Prokurorluq orqanlarına hərtərəfli qayğı göstərilir

1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günüdür

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən hər il oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.

Azərbaycanda prokurorluq orqanlarının əsasının 1918-ci il oktyabr ayının 1-də qoyulmasına baxmayaraq, onun dövlət orqanı kimi formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra respublikamızda qanunun aliliyi təmin olunmuş, vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi mühüm prinsip kimi elan edilmişdir. Bu tədbirlərin tərkib hissəsi kimi 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır. Bu dövrdən başlayaraq ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq prokurorluq orqanlarında köklü islahatlara başlanılmışdır. “Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz layiqli yerini tutubdur və ölkəmizin müstəqilliyinə xidmət edir”, – deyən ulu öndərin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin  gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur. 
Qarşıda duran bu və digər məqsədlərin həyata keçirilməsində 1999-cu il 7 dekabr tarixdə qəbul olunmuş “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu müstəsna əhəmiyyət daşıyır. Bu qanun prokurorluğun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması baxımından hüquqi zəmin formalaşdırmışdır. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin və digər normativ-hüquqi aktların təsdiq edilməsi isə prokurorluq orqanlarının fəaliyyətində hüquqi tənzimlənmə prosesini yeni mərhələyə yüksəltmişdir. Hüquq sisteminin inkişafında prokurorluğun rolunun gücləndirilməsi istiqamətində müntəzəm tədbirlər görülməklə 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” Referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir. 
Bu gün ölkəmizdə həyata keçirilən ardıcıl məhkəmə-hüquq islahatları hüquq sisteminin demokratik standartlara cavab verən səviyyədə formalaşmasına, insan hüquq və azadlıqlarının daha mötəbər formada qorunmasına, o cümlədən prokurorluq orqanlarının tam yeniləşərək müasir məzmunlu sivil bir orqana çevrilməsinə zəmin yaratmışdır. Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, prokurorluq orqanları dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının ən ümdə dəyər kimi qorunmasına xidmət edən, sıralarında öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirən, yüksək mənəvi, əxlaqi və peşə keyfiyyətlərinə malik olan, etik davranış qaydalarına riayət etməklə cəmiyyətin etimadını qazanmış dövlət qurumu kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir”.
Prokurorluq orqanlarının ölkənin hazırkı inkişaf səviyyəsinə uyğun olaraq qarşıda duran vəzifələrin icrasını təmin etmək məqsədilə fəaliyyətinin çağdaş dövrün ictimai münasibətlərinə uyğun təkmilləşdirilməsi məqsədinə xidmət edən “Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” bu sahədə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl və mərhələli tədbirləri müəyyən etmişdir. 
Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanları da həmişə öz üzərində yüksək dövlət qayğısını hiss etmiş, ötən dövrdə muxtar respublika prokurorluğunun, eləcə də rayon, şəhər prokurorluqlarının normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmış, 2006-cı ildə Şahbuz və Culfa rayon prokurorluqları üçün müasir standartlara cavab verən yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir. Muxtar respublikanın sosial-iqtisadi və demokratik inkişafına uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün yeni mərhələnin başlanğıcını qoymuş, Ordubad, Kəngərli və Sədərək rayon prokurorluqları üçün yeni inzibati binalar tikilmiş, Şərur Rayon Prokurorluğunun inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Prokurorluğu mərkəzi aparatının inzibati binası əsaslı yenidənqurmadan sonra müasir texniki vasitə və kriminalistik avadanlıqlarla təmin edilərək istifadəyə verilmişdir. Prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Naxçıvan şəhər və Babək rayon prokurorluqları üçün də yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 10 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda struktur islahatlarının həyata keçirildiyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatının strukturu Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturuna uyğunlaşdırılmışdır.
Prokurorluq orqanlarına işə qəbulun müsabiqə yolu ilə keçirilməsi kadr tərkibinin savadlı hüquqşünaslar hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmışdır. Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqələrin keçirilməsi qaydalarına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğuna muxtar respublika ərazisində yaşayış yeri üzrə qeydiyyata alınmış şəxsləri prokurorluq orqanlarına işə qəbul etmək səlahiyyəti verilmişdir. Bu səlahiyyətdən istifadə edilərək Naxçıvan Muxtar Respublikası Prokurorluğunda aşkarlıq və şəffaflıq şəraitində test imtahanları keçirilmiş və nəticədə, gənc hüquqşünaslar prokurorluq orqanlarına işə qəbul olunmuşlar. Ali Məclis Sədrinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası tələbələrinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunda prokurorluğun fəaliyyət istiqamətləri və fəaliyyətinin əsas prinsipləri ilə yerində tanış olmaları təmin edilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyə və tapşırıqlarına uyğun olaraq cinayət hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, muxtar respublika cinayətkarlığın səviyyəsi baxımından ən stabil regiona çevrilmiş, cinayət hadisələrinin sayı dəfələrlə azalmışdır. Bu gün muxtar respublikanın prokurorluq orqanları profilaktik tədbirlərin təsirliliyinin artırılmasını diqqətdə saxlayırlar. Çünki demokratik dövlət quruculuğunda insanların hərtərəfli hüquqi düşüncəyə və hüquq mədəniyyətinə malik olmaları əsas şərtlərdəndir. Ali Məclis Sədrinin dediyi kimi: “Hüquqi maarif işinin təşkil edildiyi bir cəmiyyətdə işləmək də, yaşamaq da rahatdır və belə cəmiyyət inkişaf edir. Ona görə də bizim əsas vəzifələrimiz hüquq maarifi işini gücləndirməkdən ibarət olmalıdır”. 
Yüksək dövlət qayğısını daim öz üzərlərində hiss edən prokurorluq orqanlarının əməkdaşları bundan sonra da qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsində səylə çalışacaqlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də dediyi kimi: “Azərbaycan Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olacaq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir”.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və

insan hüquqları məsələləri şöbəsi