Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

Fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında" müşavirə keçirilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: Ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq bu gün Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. İldən-ilə idman nəticələrimiz, uğurlarımız artmaqda davam edir.

Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilmişdir

Yanvarın 28-də Babək Rayon Baytarlıq İdarəsinin yeni binasının açılışı olmuşdur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. 

Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək demişdir ki, aqrar sahədə sistemli şəkildə həyata keçirilən kompleks islahatlar və göstərilən dövlət dəstəyi nəticəsində muxtar respublikada əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir. Ət-süd emalı müəssisələrinin yaradılması muxtar respublikanın bütün rayonlarında əhalinin əsas məşğulluq sahəsi olan heyvandarlığın inkişafına səbəb olmuşdur. 2019-cu ildə muxtar respublikada heyvandarlıq sahəsinə 9 milyon 982 min manatdan artıq kredit verilmişdir. Hazırda muxtar respublikada 115 min 620 baş iribuynuzlu, 704 min 57 baş xırdabuynuzlu heyvan, 1 milyon 307 min baş quş və 99 min 798 arı ailəsi saxlanılır. Yeni baytarlıq idarələri və məntəqələrinin tikilməsi, laboratoriyaların qurulması, suni mayalanmanın tətbiqi heyvandarlığın, arıçılığın və quşçuluğun inkişafına səbəb olmuşdur. Muxtar respublikada biotəhlükəsizliyin qorunması da diqqətdə saxlanılmış, Dövlət Baytarlıq Xidməti dərman və bioloji preparatlarla təchiz olunmuş, profilaktika məqsədilə peyvəndləmə, dezinfeksiya işləri aparılmış, epizotiya əleyhinə ardıcıl tədbirlər görülmüşdür. 

Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il dekbarın 13-də “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncam imzalamış, ölkəmizdə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin keçirilməsi qərara alınmışdır.Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlmişdir.

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb

Yanvarın 16-da Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək demişdir ki, muxtar respublikada səhiyyənin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər tibbi xidmətin səviyyəsini yüksəltmişdir. Həyata keçirilən səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri də icbari tibbi sığortanın tətbiqidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamları ilə Sədərək, Şərur, Kəngərli, Şahbuz, Ordubad və Babək rayonlarında, həmçinin respublika və şəhər əhəmiyyətli tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqinə başlanmışdır. 2019-cu ilin dekabr ayından isə Culfa rayonunda icbarı tibbi sığortaya keçidlə bağlı işlərə başlanılmışdır. Mərkəzi xəstəxanada yenidənqurma işləri görülmüş, müasir tibbi avadanlıqlar quraşdırılmışdır. Niyazi Novruzov yaradılan şəraitə görə səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub

Yanvarın 14-də 1 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 3 nəfərə fərdi yaşayış evləri və mənzillər, eyni zamanda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, hərbi xidmət vəzifələrinin icrası zamanı və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 11 nəfərə “NAZ-Lifan 330” markalı avtomobillər təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mənzil və avtomobillə təmin olunanları təbrik edərək demişdir: Bu gün Azərbaycan dövləti qarşısında xidməti vəzifələrini layiqincə yerinə yetirənlərə, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda sağlamlığını itirənlərə, şəhid ailəsinə, eləcə də Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə mənzil və avtomobillər təqdim olunur. Bu insanların dövlətimiz qarşısındakı xidmətləri nümunə gücündədir. Mənzil və avtomobillərin təqdim olunması isə dövlətimizin ərazi bütövlüyünün qorunmasında həyatını və sağlamlığını itirmiş şəxslərə göstərdiyi qayğının, ölkəmizdəki dövlət-xalq birliyinin daha bir ifadəsidir.