Naxçıvanda sahibkarlarla görüş olmuşdur

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Ölkəmizdə yaradılan əlverişli biznes mühiti və özəl sektora göstərilən diqqət sahibkarlığın inkişafı üçün geniş imkanlar açıb. Ölkə Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda demişdir ki, “Sahibkarlıqla bağlı siyasətimiz davam etdiriləcək. Sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir – həm mənəvi dəstək, siyasi dəstək, həm də maddi dəstək. Azərbaycan nadir ölkələrdəndir ki, öz sahibkarına bu qədər diqqət göstərir”.

Ali Məclisin Sədri demişdir: Naxçıvan Muxtar Respublikasında sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 88 faizi ötmüşdür. Hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Bu gün muxtar respublikada istər sənayenin, istərsə də kənd təsərrüfatının inkişafı sahibkarlıq fəaliyyəti üçün yaradılan şərait nəticəsində mümkün olmuşdur. Bir faktı qeyd etmək yerinə düşər ki, hazırda muxtar respublikada məşğul əhalinin 83 faizə yaxını özəl sektorda çalışır. Sənaye sahəsində məhsul istehsalının 94 faizi, tikintidə görülən işlərin və nəqliyyat xidmətinin 78 faizi, rabitə xidmətinin 82 faizi, kənd təsərrüfatı, ticarət və ictimai-iaşə xidmətlərinin isə 100 faizi özəl bölmənin payına düşür ki, bu da çox yüksək göstəricilərdir.

Naxçıvanda İran İslam Respublikasının yaranmasının 40-cı ildönümü münasibətilə tədbir keçirilib

Fevralın 11-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu İran İslam Respublikasının yaranmasının 40-cı ildönümü – İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.

Tədbirdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının Dövlət himnləri səsləndirilmiş, “Qurani-Kərim”dən ayələr oxunmuşdur.

İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom çıxış edərək inqilabdan ötən 40 il ərzində İran İslam Respublikasının keçdiyi inkişaf yolundan danışmış, bütün sahələrdə inkişafa nail olunduğunu bildirmişdir. Ölkəsinin beynəlxalq münasibətlərdəki mövqeyinə və dünya dövlətləri ilə əlaqələrinin inkişafına diqqəti çəkən Baş konsul demişdir ki, dost və qonşu ölkələr olan İran ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir, qarşılıqlı rəsmi səfərlər həyata keçirilir. İran İslam Respublikasının Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına da mühüm əhəmiyyət verdiyini bildirən Baş konsul İranın yaxın vilayətləri ilə muxtar respublika arasında əlaqələrin genişlənməsini səmərəli əməkdaşlığın nəticəsi kimi dəyərləndirmişdir.

Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunmuşdur

Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ilidir. Azərbaycanın dövlətçilik tarixində Naxçıvan Muxtar Respublikası mühüm rola malikdir. Tarixi mənbələrdən məlumdur ki, hələ yeddinci əsrdə, ərəblərin gəlişi zamanı burada müstəqil idarəçilik olmuş, onuncu əsrdə Naxçıvan Şahlığı feodal dövləti yaranmışdır. Naxçıvan şəhəri on ikinci əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuş, on səkkizinci əsrdə isə Naxçıvan xanlığının siyasi mərkəzi kimi inzibati idarəçiliyin formalaşmasına öz töhfəsini vermişdir. 1918-ci ildə Naxçıvanda bir milyondan çox əhaliyə malik Araz-Türk Respublikası yaradılmışdır. 1924-cü ildə isə Naxçıvana muxtar respublika statusu verilmişdir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən həmin tarixdən Naxçıvan Muxtar Respublikası muxtar dövlətdir.

Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü Şərur rayonunun Kərimbəyli kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Naxçıvan Muxtar Respublikası 95 illik yubileyini sosial-iqtisadi sahədə qazanılan yüksək nailiyyətlərlə qeyd edir. Həyata keçirilən çoxşaxəli quruculuq tədbirləri yaşayış məntəqələrini abadlığa, inkişaf və tərəqqiyə qovuşdurub. Yüksək iqtisadi potensiala malik olan muxtar respublikada dövlət proqramlarının və infrastruktur layihələrinin uğurla həyata keçirilməsi əhalinin rahat yaşayışını təmin edib. Bütün bunlar muxtariyyətimizi daha da möhkəmləndirmiş, digər yaşayış məntəqələri kimi, Şərur rayonu da müasirliyə qovuşmuşdur.

 Fevralın 7-də – Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ərəfəsində Şərur rayonunun Kərimbəyli kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

 

Kərimbəyli kənd tam orta məktəbinin açılışı olmuşdur

Fevralın 7-də Kərimbəyli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, 270 şagird yerlik məktəbdə 2-si  elektron lövhəli olmaqla, 18 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər, psixoloq otaqları, kitabxana və idman zalı vardır. Gənclərin kompüter biliklərinin möhkəmləndirilməsi müasir tədris prosesində qarşıda duran əsas vəzifələrdəndir. Məktəbin kompüter otağında internetə çıxışı olan 19 kompüter quraşdırılıb ki, bu da informatika dərslərinin tədris proqramına uyğun keçirilməsinə imkan verəcəkdir.

Kərimbəyli kənd tam orta məktəbinin kitabxanasında 1567-si dərslik və 2790-ı bədii ədəbiyyat olmaqla, 4357 kitab, eləcə də “Oxunması zəruri olan kitablar”dan ibarət guşə vardır. Həmçinin burada “Naxçıvan Muxtar Respublikası-95”, “Cəlil Məmmədquluzadə-150” və “İmadəddin Nəsimi-650” guşələri də  yaradılmışdır.

Naxçıvan şəhərində 2 nömrəli uşaq bağçası istifadəyə verilib

Yanvarın 31-də Naxçıvan şəhərində 2 nömrəli uşaq bağçasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua açılışı bildirən lenti kəsmişlər.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik və quruculuq yolu Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərinin siması tamamilə dəyişilmişdir. Həyata keçirilən tədbirlər sırasında uşaq və gənclərin sağlam böyüməsi, onların təhsili və tərbiyəsi xüsusi yer tutur. Yeni məktəb binalarının, idman obyektlərinin, səhiyyə müəssisələrinin və müasir uşaq bağçalarının istifadəyə verilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu gün istifadəyə verilən 2 nömrəli uşaq bağçası da gələcəyimiz olan uşaqlara göstərilən qayğının daha bir ifadəsidir. Mirsənani Seyidov demişdir: Yeni uşaq bağçasının körpələr qrupunun mebel və avadanlıqlarla təmin olunmasında Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi də öz dəstəyini göstərmişdir. Bu dəstəyə görə cənab səfirə minnətdarlığımızı bildiririk. Ali Məclis Sədrinin “Uşaqlara qayğı göstərmək, onları himayə etmək gələcəyimizə hesablanmış tədbirlərdir. Ona görə də məktəbəqədər tərbiyə müəssisələrində uşaqların tərbiyəsi, onlara ilkin biliklərin dərindən öyrədilməsi, məktəbə hazırlanması və əsl vətəndaş kimi yetişdirilməsi diqqət mərkəzində saxlanılmalıdır” fikirlərini diqqətə çatdıran Mirsənani Seyidov uşaqlarımızın sağlam böyüməsinə göstərdiyi yüksək qayğıya və yeni uşaq bağçasının istifadəyə verilməsinə görə Naxçıvan şəhər ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.