Naxçıvan Muxtar Respublikasının Konstitusiyası - 20 il  

Naxçıvan Muxtar Respublikasının ilk milli Konstitusiyası və muxtariyyət məsələləri

 

“Naxçıvan muxtariyyatı tarixi nailiyyətdir, biz onu qoruyub saxlamalıyıq.

Naxçıvanın muxtariyyatı Naxçıvanın əlindən getmiş başqa torpaqlarının

qaytarılması üçün ona xidmət edən çox böyük amildir.

Biz bu amili qoruyub saxlamalıyıq.

Heydər Əliyev

Azərbaycan xalqının ümummmilli lideri

Azərbaycanın Naxçıvan diyarı qədim tarixə malikdir. Tale bu torpaqdan öz səxavətini əsirgəməmişdir. Əlverişli təbii-coğrafi şəraitə malik olan Naxçıvanda ən qədim zamanlardan məskunlaşan əcdadlarımız burada tükənməz mədəniyyət nümunələri yaratmışlar. Naxçıvan antik, orta əsrlər və müasir dövr milli mədəniyyət nümunələri və tarixi abidələrlə, ilk insan düşərgələri, erkən şəhər mədəniyyəti, möhtəşəm qala divarları, qayaüstü rəsmlər, daş qoç heykəlləri, xatirə memarlığının mükəmməl nümunələri olan türbələrlə zəngindir. Bu ərazidə, həmçinin Ovçular təpəsi və Qazma mağarası kimi qədim yaşayış yerləri, Əshabi-Kəhf və Gəmiqaya kimi möhtəşəm mədəniyyət nümunələri və beş min il bundan əvvələ aid edilən Naxçıvan şəhər mədəniyyəti yaradılmışdır. Bu ərazidə təkcə zəngin mədəni dəyərlərin yox, eyni zamanda, böyük dövlətçilik ənənələrinin də əsası qoyulmuş, onuncu əsrdə “Naxçıvan şahlığı”, on ikinci əsrdə isə Atabəylər dövləti yaranmışdır. On səkkizinci əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin formalaşmasına mühüm töhfələr vermişdir. İyirminci əsrin əvvəllərində 1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmlənməsində və tarixi ərazisinin qorunmasında taleyüklü xidmətlər göstərmişdir.

Bu diyarın ən qiymətli sərvətlərindən biri də dövlətçilik ənənələrinin davamı olaraq formalaşan Naxçıvanın muxtariyyətidir. Naxçıvan Muxtar Respublikası milli mənsubiyyətə görə yox, 1918-1924-cü illərdə cərəyan edən daxili və xarici amillərin təsiri altında yaranmışdır. 1920-ci il dekabrın 2-də Rusiya və Ermənistan arasında bağlanmış hərbi-siyasi sazişə görə qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini həlli vacib olan məsələlər sırasına çəkmişdir. Ümummilli liderimiz Heydər Əliyev bu dövrdə yaranmış siyasi vəziyyəti nəzərdə tutaraq demişdir: “Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etmişdir”.

Bu zərurət ilk növbədə Azərbaycana məxsus ərazinin qorunması vacibliyindən irəli gəlirdi. Zəngəzur Ermənistana veriləndən sonra Naxçıvan Azərbaycanın digər ərazilərindən təcrid olunmuş və burada gərgin vəziyyət yaranmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin düşdüyü vəziyyətdən istifadə edən böyük dövlətlər İrəvan və Zəngəzur kimi Naxçıvanı da ermənilərə güzəştə getmək, Türkiyə ilə Azərbaycan arasında əlaqəni kəsmək istəyirdilər. Erməni silahlıları ərazini azərbaycanlılardan təmizləmək üçün ən qəddar vasitələrə əl atır, soyqırımı törədir, torpaqların boşaldılmasına çalışırdılar. Buna baxmayaraq nə böyük dövlətlərin təzyiqi, nə də erməni hərbi müdaxiləsi naxçıvanlıların iradəsini sındıra bilmədi. Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyli 1919-cu il avqustun 18-də parlamentdəki çıxışında erməni istilaçılarına qarşı Naxçıvanda aparılan müqavimət hərəkatı barədə demişdir: “Naxçıvan öz qüvvəsi ilə istilaçıları devirərək Azərbaycan ilə birləşməyə hazır olduğunu bildirmişdir”.

Naxçıvan Muxtar Respublikasının coğrafi xüsusiyyətləri, Azərbaycanın  əsas hissəsi ilə Naxçıvanın ümumi sərhədinin olmaması bu ərazi üçün muxtar idarəetmə sisteminin təsis olunmasını tələb etmişdir. Naxçıvanın muxtariyyəti milli əhəmiyyət kəsb etmədiyindən, yalnız regionun beynəlxalq, hərbi, iqtisadi, geosiyasi vəziyyətin nəticəsi olaraq qədim Azərbaycan torpaqlarının xilası məqsədi güdən, vaxtında atılmış tarixi addım olmuşdur. Ona görə də Azərbaycan Respublikasının Konstitusiyası Naxçıvan Muxtar Respublikasına Azərbaycanın Respublikasının tərkibində muxtar dövlət statusu vermişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra isə, 1993-cü ildə ümumilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xalqın və müstəqil dövlətçiliyin xilası və möhkəmləndirilməsinə başlandığı kimi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına və muxtariyyətin qorunmasına da diqqət artırıldı. 1995-ci il noyabrın 12-də referendumla qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirdi. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının hazırlanmasına başlandı. Konstitusiya layihəsi Konstitusiya Komissiyasında bir neçə dəfə müzakirə edildi. Konstitusiya Komissiyasının 1998-ci il yanvarın 14-də keçirilən iclasında ümummilli lider Heydər Əliyev geniş nitq söylədi. Ulu öndər həmin nitqində Naxçıvanın muxtariyyətindən bəhs edərək demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının birinci maddəsində göstərilir ki, “Naxçıvan Muxtar dövləti Azərbaycan Respublikasının tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır. Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri müəyyən edir”.

Ümumiyyətlə, bütün dünya üzrə beynəlxalq müqavilələr əsasında yaradılmış 6 muxtariyyət mövcuddur: Aland (Norveç), Honk-Konq, Makau (hər ikisi Çin), Cənubi Tirol (İtaliya), Şimali İrlandiya (Birəşmiş Krallıq) və Naxçıvan Muxtar Respublikası. Bunlardan təkcə Naxçıvan Muxtar Respublikasının özünə məxsus konstitusiyası mövcuddur. Bu unikal konstitusiyanın əsasında dayandığı Naxçıvan Muxtar Respublikasının muxtar dövlət kimi quruluşu özünəməxsus xüsusiyyətlərə malikdir.

1998-ci il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının Konstitusiyası əsasında hazırlanmış yeni Konstitusiyası Naxçıvan Muxtar Respublikanın Ali Məclisində qəbul edilmiş və həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə təsdiq olunmuşdur. Muxtar Respublikanın sayca dördüncü olan Konstitusiyası 5 fəsil və 50 maddədən ibarətdir. Muxtar Respublikanın Konstitusiyasında qeyd olunduğu kimi, onun  ərazisi Azərbaycanın dövlət sərhədləri hüdudunda vahiddir, toxunulmazdır və bölünməzdir.

Konstitusiya Muxtar Respublikaya qanunverici orqana – Ali Məclisə seçkilər, Ali Məclis deputatlarının statusu, yerli Ombudsmanın statusu, ölkənin iqtisadi və vergi siyasəti çərçivəsində vergilər, muxtariyyətin iqtisadi inkişafının istiqamətləri, sosial təminat, ətraf mühitin qorunması, turizm, səhiyyə, elm və mədəniyyət sahələrində qanunvericilik səlahiyyətləri verir.

Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədridir. Konstitusiya ilə müəyyən olunan hallarda və qaydada Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkiləri təyin edir, Naxçıvan Muxtar Respublikası dövlət hakimiyyət orqanlarının qarşılıqlı fəaliyyətini təmin edir,  Naxçıvan Muxtar Respublikasının qanunlarını imzalayır və dərc edir, Naxçıvan Muxtar Respublikasının dövlət və ictimai-siyasi həyatının mühüm məsələləri barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat verir, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi icra hakimiyyəti orqanlarını yaradır, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyaları arasındakı dövrdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinin fəaliyyətini təmin edir, Naxçıvan Muxtar Respublikasını xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil edir, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri hakimlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair təkliflər verir, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdimat verir, Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir, ali xüsusi rütbələrin verilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir, Naxçıvan Muxtar Respublikası prokurorunun, rayon, şəhər və ixtisaslaşdırılmış prokurorlarının vəzifəyə təyin və vəzifədən azad olunmasına dair təkliflər verir, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının hərbi doktrinasını həyata keçirir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşmiş birləşmələrinin komandan heyətləri haqqında təklif verir, vətəndaşlıq məsələlərinə dair təklif verir, əfv edilmə məsələlərinə dair təklif verir, Təhlükəsizlik Şurasını təsis edir və ona rəhbərlik edir;

18) ümumi və qismən səfərbərliyin həyata keçirilməsini təmin edir, vətəndaşların müddətli hərbi xidmətə çağırılmasının və müddətli hərbi xidmətdən tərxis olunmuş hərbi qulluqçuların sosial müdafiəsinin təmin olunması tədbirlərinin həyata keçirilməsinə yardım edir, Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilmiş fövqəladə və hərbi vəziyyət rejiminin həyata keçirilməsinə yardım edir, Naxçıvan Muxtar Respublikasında fövqəladə və hərbi vəziyyət elan olunması məsələsinə dair təklif verir, Naxçıvan Muxtar Respublikasının fəxri adlarını təsis edir, Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təklif verir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin səlahiyyətlərinə aid edilmiş digər məsələləri icra qaydasında həll edir.

            Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikasının mənafeləri ilə bağlı iqtisadi və mədəni məsələlərdə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş həddə və Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasını təmsil edir. Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikasının dövlətçiliyinin varisliyini təmin edir. Konstitusiya ilə onun səlahiyyətinə aid edilən məsələlər üzrə Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir.

İnsan və vətəndaş hüquq və azadlıqlarının, həmçinin vətəndaşların vəzifələrinin icrasının təmin edilməsində muxtariyyət Azərbaycan Konstitusiyasına əsaslanır və vahid vətəndaşlıq prinsipindən çıxış edir. Dövlətin vahidliyini və unitarlığını daha bir mühüm amil möhkəmləndirir: muxtariyyətin dövlət rəmzləri Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi və dövlət himnidir.

Qanunvericilik orqanı majoritar seçki sistemi əsasında, 45 deputatdan ibarət tərkibdə 5 il müddətinə seçilən Ali Məclisdir. Muxtar respublika ərazisində daimi yaşayan hər bir Azərbaycan vətəndaşı parlamentin deputatı seçilə bilər. Qanunvericilik təşəbbüsü hüququ deputatlara, muxtariyyətin Baş nazirinə, Ali Məhkəməsinə və Prokurorluğuna mənsubdur.

Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanı Nazirlər Kabinetidir. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanıdır. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabedir və onun qarşısında müntəzəm hesabat verir. Nazirlər Kabineti muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir, Muxtar respublikanın büdcəsini icra edir, muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir, muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir, nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir və Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.

Muxtar Respublikada məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələr həyata keçirir. Ali Məhkəmə muxtar respublika ərazisində apellyasiya qaydasında ədalət mühakiməsini həyata keçirir, Konstitusiya nəzarətini təmin edir. Ümumi və ixtisaslaşdırılmış məhkəmələr öz səlahiyyətləri üzrə birinci instansiya məhkəmələridir.

Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikası qanunvericilik sisteminə uyğundur. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Naxçıvan Muxtar Respublikasının Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, Naxçıvan Muxtar Respublikasının qanunları, Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinin fərmanları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktlarından ibarətdir. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə, bərabər münasibətə) əsaslanmalıdır. Naxçıvan Muxtar Respublikasının qanunları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına zidd olmamalıdır, yalnız dərc edilmiş qanunların tətbiqi və icrası Naxçıvan Muxtar Respublikasında bütün vətəndaşlar, icra hakimiyyəti və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasına indiyədək 6 halda Konstitusiya Qanunu ilə əlavə və dəyişikliklər təsdiq edilib. Son belə dəyişiklik isə 2018-ci ilin 24 aprel tarixli Konstitusiya Qanunu ilə təsdiq edilib və referendumla Azərbaycan Respublikası Konstitusiyasına edilmiş dəyişiklər əsasında Naxçıvan Muxtar Respublikası Konstitusiyasına da vətəndaşların seçki hüququ və digər müddəalarla bağlı mütərəqqi dəyişikliklər qüvvəyə minib.

Beləliklə, 1998-ci il Konstitusiyası Naxçıvanın konstitusiya quruculuğu tarixində yeni bir mərhələ olmuş, Azərbaycanın dövlətçiliyində Naxçıvan Muxtar dövlətinin rolu hüquqi-siyasi baxımdan yüksəlmişdir. Digər bir xüsusat isə məsələnin tarixi, ənənəvi və praktik səbəbləridir ki, bu da 03 sentyabr 1991-ci ildən 15 iyun 1993-cü ilə qədər Naxçıvan MR Ali Məclisinə Sədrlik etmiş  ümummilli lider  Heydər Əliyevin Naxçıvanda demokratikləşmə prosesinin ardıcıl həyata keçirilməsində, o cümlədən möhkəm və yeni qanunvericilik bazasının təşkilində, muxtar respublikanın iqtisadiyyatının, sərhədlərinin, regional təhlükəsizliyinin möhkəmləndirilməsində bir sözlə, Muxtar Respublikanın yaşamasında müstəsna xidmətləri ilə bağlıdır.

Ulu Öndər Heydər Əliyev Konstitusiya Komissiyasının son iclasında Azərbaycan Respublikasının Konstitusiyasının Naxçıvan Muxtar Respublikasına aid olan fəsillər və maddələri barəsindəki fikirləri ümumiləşdirərək demişdir: "...Hesab edirəm ki, bu fəsil də tamamilə əsaslı yazılıbdır və Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini təmin edən bu maddə çox böyük tarixi əhəmiyyətə malikdir- həm bizim tarixi keçmişimizə görə, Azərbaycanın tərkibində bu muxtar respublikanın yarandığı zamandan indiyədək keçdiyimiz dövrdə rastlaşdığımız halları nəzərə alaraq, həm də gələcəyimiz üçün."

                    Əkbər Həsənli

Kəngərli rayon prokurorunun köməkçisi

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.