“Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü” ilə bağlı rayon ərazisində yerləşən orta təhsil müəssisələrinin komandaları arasında futbol yarışlarına start verilib

Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində idmanın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Naxçıvanda idmanın kütləviliyinə nail olunması, idman infrastrukturunun yenidən qurulması, gənclərin idmana marağının artırılması daim diqqət mərkəzində saxlanılır. Yeni istifadəyə verilən idman obyektləri arasında futbol meydançaları xüsusilə diqqəti cəlb edir. Bu stadionlar muxtar respublikanın kənd yaşayış məntəqələrinə də yeni gözəllik bəxş edib, onların müasir standartlara cavab verməsi yeniyetmə və gənclərin futbola marağını daha da artırıb.

10 dekabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən Muxtar Respublikadakı aidiyyəti təşkilatlara və idman federasiyalarına müvafiq tapşırıqlar verilmişdir.  Həmin tapşırıqların yerinə yetirilməsi məqsədilə 23 aprel 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Futbol federasiyasının Culfa rayon bölməsinin-Culfa rayon Prokurorluğunun təşkilatçılığı, həmçinin Culfa rayon gənclər və idman idarəsinin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü” ilə bağlı rayon ərazisində yerləşən orta təhsil müəssisələrinin komandaları arasında futbol yarışlarına start verilib.

Futbol yarışlarında iştirak edən komandalar 2 qrupda mübarizə aparacaqlar. İlk oyun günündə Yaycı kənd 1 nömrəli tam orta  məktəbin komandası ilə Culfa şəhər 3 nömrəli tam orta məktəbin komandası, Uşaq gənclər idman məktəbinin komandası ilə Yaycı kənd 2 nömrəli tam orta məktəbin komandası, Culfa şəhər 1 nömrəli tam orta məktəbin komandası ilə Ərəzin kənd tam orta məktəbin komandası qarşılaşmışlar.

Gərgin idman mübarizəsi şəraitində keçirilən oyunlarda daha yaxşı nəticə göstərən Culfa şəhər 3 nömrəli tam orta məktəb, Yaycı kənd 2 nömrəli tam orta məktəb və Ərəzin kənd tam orta məktəbin komandası növbəti mərhələyə yüksəlmişlər.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi