Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tedbir keçirilmişdir

May ayının 8-də Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev geniş məruzə ilə çıxış edərək qeyd etdi ki, xalqlarının taleyində müstəsna rol oynayan liderlər həm də milli dövlətçilik ideyalarının gerçəkləşməsində mühüm rol oynayır, tərəqqi üçün dayanıqlı əsasların, mütərəqqi inkişaf strategiyasının müəllifinə çevrilirlər. Ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi hakimiyyətə gəlməsi xalqımızı milli müstəqilliyə doğru aparan işıqlı yolun əsаsını qоymuşdur.

Culfa rayon prokurorluğunda seminar keçirilmişdir

May ayının 4-də Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin təşkilatçılığı ilə Culfa və Ordubad rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə Ordubad rayonprokurorluğunda “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ)” mövzusunda seminar keçirilmişdir.

Tədbirdə qeyd olunmuşdur ki, Konvensiyada qeyd olunmuş hüquqlardan biri də 6-cı maddədə öz əksini tapmış ədalətli məhkəmə araşdırması hüququdur.

Şərur rayon prokurorluğunda seminar keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Müraciətlərə baxılması şöbəsinin təşkilatçılığı ilə may ayının 1-də Şərur, Kəngərli və Sədərək rayon prokurorluqlarının məsul işçiləri və dəftətxana müdirlərinin iştirakı ilə Şərur rayon prokurorluğunda “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında kargüzarlıq işinin təşkili” mövzusunda seminar keçirilmişdir.

Müraciətlərə baxılması şöbəsinin rəisi Nihad Abbasov “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın müddəaları barədə məlumat verərək qeyd etdi ki, dövlət orqanlarında kargüzarlıq işini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı mühüm tədbirlərin görülməsi, ölkə başçısının 23.06.2016-cı il tarixli Fərmanları ilə “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası” və “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi prokurorluq orqanlarında yeni kargüzarlıq qaydalarının müəyyən edilməsini, prokurorluğun bu sahədə fəaliyyətini nizama salan yeni Təlimatın təsdiqlənməsini zəruri etmiş və Azərbaycan Respublikası Baş prokuronun 10/13 №-li əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında kargüzarlığın aparılmasına dair Təlimat” təsdiq edilmişdir. Müvafiq əmrdə isə prokurorluq işçiləri tərəfindən Təlimatın dərindən öyrənilməsi və onun tələblərinə dönmədən əməl edilməsi tələb edilmişdir.

Qeyd olumuşdur ki, Təlimat prokurorluq orqanlarında məxfi olmayan kargüzarlığın aparılması işini,         o cümlədən sənədlərin hazırlanmasını, sənədlərin və müraciətlərin qəbulunu, qeydiyyatını, hərəkətini, icrasını, uçotunu və arxivləşdirilməsini tənzimləyir. Kargüzarlıq prokurorluq orqanlarının öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə, müraciətlər və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir. Kargüzarlığı bilavasitə mütəxəssislər, dəftərxana müdirləri, arxiv qeydiyyatçıları və dəftərxananın digər işçiləri həyata keçirirlər. Prokurorluq işçiləri və kargüzarlığı aparan işçilər bu Təlimatın onların xidməti vəzifələrinə aid hissədə tələblərinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar. Xidməti sənədlərlə yalnız prokurorluğun aidiyyəti olan işçiləri tanış ola bilərlər. Digər şəxslərin həmin sənədlərlə tanış olmasına, onlara dair arayış və ya xidməti məlumatların verilməsinə, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla sənədlərin surətlərinin verilməsinə, kütləvi informasiya və digər vasitələrlə yayılmasına yalnız prokurorluğun rəhbərliyinin razılığı ilə yol verilir.Prokurorluq işçiləri işdən çıxdıqda və ya müvəqqəti işdə olmadıqda icra olunmamış sənədlər struktur qurumun rəhbərinin və ya müvafiq prokurorun göstərişinə əsasən bu barədə mütləq qeydiyyat aparılmaqla digər icraçıya verilir. Dəftərxana müdirləri və kargüzarlığı həyata keçirən digər işçilər işdən çıxarkən onlara təhkim olunmuş ştamplar, möhürlər, blanklar və sənədlər struktur qurumun rəhbərinin, rayon  və şəhər prokurorunun təsdiq etdiyi aktla yeni təyin olunmuş və ya həmin vəzifənin icrası müvəqqəti həvalə olunmuş şəxsə verilir.

Nihad Abbasov vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması xüsusiyyətləri, sənədlərin dövriyyəsinin təşkili,sənədlərin icrasına nəzarət və sənədlərin tərtib edilmə qaydası, kompüter üsulu ilə hazırlanan sənədlərə o dair tələblər, sənədlərin çoxaldılması və surətlərinin çıxarılması qaydaları, tərcümə ediməsi, işlərin nomenklaturunun, işlərin və nəzarət icraatlarının tərtib edilməsi, sənədlərin dəyərləndirilməsinə dair ekspertizanın keçirilməsi, sənədlərin saxlanılmasının təmin olunması, möhür və ştampların uçotu, saxlanılması və istifadə edilməsi və kargüzarlığın elektron qaydada aparılmasının xüsusiyyətləri barədə izahlar verdi.

Sonra bu sahədə işin düzgün təşkilinə və hayata keçirilməsinə dair konkret tövsiyələr verilmiş və  bu sahədəki fəaliyyətlə bağlı qarşıya çıxan suallar cavablandırılmışdır.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi