Naxçıvanda 1 şəhid ailəsinə və 5 qaziyə mənzil, 11 qaziyə və 1 sağlamlıq imkanları məhdud şəxsə isə avtomobil təqdim olunub

Dekabrın 30-da – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailəsi və qazilərlə görüşüb, İkinci Qarabağ müharibəsi şəhidinin ailəsinə, 5 qaziyə yeni mənzil, 11 qaziyə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılması zamanı sağlamlıq imkanlarını qismən itirmiş 1 nəfərə avtomobillər təqdim olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdıraraq deyib ki, çox təəssüf ki, müstəqilliyimizin ilk illərində mənfur düşmənlər Azərbaycan Respublikasının bütövlüyünə, onun sərhəd toxunulmazlığına qarşı cinayətkar əməllər törədiblər. Bir azərbaycanlı kimi sevinirəm ki, Vətən oğulları da bu əməllərin qarşısının alınması üçün könüllü şəkildə maraqlarını ortaya qoyaraq Vətənin çağırışına səs verdilər. İstər Birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ müharibəsində Azərbaycan oğulları düşmənə layiqli cavab verib. Müstəqilliyin ilk illərində hər hansı bir ordudan danışmaq çətin idi. Ordu quruculuğunun təməli məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən Naxçıvanda atılıb. Mən Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin yerləşdiyi ərazidə olarkən orada yaradılan şəraiti gördükdə qürurlandım. Ona görə ki, bu sahədə işlər ilk olaraq burada formalaşıb. Birinci Qarabağ müharibəsi bizim üçün olduqca ağır idi. Lakin düşmənin uzun müddət həm təbliğatı, siyasəti, həm də özlərini “qəhrəman xalq” kimi təqdim etmələri Azərbaycan oğullarının rəşadəti və səyi hesabına darmadağın edildi. Artıq belə bir mif yoxdur. Bütün dünya onların kim olduğunu bir daha gördü. Çox təəssüf ki, bugünkü dünya nizamında ikili standartlarla qarşılaşırıq, ərazi bütövlüyümüzə yenə də düşmən gözü ilə baxan qüvvələr var. Ancaq əmin edirəm ki, ölkə Prezidentinin bu məsələlərdə qətiyyətinə heç bir şübhə ola bilməz. Dövlət başçısının siyasəti məhz ona hesablanıb ki, Azərbaycanın ərazi bütövlüyü qorunmalı və dədə-baba torpaqlarımız həmişə bizim bir tərkib hissəmiz kimi qalmalıdır. 

    Səlahiyyətli nümayəndə Fuad Nəcəfli təşəkkür edərək deyib ki, müharibənin ağır, olduqca çətin dövrlərində hər biriniz öz gücünüzü əsirgəməyərək insan üçün ən dəyərli olan həyatınızı riskə ataraq vətənin çağırışına qoşulmusunuz və müharibədə iştirak etmisiniz. Bu, olduqca cəsarət tələb edən bir qərardır. Müharibə itkisiz olmur. 
    Şəhidlərə və qazilərə ehtiramını bildirən Fuad Nəcəfli deyib ki, belə oğulları tarix hər zaman yetişdirmir. Lakin Naxçıvan torpağı, qədim Azərbaycan torpağı həmişə igid oğullar yetişdirəcək və vətənimizin bütövlüyü, torpaqlarımızın müqəddəsliyi həmin oğulların sayəsində daim qorunacaqdır. Dövlət tərəfindən şəhid ailələri və qazilərin sosial təminatı istiqamətində mühüm tədbirlər görülür, lakin nə qədər işlər görülsə də, hər zaman azdır. Dövlət başçımızın bu məsələlərlə bağlı prinsipial siyasət yürütməsinə əmin ola bilərsiniz. Şəhid ailələri və qazilərin sosial təminatının davamlı olaraq yüksəldilməsi bundan sonra da davam etdiriləcəkdir. Bu gün həyata keçirilən tədbirlərin davamı kimi ayrılan vəsait hesabına mənzillər və avtomobillər təqdim olunur. Bu, dövlətin sizə göstərdiyi qayğının təzahürüdür.
    Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edərək ölkə Prezidentinin Naxçıvanda şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan danışıb. 
     Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədov mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim ediblər. 
    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, uğurlar arzulayıb.
    Şəhid ailəsinə və qazilərə verilən 2 və 3 otaqlı mənzillər Kəngərli rayonunun Qıvraq qəsəbəsində, Culfa və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulub, lazımi kommunal şərait yaradılıb.

“Şərq qapısı”