyən prinsiplərə əsаslаnmаqlа vеrilir. Kreditin müddətlilik prinsipi deyiləndə, borcalanın müəyyən dövr ərzində kreditin bir hissəsini qaytarmalı olması nəzərdə tutulur. Əgər geri qaytarma müddəti pozulursa, kreditorun təyin edilmiş faizi artırmaq hüququ vardır, əgər gecikdirilmə davam edərsə kreditor bütün məbləği, hesablanmış faizlər ilə birlikdə məhkəmə vasitəsi ilə tələb edə bilər. Kreditin müddətliliyi kredit müqaviləsi ilə təsis olunur.

Müvəqqəti istifadəyə verilmiş dəyərin geri qaytarılma şərti yoxdursa, onda onu ümumiyyətlə kredit adlandırmaq olmaz. Yəni istənilən bir kredit müqaviləsində kredit qaytarılması ilə bağlı punkt öz əksini tapmalıdır. Bu punktda müəyyən müddət ərzində kreditin tam olaraq geri ödənilməsi şərti bildirilməlidir. Geri qaytarılma şərti kreditin növündən, onun təyinatından və kreditləşmə müddətindən asılı olur. Kreditin geri ödənilməsi ölkə və dünya iqtisadiyyatın stabil fəaliyyət göstərməsinə olduqca güclü şəkildə təsir edə bilir.

Bu gün heç kəs sona qədər əmin ola bilməz ki, bu və ya digər borcalan mütləq şəkildə götürdüyü krediti bütün faizləri ilə birlikdə geri ödəyəcək. Buna görə də borc verənin, yəni kreditorun mülki hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı tələbat ortaya çıxır. Əgər borcalan hər hansı bir səbəbə görə götürdüyü öhdəliyi yerinə yetirə bilmirsə və ya yerinə yetirməkdən imtina edirsə, bu zaman kreditorun mülki hüquqlarının qorunmasını təmin etməyə ehtiyac yaranır. Kreditin qaytarılmasının təminatı qismində, bank qarantiyaları, girov, mülkiyyət hüququnun ötürülməsi, kreditin sığortalanması, tələblərin digər adamın üzərinə köçürülməsi və s ola bilər. Bu zaman bank qarantiyaları  geri qaytarılmanın ən etibarlı təminatı hesab olunur.

Borcalan nəinki kreditora götürdüyü krediti geri qaytarmalı, həm də vəsaitlərdən müvəqqəti istifadəyə müəyyən haqq (faizlər) ödəməlidir. Bu faizlər formasında tətbiq edilən kredit haqqı əməkdaşların əməkhaqqılarının ödənməsi, əmanətlərlə bağlı əməliyyatlardan irəli gələn xərcləri təmin etməyə, həm də gəlir əldə etməyə və s hesablanmışdır.

Kredit münasibətlərinin tərəfi kimi çıxış edən borclu tərəfindən kreditin vaxtında ödənilməməsi, yəni icranı gecikdirməsi mülki mübahisə qaydasında mübahisələndirilir və həmin mübahisələrə müvafiq rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Belə ki, aşağıdakı hallar borclunun icranı gecikdirməsi hesab olunur:

-öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

-icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

Əgər kredit borcu olan şəxs kredit borcunun ödəmə vaxtı çatdıqdan sonra, kreditorun xatırlatmasına baxmayaraq, banka olan kredit borcunu ödəməsə o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Onu da qeyd edək ki, kreditin ödənilməsi barədə iddianın irəli sürülməsi, icraya dair yazılı tələbin çatdırılması, xatırlatmaya bərabər tutulur. Kredit borcunu ödəmək üçün müvafiq vaxt – təqvim günü təyin edildikdə, əgər şəxs təyin edilmiş vaxtadək kredit borcunu ödəməzsə o, krediti gecikdirmiş sayılır.

Burada həmçinin bir nüans da  var ki, əgər öhdəlik kredit borcu olan şəxsin təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, habelə borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər və borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Həmçinin qeyd etmək lazımdır ki, kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.

Banka və ya digər kredit təşkilatına kredit borcu olan şəxs pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5% ödəməyə borcludur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 196.1-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda, yəni iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğdə ziyan vurduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 196.2-ci maddəsinə əsasən isə eyni əməllər külli miqdarda, yəni yüz min manatdan artıq olan mәblәğdə ziyan vurduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əlavə olaraq vurğulamaq istədiyim digər bir məqam isə kreditdən təyinatı üzrə istifadə edilməməsidir. Kreditin təyinatı dedikdə, ayrılan vəsaitin təyinata uyğun olaraq, həmin məqsəd üzrə istifadəsi nəzərdə tutulur. Kreditin məqsədli istifadəsi üzərində nəzarətin həyata keçirilməsi, bankın kredit departamentinin əməkdaşları tərəfindən həyata keçirilir.

Kreditdən təyinatı üzrə istifadə edilməməsi ilə əlaqədar şəxsin inzibati məsuliyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsin 409-cu maddəsində nəzərdə tutulmuşdur. Belə ki, təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınmasına, yaxud ondan təyinatı üzrə istifadə edilməməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə müəyyən edilmişdir.

Məqsədli dövlət krediti büdcə qanunvericiliyi və ya digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət adından ödənişli əsaslarla pul vəsaitləri və ya cinsi əlamətlərinə görə müəyyən edilən əşya, yaxud digər hüquq və üstünlüklər formasında verilir. Məqsədli dövlət kreditindən təyinatı üzrə istifadə edilməməsi məqsədli dövlət kreditinin verilməsi haqqında qərarda nəzərdə tutulmuş şərtlərə zidd olaraq ondan istifadə edilməsində və ya həmin vəsaitlərdən aralıq mərhələlərdə gəlir əldə etmək üçün istifadə olunmasında (məsələn, mənzil tikintisi üçün alınmış məqsədli krediti sələmə verməklə azanc götürmək) ifadə olunan hərəkətlər mülkiyyət əleyhinə olan cinayətlər və ya vəzifə cinayətlərinin tərkibini yaratmadıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.1-ci maddəsinə əsasən təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda, yəni iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğdə ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.    

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2-ci maddəsinə əsasən isə eyni əməllər külli miqdarda, yəni yüz min manatdan artıq olan mәblәğdə ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

                   Elvin Hüseynov

                                                                            Culfa rayon prokurorunun köməkçisi

 vəzifəsi üzrə stajor