Torpaqlardan səmərəli istifadə hər kəsin vətəndaşlıq borcudur

Torpaq daşınmaz əmlakın xüsusi növü kimi tarixin bütün dövrlərində insan həyatı üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Torpaq insanlar üçün yaşayış, yurd yeri və qazanc mənbəyi olmuşdur. Torpağı olmayan xalqın öz müqəddəratını təyin etməsi mümkün deyil.
Ölkəmizdə torpaq islahatlarının həyata keçirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə bu sahədə mühüm qərarlar qəbul olunmuşdur. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da, Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmışdır.
1993-2003-cü illərdə isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə kompleks tədbirlər görülmüş, torpağa münasibətdə tarixi ədalət bərpa edilmiş, yeni torpaq münasibətləri və qanunvericilik bazası formalaşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasında torpaqla bağlı münasibətlərin hüquqi təminatının əsasları öz əksini tapmış, torpaq üzərində xalqın ümumi rifahına və dövlətin iqtisadi dirçəlişinə xidmət edən mülkiyyət formaları təsbit edilmişdir. Ölkəmizdə Torpaq Məcəlləsinin və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması isə torpaq islahatının aparılmasının hüquqi əsasları və qaydalarını müəyyənləşdirmişdir. Bütün bunlar aqrar sahədə yeni təsərrüfat münasibətlərinin formalaşmasına, torpaqdan səmərəli istifadəyə və ona qayğıkeş münasibətin formalaşmasına təkan vermişdir.

   Naxçıvan Muxtar Respublikasının 205 kəndində torpaq islahatları aparılmış, 70 min 763 ailəyə və ya 241 min 46 nəfərə torpaq sahəsi verilmişdir. Muxtar respublika ərazisinin əhatə etdiyi 550 min 275 hektar torpaq sahəsinin 186 min 46 hektarı dövlət, 307 min 749 hektarı bələdiyyə mülkiyyətində saxlanılmış, 56 min 480 hektarı isə xüsusi mülkiyyətə verilmişdir. Bu da torpaq ehtiyatlarından istifadənin səmərəliliyini yüksəltməklə yanaşı, həm də əkinçiliyin inkişafına və məhsul bolluğunun yaranmasına səbəb olmuşdur.
Muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalını artırmaq üçün bütün mülkiyyət növləri üzrə torpaq fondundan səmərəli və məqsədyönlü istifadə edilməsi qarşıda duran ən ümdə vəzifədir. Ona görə də kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpağın istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Məqsəd torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Bu sahədə dövlət orqanlarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin öhdəsinə müəyyən vəzifələr düşür. Bu vəzifələr Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin “Torpaqların mühafizəsi” bölməsində öz əksini tapmışdır. Məcəllənin 34-cü maddəsinin 5-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpağın münbitliyini və digər faydalı xassələrini qorumalı, bərpa etməli və yüksəltməli, torpaqların su və külək eroziyasından, sellərdən, su basmaqdan, bataqlaşmaqdan, təkrar şoranlaşma, kipləşmə və quraqlıqdan, istehsalat və məişət tullantılarından, kimyəvi və radioaktiv maddələrlə çirklənmədən, səhralaşmadan, kənd təsərrüfatı torpaqlarını kol-kos basmaqdan qorumalı, korlanmış torpaqları yenidən yararlı hala salmalıdırlar.
Dövlət tərəfindən torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə mühafizə zonaları müəyyənləşdirilmişdir. Mühafizə və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış məntəqələrinin, sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, avtomobil və dəmir yollarının, elektrik xətlərinin ətrafında yaradılır və mühafizə zonaları ilə bağlı qanunvericiliyin tələblərinə müvafiq qurumların, fiziki və hüquqi şəxslərin əməl etməsi vacibdir. Çünki perspektiv inkişafın təmin edilməsi, gələcək nəsillərin məskunlaşması və əhalinin ərzaq tələbatının daha dolğun ödənilməsi bu gün sahib olduğumuz torpaqların necə mühafizə edilməsindən, ondan səmərəli istifadə səviyyəsindən asılıdır. Deməli, torpaqlardan səmərəli istifadə istiqamətində həyata keçirilən işlər təkcə bugünümüzə deyil, eləcə də gələcəyimizə hesablanmış iqtisadi və sosial siyasətin tərkib hissəsidir.
Təəssüf ki, torpaqlardan istifadə ilə bağlı muxtar respublikada dövlət səviyyəsində aparılan işlərə baxmayaraq, vətəndaşların torpağa münasibəti hələ də lazımi səviyyədə deyil. Belə ki, bəzi vətəndaşlar tərəfindən torpaqlardan təyinatı üzrə istifadə edilməməsi, özbaşına tikililərin aparılması, eləcə də torpaqların mühafizə zonalarında qanunsuz tikililərin inşa edilməsi hallarına hələ də rast gəlinir. Bəzən vətəndaşlar qanunvericiliyi ya bilərəkdən pozur, ya da onlar torpaqlardan istifadə, tikinti aparılması qaydaları, mühafizə zonaları ilə bağlı qadağa və tələblərdən məlumatsız olurlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bilməlidirlər ki, onlar torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması, torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi, torpaqların istehsalat və məişət tullantıları, kimyəvi və radioaktiv maddələrlə, habelə çirkab suları ilə çirkləndirilməsi, torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsi, tikilməsi və istismara verilməsi, mülkiyyətdə və istifadədə olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsi, torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi, kəmiyyət və keyfiyyətinə dair məlumatların təhrif edilməsi kimi hərəkətlərin törədilməsində qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan əməllərin törədilməsi torpaqlardan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə səbəb olur.
Mülki qanunvericiliyə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqan tərəfindən mülkiyyətçiyə verilmiş sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarəetmə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.
Ölkəmizdə torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Ona görə də zəbt edilmiş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə torpaq sahəsini özbaşına tutma əməli hesab olunur. Bu zaman həmin şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan istifadə etməyə başlamış olur. Məsələn, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti və sair təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır. Torpaq sahəsini özbaşına dəyişmə, şəxsin öz mülkiyyətində olan torpaq sahəsini başqa şəxsə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsidir. Qanunvericiliyə müvafiq qaydada şəxsin istifadəsinə ayrılmış torpaq sahəsi əvəzinə başqa torpaq sahəsini ələ keçirmə də torpaq sahəsini özbaşına dəyişmə hesab edilir. Torpaq sahəsini özbaşına becərmə isə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və ya onları yetişdirməsindən ibarət fəaliyyətdir. Bütün bunlar cinayət qanunvericiliyinə əsasən, məsuliyyətə səbəb olur. Belə ki, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma, bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd olunan əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə isə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin həmin əməllər təkrar törədildikdə və ya  şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə idə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bir məsələni xüsusilə diqqətə çatdıraq ki, torpaq sahələrində qanunsuz tikinti aparılması qanunvericiliklə qadağan olunur. Torpaqları yaxşılaşdırmaq və onları külək, su eroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlərin görülməməsinə görə fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələndirilməsinə, tikilməsinə və istismara verilməsinə görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsinə və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsinə görə yetmiş manatdan yüz manatadək məbləğdə cərimə edilir. Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Qeyd edilən sonuncu inzibati xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Mülkiyyətdə və ya istifadədə (icarədə) olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsinə görə yetmiş manatdan doxsan manatadək məbləğdə cərimə edilir. Torpaq sahələrində meteoroloji şəbəkələrin və ölçmə vasitələrinin, geodeziya istinad məntəqələrinin sıradan çıxarılmasına görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə riayət edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min üç yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Fiziki və hüquqi şəxslərlə yanaşı, bələdiyyələr də mülkiyyətində olan torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsini təşkil etməli, dövriyyədən əsassız çıxarılmasına yol verməməli, onların mühafizəsi sahəsində qanunla müəyyən edilmiş qaydada tədbirlər görməli, əhalini məlumatlandırmalı, torpağın münbit qatının qorunması və artırılması istiqamətində maarifləndirici tədbirlər həyata keçirməlidirlər. Belə ki, bələdiyyə mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəçiliyin həyata keçirilməsi bələdiyyələrin müstəsna hüququdur.
Torpağın digər istehsal vasitələrindən ən böyük üstünlüyü ondadır ki, başqa istehsal vasitələri işləndikcə köhnəlib istehsal prosesindən çıxdığı halda, torpaq daim istehsal prosesində qala bilir və ondan səmərəli istifadə olunduqda daha da münbitləşir. Bunun üçün torpağın münbitliyini qorumaq ən başlıca şərtlərdən biridir. Çünki torpağın qorunması ətraf mühitin mühafizəsi deməkdir.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi muxtar respublikada torpaqlardan istifadə və mühafizəsinə dövlət nəzarəti yönündə idarəçiliyin təkmilləşdirilməsinə, işlərin mərkəzləşmiş qaydada daha mütəşəkkil şəkildə aparılmasına diqqəti artırır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin torpaqlardan səmərəli istifadə ilə bağlı verdiyi tapşırıqların icrası kollektivin əsas fəaliyyət istiqamətidir. Bu məqsədlə torpaq müfəttişləri tərəfindən mütəmadi olaraq muxtar respublikanın bütün ərazilərində monitorinq və müşahidələr aparılır, aşkar edilmiş qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilir.
Həyat və ruzi mənbəyi olan torpaqlardan səmərəli istifadə olunması, onların qorunması hər birimizin vətəndaşlıq borcudur. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada bu istiqamətdə lazımi tədbirlər görülür. Xüsusilə əkinçiliyin inkişafı üçün dövlət proqramlarının qəbul olunması, torpaq mülkiyyətçilərinə maliyyə dəstəyinin göstərilməsi, güzəştli kreditlərin verilməsi, aqrolizinq xidmətinin təşkili torpaqlardan səmərəli istifadə və bol məhsul istehsalı üçün zəmin yaradır. Hər bir torpaq mülkiyyətçisi yaradılan şəraitdən düzgün bəhrələnməli, ölkəmizin tükənməz sərvəti olan torpaqlardan məqsədyönlü istifadə edərək həm öz güzəranını yaxşılaşdırmalı, həm də iqtisadi inkişafa öz töhfəsini verməlidir. Unutmamalıyıq ki, torpaqlardan təyinatına uyğun istifadə gələcək nəsillərin rahat yaşayışı üçün vacib şərtdir.
Muxtar respublikamızın bütün torpaq mülkiyyətcilərini və istifadəçilərini bu qiymətli sərvətimizdən düzgün istifadə olunmasına və torpaq qanunvericiliyinin tələblərinə riayət etməyə çağırırıq.


Naxçıvan Muxtar Respublika Prokurorluğunun
Hüquqi təminat və informasiya şöbəsi