Maarifləndirmə tədbiri keçirilib

Sədərək rayon prokurorluğunun təşkilatçılığı ilə fevral ayının 15-də Sədərək kənd 2 nömrəli tam orta məktəbində “İnzibati xəta və inzibati məsuliyyət” adlı tədbir keçirilib.

Tədbirdə rayon prokurorluğunun müstəntiqi Elvin Zeynalov  inzibati xəta və inzibati xətaya görə müəyyən inzibati məsuliyyət haqqında söhbət açıb. Bildirib ki, İnzibati xəta anlayışı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən edilib. Həmin Məcəllədə qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məsələn Məcəllədə qeyd olunan şəkildə (yol hərəkəti əleyhinə olan, mülkiyyət əleyhinə olan, gömrük qaydaları əleyhinə olan inzibati xəta törətmək və.s) hüquqazidd hərəkət etmək inzibati xəta törətmək hesab olunur və törədən şəxsin barəsində inzibati məsuliyyət yaradır.

Naxçıvan şəhər prokurorluğunda “İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti” mövzusunda seminar keçirilib

Fevral ayıınn 15-də Prokurorluğun Hüquqi təminat və informasiya şöbəsinin təşkilatçılığı ilə “İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti” mövzusunda Naxçıvan şəhər prokurorluğunda Naxçıvan şəhər, Babək və Şahbuz rayon prokurorluqlarının məsul əməkdaşlarının iştirakı ilə seminar keçirilib.

Qeyd olunub ki, ölkəmizdə hüquq sisteminin təkmilləşdirilməsi prosesi son dövrlər daha da intensiv xarakter alaraq bu istiqamətdə ciddi işlər görülməklə mühüm tədbirlər həyata keçirilmiş, vacib əhəmiyyətli  dövlət sənədləri qəbul edilmişdir ki, onların da içərisində  29.12.2015-ci il tarixli Qanunla təsdiq edilərək 2016-cı ilin martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsi xüsusi yer tutur. İnzibati xətalar haqqında qanunvericiliyin mütəmadi olaraq yenilənməsi zərurəti, onun tənzimlədiyi ictimai münasibətlərin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi ilə daha sıx əlaqəli olmasından irəli gəlir.

Culfa rayon prokurorluğunun təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib

Fevral ayının 12-də Culfa rayon prokurorluğunun təşkilatçılığı və Əlincə polis bölməsi əməkdaşının iştirakı ilə rayonun Saltaq kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri və müəllim kollektivi ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayon prokurorluğunun böyük müstəntiqi Afət Kərimli “14 yaşına çatmış şəxslərin cinayət məsuliyyəti” mövzusunda çıxış edərək bildirib ki, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə gənclərin iqtisadi, sosial, mədəni və s. hüquqlarının təmin edilməsi ilə bağlı bir sıra qanunlar qəbul edilib, milli qanunvericiliyin Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalara uyğunlaşdırılması sahəsində xeyli işlər görülüb. Eyni sözlər yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpozmalar haqqında qəbul edilən qərarların icrası ilə bağlı məsələlərə də aiddir. Qüvvədə olan cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların yaş xüsusiyyətlərini nəzərə alaraq, onlara tətbiq olunan cinayət məsuliyyəti və cəzanın yüngülləşdirilməsi və məhdudlaşdırılmasının xüsusi qaydalarını müəyyən edir. Cinayət qanunvericiliyində yetkinlik yaşına çatmayanların konkret yaş həddi müəyyən edilib. Belə ki, cinayət törədərkən on dörd yaşı tamam olan, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Bu şəxslər cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Afət Kərimli qanunvericilikdə 14 yaşından 16 yaşına qədər şəxslərin törədə biləcəkləri cinayətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Şahbuz rayon prokurorluğunda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən vətəndaşların qəbulu təşkil olunub

Fevral ayının 11-də Şahbuz rayon prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri daim diqqət mərkəzində saxlanılmaqla, müvafiq qanunvericlik aktlarının və Baş Prokurorluq üzrə “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” 01.11.2010-cu il tarixli 10/100 saylı əmrin tələblərinə ciddi əməl edilərək prokurorluqların inzibati binalarının qarşısında ərizə və şikayətlər üçün qutular yerləşdirilərək müraciətlərə dair xüsusi lövhələr yaradılıb.

Naxçıvan şəhər prokurorluğunda seminar keçirilib

Fevral ayının 6-da Naxçıvan şəhər, Babək və Şahbuz rayon prokurorluqlarının məsul işçiləri və dəftətxana müdirlərinin iştirakı ilə Naxçıvan şəhər prokurorluğunda “Arxiv işinin təşkili” mövzusunda seminar keçirilib. Müraciətlərə baxılması şöbəsinin prokuroru Pərvanə Hüseynova prokurorluq orqanlarında arxiv fondunun formalaşdırılması, mühafizəsi, istifadəsi və arxivlərin fəaliyyəti barədə məlumat verərək “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında kargüzarlığın aparılmasına dair Təlimatın”ın və “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında sənədlərin saxlanılması müddətlərinə dair Siyahı”nın müvafiq müddəalarını izah etməklə arxiv işinin təkmilləşdirilməsinə dair məlumat verərək qeyd etdi ki, daimi və müvəqqəti saxlanılmalı işlər və nəzarət icraatları razılaşdırılmış qrafik üzrə prokurorluğun arxivinə verilməlidir. İşlər və nəzarət icraatları arxivə yalnız siyahı üzrə, elektron arxiv proqramı tətbiq olunan prokurorluq orqanlarında isə həmçinin həmin proqram vasitəsilə elektron siyahıüzrə qəbul edilir. Ayrıca işlər cari işlərlə əlaqədar struktur qurumun kargüzarlığında qaldıqda prokurorluğun arxivi onların müvəqqəti istifadəyə verilməsini sənədləşdirilməlidir. Materiallar arxivə verilərkən rayon (şəhər) prokurorluqlarının müvafiq işçiləri onların saxlanılma müddətini yoxlayıb dəqiqləşdirib, saxlama müddəti barədə nəzarət icraatının üzlüyündə qeyd etməlidirlər. Materiallar arxivdə siyahının nömrələrinə görə və illər üzrə saxlanılır. Daimi saxlanılan materiallar müvəqqəti saxlanılan materiallardan ayrıca saxlanılır. Arxivin işçisi sənədlərin lazımi qaydada saxlanılmasına cavabdehdir. Sənədlər istifadəyə yazılı sorğuya əsasən müvafiq qeydiyyat kitabında imza etdirilməklə verilir və onun vaxtında geri qaytarılmasına nəzarət edilir. Arxiv üçün sənədlərin saxlanılma və istifadə qaydalarına cavab verən yer ayrılmalı, həmin yer müvafiq avadanlıqlarla və yanğından mühafizə vasitələri ilə təmin edilməlidir.