K O L L E G İ Y A

2022-ci il ərzində qanunların icra və tətbiq olunmasına nəzarət, cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanları tərəfindən görülmüş işlərə dair kollegiya iclası keçirilib. 

Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının Prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq ötən il ərzində görülmüş işlərlə bağlı ətraflı məlumat verib, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təsis olunmasının, aparılan struktur islahatlarının prokurorluq orqanlarının da fəaliyyətini günün tələbləri səviyyəsində qurmalarına geniş imkanlar açacağını, insanların sosial rifah halının yüksəlməsinə xidmət edəcəyini vurğulayıb.

Sonra Şərur, Babək və Culfa rayon prokurorları çıxış edərək aidiyyəti üzrə görülmüş işlər haqqında məlumat veriblər.

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Prokurorunun müavini, baş ədliyyə müşaviri Sənan Paşayev çıxış edərək bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət və müasir dövrün reallıqlarına uyğun islahatlar ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasına, cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsinə, dövlət idarəçilik mexanizminin təkmilləşdirilməsinə xidmət edib. Dövlət başçısının birbaşa diqqət və qayğısı nəticəsində ölkəmizdə digər qurum və sahələrlə yanaşı, Azərbaycan Prokurorluğu orqanlarında da idarəçiliyin təkmilləşdirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində operativliyin təmin edilməsi istiqamətində nəzərəçarpacaq dəyişikliklər müşahidə edilməkdədir. Məhz bu sahədə görülən işlərin bir mərhələsi olaraq Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 10 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun müasir tələblərə cavab verən yeni strukturu təsdiq edilib və bundan sonra Baş prokuror Kamran Əliyev tərəfindən Azərbaycan Prokurorluğunun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Prokurorluğunun da yeni strukturu formalaşdırılıb.

Vurğulanıb ki, bu gün ölkəmizin digər bölgələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası da ölkə başçısı cənab İlham Əliyevin hərtərəfli inkişaf strategiyası ilə əhatə olunub və insanların hüquqlarının qorunması, sosial rifahının yüksəldilməsi istiqamətində əməli addımlar atılmaqdadır. Naxçıvan Muxtar Respublikası Prokurorluğu da muxtar respublikada insanların hüquq və azadlıqlarını qorumaqla, daxil olan müraciətlərə obyektiv və operativ şəkildə baxıb qanuni və əsaslı qərarlar qəbul etməklə, baş vermiş cinayət hadisələrinin vaxtında qeydə alınmasını, qanunlara riayət edilməsini təmin etməklə, möhtərəm cənab Prezident tərəfindən həyata keçirilən davamlı inkişafa, məqsədyönlü və uğurlu islahatlara öz töhfəsini verməlidir. Bunun üçün muxtar respublika prokurorluğu orqanlarının əməkdaşları vətəndaşların müraciətlərinə baxılması, cinayət xarakterli müraciətlərin araşdırılması, törədilmiş hər bir əmələ obyektiv hüquqi qiymətin verilməsi, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarətin gücləndirilməsi istiqamətində öz fəaliyyətlərini daha da təkmilləşdirməli və bu sahədə Azərbaycan Respublikasının qanunlarını, aidiyyəti digər normativ aktların tələblərini, Azərbaycan Respublikası Baş prokurorunun əmr, göstəriş və tapşırıqlarını rəhbər tutmalıdırlar.

Naxçıvan Muxtar Respublikası Prokurorluğu