Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

 Noyabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Qil ilə görüşmüşdür.

Ali Məclisin Sədri Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin muxtar respublikada həyata keçirdiyi tədbirləri diqqətə çatdırmışdır.

Təhsil və mədəniyyət sahəsində əlaqələrin əhəmiyyətini vurğulayan Ali Məclisin Sədri səfirlik tərəfindən 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə Naxçıvanda məhdud fiziki imkanlı şəxslər üçün göstəriləcək tamaşanın məmnunluqla qarşılanacağına əminliyini bildirmiş və buna görə qonağa təşəkkür etmişdir.

 

Uilyam Qil səmimi münasibətə və səfirlik tərəfindən keçirilən tədbirlərə göstərilən dəstəyə görə minnətdarlıq etmişdir. Ölkələrimiz arasındakı əlaqələrdən danışan qonaq muxtar respublikaya ilk dəfə səfər etdiyini və bundan böyük məmnunluq duyduğunu bildirmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti