Naxçıvan şəhər prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

Naxçıvan Şəhər Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər Əli Sultanlı adına 10 nömrəli tam orta məktəbdə məktəbin yuxarı sinif şagirdləri və müəllim kollektivi ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə Naxçıvan Şəhər Prokurorluğunun böyük müstəntiqi Abdulla Quliyev “Ölkəmizin qanunvericiliyində uşaq hüquqlarının rolu” mövzusunda çıxış edərək bildirib ki, yetkinlik yaşına çatmayanlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər. O da vurğulanıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

Tədbirdə şəhər prokurorunun köməkçisi Aygül Əsədova “Vətəndaşların ilkin hərbi qeydiyyata alınması və hərbi çağırışdan boyun qaçırmağa görə məsuliyyət” mövzusunda çıxış edərək bildirib ki, Qanunvericiliyimizə əsasən – çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. Eyni zamanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırmağa görə inzibati, hərbi xidmət keçməkdən boyun qaçırmaya görə isə müvafiq olaraq cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.

Sonda tədbir iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilərək verilən suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi