Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub

Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişdir.

Nazirlik, komitə və baş idarələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri də abidə önünə tər güllər düzmüşlər.

Ulu öndər Heydər Əliyevin ömür yolu doğma Vətəninin inkişafına və xalqının rifahına həsr olunmuşdur. Ən çətin vaxtlarda xalqının yanında olan, xilaskarlıq missiyasını uğurla yerinə yetirən və müstəqil Azərbaycanın qurucusuna çevrilən ulu öndərin irsi Azərbaycan xalqının milli sərvətidir. “Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycan torpağı mənim doğma torpağımdır. Mən fəxr edirəm ki, mənim Azərbaycan kimi millətim var. Mən fəxr edirəm ki, mənim doğma ana dilim, Azərbaycan dilim var. Mən fəxr edirəm ki, müstəqil, azad, qüdrətli Azərbaycan dövləti var”, – deyən dahi rəhbərin həyatının mənası da məhz Azərbaycan idi.

Müharibə veteranlarına avtomobillər təqdim olunub

Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə müharibə veteranlarına, sosial qayğıya ehtiyacı olan vətəndaşlara qayğı ilə yanaşmışdır. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasi xətt hazırda ölkəmizdə uğurla davam etdirilir. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında müharibə veteranlarına diqqət və qayğı sosial siyasətin əsas istiqaməti kimi müəyyənləşdirilmişdir.

Mayın 9-da – faşizm üzərində Qələbənin 74-cü ildönümündə Naxçıvan şəhərində 2 nəfər 1941-1945-ci illər müharibəsi içtirakçısına, 2 Azərbaycan Vətən Müharibəsi veteranına və 3 hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş şəxsə “NAZ-Lifan-320” markalı minik avtomobili təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərasimdə iştirak etmişdir.

Naxçıvanda faşizm üzərində qələbənin 74-cü ildönümü qeyd olunub

Mayın 9-da Naxçıvan şəhərindəki Xatirə kompleksində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İkinci Dünya müharibəsi veteranları ilə görüşmüş, onları faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə təbrik etmişdir.

Sonra Ali Məclisin Sədri abidənin önünə gül dəstəsi qoymuş, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsini ehtiramla yad etmişdir.

Mərasim iştirakçıları və ictimaiyyətin nümayəndələri də abidə önünə gül dəstələri düzmüşlər.

Naxçıvan Hərbi Qarnizonunun nümunəvi Hərbi Orkestrinin ifasında marşlar səslənmişdir.

Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə müasir angioqrafiya aparatı verilmişdir

Mayın 8-də Naxçıvan Diaqnostika Müalicə Mərkəzində yeni alınmış angioqrafiya aparatının təqdimatı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək demişdir ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Göstərilən qayğının nəticəsidir ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Siğortanın tətbiqi ilə əlaqədar Sədərək, Şərur və Kəngərli rayon Mərkəzi xəstəxanalarına, Şərur Rayon Uşaq xəstəxanasına yeni avadanlıqlar alınmışdır. Diaqnostika Müalicə Mərkəzində süni ağciyər-Ekstrakorporal Membran Oksigenasiya aparatı quraşdırılmış, səhiyyə müəssisələrinə yeni təcili yardım avtomobilləri verilmiş, tibbi sığortanın tətbiqinə hazırlıq işləri ilə əlaqədar  bütün rayon və şəhər tibb müəssisələrində proqram təminatının yaradılmasına başlanılmışdır. “Nəxşicahan Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Doğum Mərkəzinə hamilələrdə döldə və yeni doğulmuşlarda ürək qüsurunun aşkar olunması üçün stasionar exo-kardioqraf aparatı hədiyyə edilmişdir. Bütün bunlar əhalinin müayinə və müalicəsində əsaslı dönüş yaratmışdır. Hazırda muxtar respublikanın səhiyyə müəssisələrində xəstəliklərin diaqnostik müayinə və müalicəsi üçün ən yeni avadanlıqlar və həmin cihazlarda işləyən ixtisaslı kadrlar mövcuddur. Bu işlərin davamı olaraq Naxçıvan Diaqnostika Müalicə Mərkəzində yeni angioqrafiya aparatı alınaraq quraşdırılmışdır. Niyazi Novruzov göstərilən qayğıya görə tibb işçiləri və burada müalicə olunanlar adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulub

Mayın 7-də Kəngərli rayonunun Yurdçu kəndində yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, qapalı suvarma şəbəkəsi 59 hektar sahədə qurulub. "Qıvraq-1" nasos stansiyası vasitəsilə su Arpaçay sol sahil kanalından Yurdçu kəndindəki hovuza vurulur və öz axını ilə əraziyə ötürülür. Tikinti işləri aparılarkən uzunluğu 1100 metr olan ana xətt və 5470 metr paylayıcı boru xətti çəkilmişdir. Boru xətlərinin üzərində 2 siyirtmə, 63 suvarma hidrantı və dəmir-beton hovuzlar quraşdırılmışdır. Suvarma mövsümü başa çatdıqdan sonra boru xəttindən suyun boşaldılması üçün 2 suboşaldıcı qoyulmuşdur.

Bildirilmişdir ki, hazırda Kəngərli rayonunda 100 hektara yaxın, Şahbuz rayonunun Türkeş kəndi ərazisində isə 300 hektar sahədə qapalı suvarma şəbəkələrinin tikintisi davam etdirilir.