“Badamlı” suyunun istehsalı artırılır

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın hərtərəfli inkişafı təbii sərvətlərimizdən səmərəli istifadəyə imkan verir. Artıq muxtar respublika ölkəmizin əsas mineral su istehsalçısına çevrilmişdir. “Badamlı” mineral suyu da bu gün geniş ixrac imkanlarına malikdir. Təlabatın artmasının nəticəsidir ki, hazırda Şahbuz rayonunun Badamlı qəsəbəsində yeni zavod inşa olunur.

Aprelin 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Badamlı” mineral sular zavodunun inşası ilə maraqlanmışdır.

Bildirilmişdir ki, zavodun ümumi sahəsi 10 min 590 kvadratmetrdir. Zavod xammal anbarı, istehsal sahəsi və hazır məhsul anbarından ibarət olacaqdır. Əsas tikinti işləri başa çatdırılmış, Fransa istehsalı olan avadanlıqlar alınıb gətirilmişdir. Müəssisədə qazlı və qazsız olmaqla müxtəlif ölçülü qablaşdırmada "Badamlı" suyu istehsal ediləcəkdir. İstehsal prossesi tam avtomatlaşdırılmış şəraitdə və standartların tələblərinə uyğun həyata keçiriləcəkdir. Həmçinin zavodda müasir avadanlıqlarla təmin olunmuş laboratoriyalar istifadəyə veriləcək, istehsal olunmuş məhsulların keyfiyyətinə tam nəzarət ediləcəkdir.

Badamlı qəsəbə avtomobil yolu yenidən qurulur

Müasir yol infrastrukturunun yaradılması muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsidir. Çünki rahat və abad yol dayanıqlı iqtisadi inkişafı təmin edir. Görülən işlərin davamı olaraq bu il Badamlı qəsəbə avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.

Aprelin 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda aparılan  yenidənqurma tədbirləri ilə tanış olmuşdur.

Məlumat verilmişdir ki, Badamlı qəsəbə avtomobil yolunun uzunluğu 5,4 kilometrdir. Yol yatağı genişləndirilərək 10 metrə çatdırılmış, piyadaların və avtomobillərin təhlükəsiz və rahat hərəkəti təmin edilmişdir. Yolun üzərindəki iki körpü əsaslı şəkildə yenidən qurulmuş, 12 selötürücü tikilmişdir. Körpülərin ətrafında yuyulmanın qarşısının alınması məqsədilə istinad divarları tikilmişdir. Həmçinin yağış sularının axıdılması üçün yol kənarlarında beton kanal çəkilmiş, qaz xətlərinin yeri dəyişdirilmişdir.

Naxçıvanda təbiətə qayğı göstərilir

Ümummilli liderimiz Heydər Əliyev demişdir: "İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır, zənginləşir".

Bu gün muxtar respublikamızda təbiətə qayğı əsas məsələlər sırasındadır. Həyata keçirilən ekoloji siyasətin məqsədi də təbiəti zənginləşdirməkdən ibarətdir. Hər il yeni yaşıllıq zolaqları və meyvə bağları salınır. Görülən işlərin nəticəsidir ki, artıq muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir.

Aprelin 27-də muxtar respublikada növbəti iməcilik keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və "Gəmiqaya" Holdinq Şirkətlər İttifaqının kollektivləri Uzunoba Su Anbarının kənarında terras üsulu ilə salınmış yaşıllıq zolağında keçirilən yaşıllaşdırma tədbirində 21 hektar meyvə bağının sahəsini genişləndirmiş, 2 hektar sahədə yeni tinglər əkmişlər.

Naxçıvan Hərbi Qarnizonunun Təlim-Tədris Mərkəzində komanda-qərargah təlimləri keçirilir

Aprelin 18-də Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının uzlaşdırılmış plan üzrə kompüter dəstəkli komanda-qərargah təlimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təlimi izləmişdir.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport vermişdir.

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün alınmış xidməti avtomobillərə baxış olmuşdur. Qeyd olunmuşdur ki, hərbi hissələr müasir döyüş texnikaları ilə yanaşı, həm də xidməti avtomobillərlə təmin olunur. Yeni alınmış 10 ədəd “NİVA” markalı xidməti avtomobil hərbi hissələrin komandir və rəis heyətinin istifadəsinə veriləcəkdir.

Sonra təlim başlamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Aprelin 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti ilə görüşüb.

Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu ifadə etmiş, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı tərəfindən muxtar respublikada həyata keçirilən layihələrin uğurlu olduğunu bildirmişdir. 2019-cu ilin Naxçıvanda “Ailə təsərrüfatları ili” elan olunduğunu və muxtar respublikada mindən artıq ailə təsərrüfatının fəaliyyət göstərdiyini bildirən Ali Məclisin Sədri bu sahənin inkişafı ilə bağlı görülən işləri diqqətə çatdırmış, “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” tədbirin də ailə təsərrüfatlarına dəstək xarakteri daşıdığını qeyd etmişdir.