Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş keçirilib

Sentyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası İqdır Vilayətinin valisi Hüseyn Engin Sarıibrahim ilə görüşmüşdür.

Görüşdə Naxçıvan-İqdır əlaqələrinin Azərbaycan-Türkiyə münasibətlərindəki rolundan, eləcə də muxtar respublika ilə Türkiyənin yaxın vilayətləri arasındakı enerji, nəqliyyat, təhsil və  iqtisadi-ticarət əlaqələrindən bəhs olunmuş, gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak etmişdir

 

İqdır vilayətinin valisi Hüseyn Engin Sarıibrahim: “Əməkdaşlığın daha da güclənməsinə çalışacağıq”

Sentyabrın 28-də Türkiyə Respublikasının İqdır vilayətinin valisi Hüseyn Engin Sarıibrahim Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Qonaq əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, ulu öndərin adını daşıyan muzeyi ziyarət edib. İqdır vilayətinin valisi daha sonra Türk dünyasının öndəri Mustafa Kamal Atatürkün büstü önünə gül dəstələri qoyub, ehtiramını bildirib. Səfər çərçivəsində vali Naxçıvan Biznes Mərkəzi ilə də tanış olub. Məlumat verilib ki, mərkəzin sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən 55 sahibkar­lıq subyektinin, 102 müəssisənin 171 adda 1330 çeşiddə məhsulları nümayiş olunur. Muxtar respublikada sahibkarlığın bütün parametrlər üzrə inkişafı yerli istehsalın həcminin artmasına və xarici ticarət əlaqələrinin genişlənməsinə töhfə verib, ixracyönümlü məhsul istehsalına nail olunub. Hazırda muxtar respublikada 384 növdə məhsul istehsal edilir, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir. Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə olduğu kimi, iqtisadi sahədə də dinamik şəkildə inkişaf edir, Türkiyənin İqdır bölgəsi və Naxçıvan Muxtar Respublikası sahibkarlarının bir sıra sahələr üzrə əməkdaşlıq, ticarət əlaqələri genişləndirilir. 

Türkiyə Respublikasının İqdır vilayətinin valisi Hüseyn Engin Sarıibrahim “Şərq qapısı” qəzetinə müsahibəsində səfərinin məqsədi barədə danışıb:  – Əvvəlcə yüksək qonaqpərvərliyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığımı bildirirəm. İki qonşu bölgə, iki ayrı dövlətin, tək millətin nümayəndələri olaraq birliyimizi göstərmək üçün buraya gəldim. İlk olaraq İkinci Qarabağ müharibəsi və ötən həftələrdə cəbhədə yaşanan hadisələrdən sonra şəhidlərimizə rəhmət diləklərimi çatdırdım. Heç şübhəsiz ki, bu gün qazanılan savaş iqtisadiyyat, sosial və siyasi mənada əldə ediləcək daha böyük zəfərlərə vəsilə olacaq. Həm Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevə, həm də Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Təyyib Ərdoğana yaratdıqları dostluq, qardaşlıq münasibətləri, əməkdaşlıq əlaqələrinə görə sonsuz məmnunluq, minnətdarlıq hissləri duyuram. Səfər zamanı əlimizdən gəldiyi qədər Naxçıvan Muxtar Respublikası ilə İqdır arasında qurulacaq iqtisadiyyat, sosial və siyasi əlaqələrin inkişafı üçün atılacaq addımları, bu mənada, iradə ortaya qoyacaq iş adamlarımızı dəstəkləmək üçün Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunda oldum, müxtəlif görüşlər keçirdim. Görüşlər məhsuldar oldu. Müxtəlif sahələr üzrə ikitərəfli əlaqələrimizin daha da genişlənəcəyinə inanıram. Gələcəkdə də iki dost, qardaş ölkə arasında əməkdaşlığın daha da güclənməsi naminə üzərimə düşən vəzifələri lazımınca yerinə yetirməyə çalışacağam.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti