Ölkəmizdə ailə kəndli təsərrüfatının hüquqi əsasları

2019-cu il muxtar respublikada “Ailə təsərrüfatıları” ilidir

Ölkəmizdə hüquqi şəxs yaratmadan və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadan da kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyəti ilə məşğul olmağa imkan verilir ki, buna da ailə kəndli təsərrüfatı deyilir. Ailə kəndli təsərrüfatı nədir, onun cəmiyyətdə və hüquqda anlayışı nədir sualına cavab tapmaq üçün biz bu sahədə ölkəmizdə qüvvədə olan müvafiq qanunvericiliyə müraciət etməklə bu sahədə hüquqi maariflənməyə nail olmağa çalışacağıq. Bu mauasibtələr isə 14.06.2005-ci ildən qüvvədə olan “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanun ailə kəndli təsərrüfatı fəaliyyətinin hüquqi və təşkilati əsaslarmı müəyyən edir.

Ailə kəndli təsərrüfatı nədir? Ailə kəndli təsərrüfatı-ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir.  Ailə kəndli təsərrüfatının tərkibi bir nəfərdən, ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər.  Ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri, məsələn, balıqçılıq, heyvandarlıq, qida məhsullarının istehsalı və sairə ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır.  Ailə kəndli təsərrüfatının statusu onların uçotunu aparan orqan tərəfindən ailə üzvlərinə verilən sənədlə rəsmiləşdirilir.  

Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir və müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında dəyişdirilir. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2006-cı il tarixli 11 №-li qərarı ilə ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi bu təsərrüfatın bir üzvü üçün 5000 manat miqdarında müəyyən edilib. Buradan da belə başa düşülür ki, ailə kəndli təsərrüfatı kimi qeydə alınan təsərrüfatın bir üzvü üçün müəyyən edilən 5000 manat illik dövriyyə həddi aşılarsa artıq bu zaman sahibkarlıq fəaliyyəti sərhədləri daxilinə keçir. Burada bir məsələni də qeyd edək ki, ailə kəndli təsərrüfatları elə ömürlük bu formada qalmalı deyil, təsərrüfatını böyüdərək, başqa ailə kəndli təsərrüfatları ilə və ya başqa sahibkarlıq subyektləri ilə birləşərək qanunvericiliklə müəyyən edilmiş qaydada daha iri sahibkarlıq subyektləri yarada bilərlər. Bunun dünyada bir çox örnəyi mövcuddur ki, buna da iri aiə şirkətlərini, iri korporasiyaları misal göstərmək olar.

Ailə kəndli təsərrüfatlarının daha bir üstün xüsusiyyəti odur ki, bu təsərrüfat növü ona imkan yaradır ki, xüsusuilə də kənd yerlərində həm ailənin istehlak tələbatı ödənir, həm də artırılan təsərrüfat məhsullarını satmaq və dəyişdirmək yolu ilə artıq gəlir əldə edir ki, bu da ölkədə kənd təsərrüfatının inkişafına müsbət təsir edir və ərzaq təhlükəsizliyi daha yüksək səviyyədə təmin edilir.

Ailə kəndli təsərrüfatı Qanunla müəyyən edilmiş qaydada uçota alındığı gündən fəaliyyətə başlamış hesab olunur. Ailə kəndli təsərrüfatı onun üzvlərinin seçdiyi təsərrüfat başçısı tərəfindən idarə edilir.

Dövlətimizin bu Qanunu qəbul etməkdə məqsədi odur ki, kənd yerlərində ailə əməyinə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi, özünü-məşğulluğun stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, alternativ gəlir mənbələrinin genişləndirilməsi və kənd yerlərinin inkişafının sürətlən-dirilməsidir.

Burada Qanunun əhatə dairəsini xüsusi qeyd etmək lazımdır. Qanunun əhatə dairəsi mülkiyyətində və icarəsində olan torpaq və əmlakdan istifadə etməklə bu Qanunla müəyyən edilən qaydada və şərtlərlə kənd yerlərində fəaliyyət göstərən fiziki şəxslərə şamil edilir.

Kənd yerlərində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıqla məşğul olan fiziki şəxslər və bağçılıq təsərrüfatları ailə kəndli təsərrüfatına aid edilmir.

Qanunda ailə kəndli təsərrüfatının uçotu konkret olaraq müəyyən edilib. Ailə kəndli təsərrüfatının uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.  Ailə kəndli təsərrüfatının uçotunu müvafiq ərazilər üzrə bələdiyyələr aparır. Bələdiyyələr tərəfindən ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən, forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vəsiqə verilir. Vəsiqənin verilməsi üçün haqq ödənilmir.  Ailə kəndli təsərrüfatının dövlət qeydiyyatına alınması tələb olunmur. Ancaq sahibkarlıq subyektləri mütləq dövlət qeydiyyatına alınır.

Təsərrüfat fəaliyyətini həyata keçirmək üçün ailə kəndli təsərrüfatının əmlakı onun mülkiyyətində və ya icarəsində olan torpaq sahələri, tikililər, qurğular və digər istehsal və qeyri-istehsal vasitələri, mal-material qalıqları, pul vəsaiti və başqalarından ibarətdir. Ailə kəndli təsərrüfatının istifadə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq təsərrüfat üzvlərindən birinin mülkiyyətində, üzvlərin ümumi paylı və ümumi birgə mülkiyyətində və ya icarəsində ola bilər.

Müvafiq yaşayış məntəqəsində daimi yaşayan və qeydiyyatda olan torpaq payı almamış vətəndaşlar və istefaya çıxmış hərbi qulluqçular dövlət və bələdiyyə torpaqlarından qanunvericiliyə uyğun qaydada istifadə etməklə ailə kəndli təsərrüfatı kimi fəaliyyət göstərmək istədikdə torpağı icarəyə götürməkdə və ya satın almaqda üstünlük hüququna malikdirlər. Ailə kəndli təsərrüfatının əmlakının və torpaq sahəsinin dövriyyəsi Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyi ilə müəyyən edilən qaydada həyata keçirilir. Ailə kəndli təsərrüfatında əmlakın istifadəsindən əldə edilən fayda (gəlir, artım, bəhər və başqa formalarda) təsərrüfat üzvlərinin ümumi birgə mülkiyyətidir və qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan qaydada təsərrüfat başçısı tərəfindən bölünür.

Ailə kəndli təsərrüfatının torpağı və digər əmlakı əsasında qanunvericiliyə uyğun olaraq müstəqil fəaliyyət göstərmək, əmlakının və əldə etdiyi faydanın istifadəsinə müstəqil sərəncam vermək, bank və digər kredit təşkilatlarında hesablar açmaq, kredit ittifaqlarının üzvü olmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada onların xidmətlərindən istifadə etmək, qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyətçilərdən torpaq və əmlakı satin almaq və ya icarəyə götürmək, müəyyən edilən qaydada beynəlxalq təşkilatlardan və fondlardan müvafiq yardımlar almaq, müvafiq qanunvericiliyə uyğun birliklər yaratmaq və kooperasiya əlaqələri qurmaq, qanunvericiliklə müəyyən edilən əmək pensiyası ilə təmin olunmaq və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət sosial yardımlar almaq, qanunvericilikdə nəzərdə tutulan qaydada əmlakını sığorta etdirmək, dəymiş ziyanın və itkilərin əvəzini almaq və qanunvericiliklə müəyyən edilmiş digər hüquqları vardır. Ailə kəndli təsərrüfatı üzvlərinin hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada müdafiə olunur.

Ailə kəndli təsərrüfatı torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq səmərəli istifadə olunmasını təmin etmək, torpaqların münbitliyini təmin edən müvafiq aqrotexniki, iqtisadi və təşkilati tədbirləri həyata keçirmək, torpaq, su, meşə və ətraf mühitin mühafizəsi haqqında qanunvericilik aktlarının tələblərinə riayət etmək, qanunla müəyyən edilmiş vergiləri, məcburi dövlət sosial sığorta haqlarını və digər ödənişləri vaxtında ödəmək, istehsal etdiyi məhsulların, gördüyü iş və xidmətlərin keyfiyyətinə dair sanitariya, ekoloji və digər tələblərə, standartlara əməl etmək, fəaliyyət göstərdiyi yaşayış məntəqəsinin müvafiq bələdiyyəsində uçota durmaq, müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin onların fəaliyyətinə aid qanunvericiliyə uyğun tələblərini yerinə yetirmək, öz fəaliyyəti haqqında qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə hesabatlar təqdim etmək, ölkə qanunvericiliyi ilə müəyyən edilən digər vəzifələri həyata keçirməlidir. Ailə kəndli təsərrüfatının üzvləri bu maddədə göstərilən vəzifələri yerinə yetirmədikdə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

Ailə kəndli təsərrüfatı ərazinin iqtisadi və sosial inkişafını təmin edən sahəvi və regional proqramların hazırlanması və həyata keçirilməsində dövlət orqanları və bələdiyyələr ilə könüllü olaraq qarşılıqlı fəaliyyət göstərə bilər. Dövlət orqanlarının və bələdiyyələrin qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla ailə kəndli təsərrüfatının fəaliyyətinə müdaxilə etmələrinə yol verilmir.Müvafiq dövlət orqanlarının və bələdiyyələrin ailə kəndli təsərrüfatından qanunvericiliyə əməl etməsini tələb etmək hüququ vardır. Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi (bir üzv üçün 5000 manat) Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi miqdarı keçdikdə o, sahibkarlıq fəaliyyətinin subyekti kimi fəaliyyət göstərir. İstənilən şəxs yaşadığı yerdə mövcud olan bələdiyyə qurumuna müraciət edərək bu barədə həm məlumat, həm də yardım ala bilər. Ailə kəndli təsərrüfatına dövlət himayəsi digər təsərrüfatçılıq subyektləri üçün ölkə qanunvericiliyi ilə nəzərdə tutulan qaydada şamil edilir.

Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr müvafiq proqramlar çərçivəsində ailə kəndli təsərrüfatının dəstəklənməsinə maliyyə vəsaiti nəzərdə tuta bilərlər və  ailə kəndli təsərrüfatının inkişafı üçün istehsal və sosial infrastrukturunun formalaşması və yerlərdə ailə kəndli təsərrüfatına xidmət edən tədarük, emal, ticarət və təchizat təşkilatları şəbəkəsinin təşkili və inkişaf etdirilməsinin stimullaşdırılması, aqroservis, aqrokimyəvi, zoobaytarlıq və digər xidmətlərin təşkilinin, həmçinin toxum, əkin materialı, cins mal-qara və quş, avadanlıq və ləvazimat ilə təminatın, mütərəqqi texnika və texnologiyaların tətbiqinin dəstəklənməsi, ekoloji təmiz istehsalın təşviqi, ailə kəndli təsərrüfatına güzəştli kreditlərin verilməsinin və lizinq xidməti göstərilməsinin dəstəklənməsi, ailə kəndli təsərrüfatında məşğulluğun artırılmasını təmin edən xalq sənətkarlığının, yaşıl turizmin, ənənəvi və qeyri-kənd təsərrüfatı fəaliyyət sahələrinin inkişaf etdirilməsinin dəstəklənməsi, ailə kəndli təsərrüfatı üzvlərinə elmi və informasiya-məsləhət xidməti göstərilməsinin, onların peşə hazırlığı və yenidən hazırlığının təşkili, nailiyyətlərin nümayişi, öyrənilməsi və tətbiqinin genişləndirilməsi məqsədilə müsabiqələrin, sərgilərin, seminarların və təcrübə mübadiləsinin təşkil edilməsi, ailə kəndli təsərrüfatına istehsal etdiyi məhsulları şəhər və rayon mərkəzlərində maneəsiz satmaq üçün ödənişsiz əsasda daimi satış yerlərinin ayrılması, həftəlik və mövsümi sərgi-yarmarkaların təşkil edilməsi, ailə kəndli təsərrüfatının kooperasiya əlaqələrinin təşviqi və daxili bazarın monitorinqinin aparılması və haqsız rəqabətin qarşısının alınması və digər istiqamətlərdə kömək göstərə bilərlər.

Bütün bunlarla yanaşı qeyd edək ki, ailə kəndli təsərrüfatının uçota durmaması inzibati məsuliyyətə səbəb olur. Ona görə də İnzibati Xətalar Məcəlləsinin 400-cü maddəsində göstərilib ki, ailə kəndli təsərrüfatının üzvləri tərəfindən bu təsərrüfatın müvafiq bələdiyyədə uçota durmasının təmin edilməməsinə görə otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir.

Nəzərinizə çatdıraq ki, ictimai-iqtisadi həyatın bir çox sahəsində olduğu kimi Naxçıvan Muxtar Respublikasında ailə kəndli təsərrüfatı sahəsində də dövlətin bu sahəyə göstərdiyi diqqət və həssaslıq ölkəmizin digər bölgələrinə də nümunə xarakteri daşıyır. Muxtar respublikasımızın kəndlərində yaradılan müasir infrastruktur istehsal edilən kənd təsərrüfatı məhsullarının sərbəst bazara çıxarılmasına imkan yaradır və bu sahəyə marağı daha da çox artırır. 2019-cu il Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatları ili” kimi qəbul olunub. Bundan əlavə Naxçıvan Muxtar Respublikasında 2018-ci il ərzində “Ailə kəndli təsərrüfatı məhsulları festivalı” keçirilib, ictimaiyyətin bu sahəyə diqqət və marağının artırılması qarşıya məqsəd qoyulub.

Hörmətli oxucular! Gördüyümüz kimi, istehsal və təsərüfat sahəsinin bir sahəsi olan ailə kəndli təsərrüfatına ölkəmizdə kifayət qədər geniş imkan yaradılıb və bu sahə qanunvericiliklə tənzimlənir. Bu və digər hüquqi tənzimləmələrlə bağlı istənilən vaxt hüquqi məlumat almaq hüququ və imkanı mövcuddur.

 

               Elvin Zeynalov

Sədərək rayon prokurorluğunun

      müstəntiqi, I dərəcəli hüquqşünas

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.