Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu keçirilmişdir

Noyabrın 26-da Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirilmişdir.

Forum iştirakçıları ümummili liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuş, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər. Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla tanışlıqdan sonra xatirə şəkli çəkdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov forumun  açılışında iştirak etmişdir.

 

Muxtar respublikanın səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobilləri təqdim olunub

Noyabrın 24-də Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə 15 təcili tibbi yardım avtomobili təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov çıxış edərək demişdir ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması əhalinin bütün təbəqələrinin sağlamlığının qorunması işində əsaslı dönüş yaratmışdır. İnfrastrukturun yenilənməsi, səhiyyə tibbi-informasiya sisteminin yaradılması, icbari tibbi sığortanın tətbiqi əhalinin sağlamlığının etibarlı təminatına səbəb olub. Bu gün yeni təcili tibbi yardım avtomobillərinin təqdimatı da muxtar respublikada səhiyyənin inkişafı sahəsində görülən işlərin davamıdır. Niyazi Novruzov muxtar respublikanın səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, əhalinin sağlamlığının qorunması sahəsində məsuliyyətlə çalışacaqlarına söz vermişdir.

Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir Şərur rayonunun Kosacan kəndi müasir yaşayış məntəqəsinə çevrilib

1992-ci il noyabrın 21-də ümummilli ­liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında Yeni Azərbay­can Partiyasının yaradılması müstəqil Azərbaycanın siyasi və dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Xalqın və zamanın tələbi ilə yaranan Yeni Azərbaycan Partiyası ulu öndərin rəhbərliyi ilə Azərbaycanı xaos, parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edərək müstəqil dövlətçilik və davamlı inkişaf  mərhələsinə çıxarıb. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri və həyata keçirilən sosial-iqtisadi islahatlar Yeni Azərbaycan Partiyasının təməlində duran inkişaf, sabitlik və yüksək rifah prinsiplərinin bəhrələridir.

Noyabrın 21-də – Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümündə Şərur rayonunun Kosacan kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Kosacan kənd tam orta məktəb binası

istifadəyə verilmişdir 

Noyabrın 21-də Kosacan kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını bildirən lenti kəsmişdir.

Kosacan kənd tam orta məktəbinin direktoru Asim Həsənov çıxış edərək demişdir ki, muxtar respublikanın bütün yaşayış məntəqələrində olduğu kimi, Kosacan kəndində də geniş quruculuq işləri aparılmışdır. Kosacan kənd tam orta məktəbi əvvəllər köhnə və şəraiti olmayan binada fəaliyyət göstərirdi. Müasir məktəb binasında fəaliyyət göstərmək ən böyük arzumuz idi. Kollektivimizin  arzusu reallığa çevrilib. Bu gün müasir tədrisin tələblərinə uyğun qurulmuş məktəb binası istifadəyə verilir. Asim Həsənov kənd sakinləri və kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov Kosacan kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Hər bir xalqın səviyyəsini onun təhsil səviyyəsi müəyyən edir” fikrini xatırladaraq demişdir: Bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlər, görülən işlər və yaradılan şərait xalqımızın gələcəyinə, onun yüksək səviyyəyə malik olmasına xidmət edir. Yeni məktəblər tikilir, tədrisdə müasir texnologiyalar tətbiq olunur, təhsil müəssisələri lazımi avadanlıq və kitablarla təmin olunur. Yaradılan şərait təhsilin inkişafına öz töhfəsini verir.

 

Kəngərli rayonunda qapalı suvarma şəbəkəsi istifadəyə verilib

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində davamlı tədbirlər görülür. Kənd təsərrüfatı inkişaf etdirilir, məhsul istehsalı artırılır. Bu işlərin həyata keçirilməsində meliorasiya və irriqasiya tədbirləri xüsusi yer tutur. Hazırda muxtar respublikanın torpaq ehtiyatından səmərəli istifadə olunur, mütərəqqi suvarma metodları tətbiq edilir, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır.

Noyabrın 20-də Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Məlumat verilmişdir ki, “Bərəkət toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 616 hektar əkin sahəsini əhatə edən qapalı suvarma şəbəkəsinin tikintisi yerli mütəxəssislər tərəfindən qısa müddətdə və keyfiyyətlə aparılmışdır. Layihəyə uyğun olaraq ərazidə 2850 metr magistral xətt, 8300 metr ana xətt, uzunluğu 61 min 310 metr olan paylayıcı suvarma şəbəkəsi və 6300 metr suboşaldıcı xətt çəkilmiş, 594 hidrant quraşdırılmışdır. Ana xəttin dayanıqlığını artırmaq məqsədilə borunun yeri 40 santimetr qazılaraq çınqıl qatı verilmiş və yarıya qədər torpaqla doldurulmuşdur. Suyun sahəyə növbə ilə verilməsini təmin etmək üçün xətlərin üzərində 11 siyirtmə qoyulmuşdur. Tikinti işləri ərazinin relyefi nəzərə alınaraq aparılmışdır ki, bu da suyun əkin sahələrinə itkisiz və öz axını ilə çatdırılmasına imkan verəcəkdir. Qapalı suvarma şəbəkəsi saniyədə əraziyə 1100 litr su ötürmək gücünə malikdir.

Naxçıvanda payız iməciliyi keçirilib

Ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər, qəbul olunan qərarlar müstəqil Azərbaycanın əsas inkişaf istiqamətlərini müəyyənləşdirdi. Ulu öndərin rəhbərliyi ilə üçrəngli bayrağımızın Naxçıvanda qaldırılması, muxtar respublikanın adının dəyişdirilməsi, ordu quruculuğuna və iqtisadi islahatlara başlanılması müstəqil dövlətçilik tariximizdə mühüm mərhələ təşkil edir. Həmin dövrdə muxtar respublikada təbiətin qorunması istiqamətində də tədbirlər görülmüş, iməciliklər keçirilmiş, yaşıllıqlar salınmışdır. Bu gün dahi şəxsiyyətin ideyaları muxtar respublikada uğurla reallaşdırılır, bütün sahələrdə olduğu kimi, ətraf mühitin qorunması istiqamətində də ardıcıl tədbirlər görülür. Bu ilin payız əkini dövründə muxtar respublikada 300 hektardan artıq sahədə meyvə bağları və yaşıllıq zolaqları salınacaqdır.