Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binası və yarımstansiyası istifadəyə verilib

Muxtar respublikanın davamlı inkişafını xarakterizə edən amillərdən biri də enerji təhlükəsizliyinin təmin olunması və müasir elektroenergetika infrastrukturunun yaradılmasıdır. Elektrik enerjisinin istehsalı ilə yanaşı, onun istehlakçılara etibarlı və itkisiz çatdırılması da əsas məsələlərdəndir.

İyunun 7-də Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binası və yarımstansiyası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.

Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev çıxış edərək demişdir ki, muxtar respublikada energetika sisteminin inkişafı sahəsində ardıcıl tədbirlər görülür, enerji təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Yeni elektrik stansiyalarının istifadəyə verilməsinin və energetika təsərrüfatının müasir tələblər səviyyəsində qurulmasının nəticəsidir ki, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar. Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyasının istifadəyə verilməsi də muxtar respublikada elektroenergetika sisteminin inkişafı sahəsində görülən işlərin davamıdır. Namiq Paşayev göstərilən qayğıya görə muxtar respublika energetikləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, qarşıya qoyulan vəzifələrin icrasında səylərini əsirgəməyəcəklərinə söz vermişdir.

Naxçıvanda təbiətə qayğı göstərilir

Ekoloji təhlükəsizliyin təmin olunmasında yaşıllıqların artırılması və qorunub saxlanılması mühüm əhəmiyyət daşıyır. Torpaq, yurd sevgisinin, ətraf mühitə və təbii sərvətlərə qayğının daha bir ifadəsi olan bu tədbirlər hər il muxtar respublikada davam etdirilir. Bu ilin yaz əkin mövsümündə də muxtar respublika ərazisində 317 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, yeni meyvə bağları salınmışdır.

İyunun 1-də Naxçıvan Muxtar Respublikasında iməciliklər keçirilmiş, yaşıllıq zolaqları və meyvə bağlarına aqrotexniki qulluq göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivləri Uzunoba Su Anbarının ətrafında terras üsulu ilə salınmış meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər. 3,6 hektarlıq meyvə bağında 2 mindən artıq ərik, badam, cəviz və tut ağacı, eləcə də  1300 üzüm kolu vardır. Lazımi aqrotexniki qulluq göstərilməsinin nəticəsidir ki, artıq ağaclar məhsul verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Mayın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb.

Ali Məclisin Sədri qonağı salamlamış, ölkəmizdəki diplomatik fəaliyyətində səfirə uğurlar arzulamışdır. Ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri bunun tərkib hissəsi kimi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Hindistan arasında tütünçülük, əczaçılıq və iqtisadi-ticarət sahəsində əlaqələrin olduğunu diqqətə çatdırmışdır.

Ali Məclisin Sədri  təhsil sahəsində, xüsusilə ali təhsil müəssisələri arasında əlaqələrin inkişafı üçün imkanların olduğunu bildirmiş, səfərin uğurlu keçəcəyinə əminliyini ifadə etmişdir.

Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il mayın 16-da Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamış, Tədbirlər Planı təsdiq edilmişdir.

Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflər təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Naxçıvan Muxtar Respublikasının həyatında Duzdağ Fizioterapiya Mərkəzinin xüsusi rolu vardır. Ötən 40 ildə mərkəz uğurla fəaliyyət göstərmiş, kollektiv formalaşmışdır. Sovetlər Birliyi dövründə şəraitin olmaması həm müalicə alan xəstələr, həm də kollektiv üçün çətinliklər yaradırdı. Lakin müstəqillik illərində Duzdağ Fizioterapiya Mərkəzi yenidən qurularaq müasir səhiyyə müəssisəsinə çevrilmişdir. 50 çarpayı ilə fəaliyyətə başlayan mərkəzdə hazırda 500-ə yaxın xəstə eyni vaxtda müalicə alır. Hər il 4 minə yaxın insan mərkəzə müraciət edir. Vaxtilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan mərkəz bu gün publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Kollektiv işini düzgün qurmuş, Duzdağ Fizioterapiya Mərkəzi muxtar respublikanın brendinə çevrilmişdir.

Naxçıvanda iftar süfrəsi açılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Orucluq mərasimləri hər il cəmiyyətimizdə humanizmin, birlik və bərabərliyin təntənəsinə çevrilir”.

Muxtar respublikada da Ramazan ayı, orucluq mərasimləri mənəvi dəyərlərimizə uyğun keçirilir. Bu müqəddəs ayın zənginlikləri yaşadılır, insanlar saf dini ideyalar ətrafında həmrəy olurlar.

Mayın 21-də Naxçıvan şəhərində iftar süfrəsi açılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov iftar mərasimində çıxış edərək demişdir: Xalqımız həmişə milli-mənəvi dəyərlərinə sadiqliyi ilə seçilmişdir. İslam sivilizasiyasının tarixi-­mədəni mərkəzlərindən biri olan Naxçıvanda milli-dini mərasimlər, o cümlədən Ramazan ayı hər il böyük təntənə ilə keçirilir. Bu müqəddəs ayda xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, vətən uğrunda canlarından keçən qəhrəmanların xatirəsi dərin ehtiramla yad olunur.