İlham Əliyev adına Olimpiya İdman Kompleski yenidən qurulub

 

 

 

 

 

 

 

 

 

 

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Bədən tərbiyəsi və idmanla geniş məşğul olan xalq, ölkə həmişə fiziki və mənəvi cəhətdən sağlam olur”.

Ulu öndərin tövsiyyələri əsas tutularaq Naxçıvan Muxtar Respublikasında idman sağlam gənc nəslin yetişməsində əsas amil kimi götürülür. Müasir idman infrastrukturu yaradılır, mövcud idman obyekt və qurğularından səmərəli istifadə diqqətdə saxlanılır. Görülən işlərin davamı olaraq İlham Əliyev adına Olimpiya İdman Kompleski yenidən qurulmuşdur.

Mayın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Olimpiya İdman Kompleskində görülən işlərlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, kompleksdə bütün zəruri infrastruktur yenilənmiş, tavan və döşəmələr dəyişdirilmiş, işıqlandırma, havalandırma və istilik sistemləri yenidən qurulmuşdur. Hər biri 220 tamaşaçı tutumu olan iki idman zalında mini futbol, basketbol, voleybol, güləş, karate, boks, ağır atletika və digər idman növləri üzrə yarış və məşqlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Yarış nəticələrinin göstərilməsi üçün elektron məlumat lövhəsi qurulmuşdur. Kompleksdə idman ləvazimatlarının satış bölməsi və bufet istifadəyə verilmiş, iş, soyunub-geyinmə və digər xidməti otaqlarda lazımi şərait yaradılmışdır.

Ali Məclisin Sədri kompleksin imkanlarından səmərəli istifadə olunması və yaradılan şəraitin qorunub saxlanılması barədə tapşırıqlar vermişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti