Alışar kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib

Noyabrın 10-da Alışar kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Məlumat verilmişdir ki, məktəb 2004-cü ildə tikilmiş, 2022-ci ildə isə yenidən qurulmuşdur. 2 mərtəbədən ibarət olan 342 şagird yerlik məktəbdə 19 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, şahmat sinfi, direktor, direktor müavini, idman müəllimi, kompüter, psixoloq və müəllimlər otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı yerləşir. Məktəbin kitabxana fondunda 3225 kitab vardır.

STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılmışdır. Kabinə mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilmişdir. Şagirdlər hazırladıqları “3D printerdə çap olunmuş kreativ mexatronik saat”, “Naqilsiz enerji mənbəyi” və “Missiya robotunun kodlaşdırılması” layihələrini təqdim etmişlər.

Müəllimlərdən Şəhla Baxşəliyeva, İntizar Cəfərova və Əmir Murtuzayev yaradılan şəraitə görə minnətdarlıq etmişlər.

Məktəbdə internetə çıxışı olan 22 kompüter və 4 elektron lövhə quraşdırılmışdır. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Bayraq Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda keçirilən interaktiv dərsi izləmişdir.

2022-2023-cü tədris ilində məktəbin birinci sinfinə 16 şagird qəbul olunmuşdur. Birinci sinif şagirdi Nəzrin İsmayılova ulu öndərə həsr olunmuş şeir söyləmişdir.

İdman zalına baxış zamanı Ali Məclisin Sədri zalda müxtəlif idman yarışlarının keçirilməsi, idmana marağın artırılması barədə tapşırıqlar vermişdir. Hərbi kabinədə məlumat verilmişdir ki, məktəbin bir şagirdi hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir.

Məktəbdəki laboratoriyalarda yaradılan yüksək səviyyəli tədris şəraiti kimya, biologiya və fizika dərslərində keyfiyyətin yüksəlməsinə təkan verəcək, praktik məşğələlər şagirdlərin biliklərinin möhkəmləndirilməsində mühüm rol oynayacaqdır.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və müəllim Günel Seyid çıxış etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Alışar kənd tam orta məktəbinin yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş və fəaliyyətlərində uğurlar arzulamışdır.

Binanın həyətində bufet və qazanxana tikilmiş, açıq idman qurğuları quraşdırılmış, geniş abadlıq işləri aparılmışdır.

 

Alışar kənd avtomobil yolu yenidən qurulub

Noyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olmuşdur.

Bildirilmişdir ki, kənddə 900 metr əsas, 6180 metr kənddaxili yollara asfalt örtük salınmış, 3700 metr kənddaxili yollara qum-çınqıl qatı verilmiş, 12 metal boru su keçidi qoyulmuş, 994 metr beton su kanalı çəkilmiş, 1 körpü tikilmişdir.

Sonra sakinlərlə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Alışar kəndinin müasir kəndlər sırasına qoşulması münasibətilə sakinləri təbrik etmiş, məktəbin və kənd yolunun qurulmasında əməyi olanlara təşəkkürünü bildirmiş, sakinlərə rahat həyat arzulamışdır.

Kənd ağsaqqalı İsmayıl Xəlilov görülən işlərə görə dövlətimizə minnətdarlıq etmişdir.

       

 

 

 

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti