Babək rayonunun 40 illik yubileyi qeyd olunmuşdur

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il fevralın 16-da “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” Sərəncam imzalamış, Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər Planına əsasən rayonda geniş quruculuq işləri aparılmış, Babək qəsəbəsində dövlət qurumları və ictimai təşkilatlar üçün inzibati bina əsaslı şəkildə yenidən qurulmuşdur.

Oktyabrın 22-də Babək rayonunda dövlət qurumları və ictimai təşkilatlar üçün inzibati bina istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Ali Məclisin Sədri inzibati binanın yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivləri təbrik edərək demişdir: Bu gün Babək rayonunun 40 illik yubileyi qeyd olunur. Ötən 40 ildə Babək rayonu şərəfli inkişaf yolu keçmişdir. Rayonun inkişafında və formalaşmasında dövlət qurumları ilə yanaşı, ictimai təşkilatların kollektivləri də fəal iştirak edərək əmək sərf etmişlər. Bütün bunların nəticəsidir ki, Babək muxtar respublikamızın qabaqcıl inkişaf etmiş rayonlarından birinə çevrilmişdir.

Ali Məclisin Sədri Babək rayonunun inkişafında fəaliyyəti olanların hər birinə təşəkkür etmişdir.

Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçirilib

Oktyabrın 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində üçüncü “Arıçılıq məhsulları – bal festivalı” keçirilmişdir. Tədbirin aparıcıları xalqımızın arıçılıq və bal istehsalı ilə hələ eramızdan əvvəlki dövrlərdən məşğul olması barədə məlumat vermiş, arıçılıqla bağlı yaranan folklor nümunələrini, atalar sözlərini, zərbi-məsəlləri festival iştirakçılarının diqqətinə çatdırmışlar.

Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti, iqlimi və bitki örtüyü burada kənd təsərrüfatının, xüsusilə də arıçılığın inkişafına geniş imkanlar açır. Bu səbəbdən də arıçılığın inkişafı diqqətdə saxlanılır. Arıçılığın əhəmiyyəti təkcə qiymətli arı məhsullarının istehsalı ilə bitmir, eyni zamanda əhalinin məşğulluğunun, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında və toxumların keyfiyyətinin yüksəldilməsində xüsusi rol oynayır. Arıçılıq kənd təsərrüfatının ən maraqlı, gəlir gətirən, qida və müalicəvi baxımdan xeyirli təsərrüfat sahələrindən biridir. Digər təsərrüfat sahələri ilə müqayisədə arı təsərrüfatının yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa, təsərrüfatın inkişaf imkanları daha genişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olmuşdur

Oktyabrın 18-də – Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün, Azərbaycan Respublikasının orden və medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Dövlət Aktının qəbul olunması Günü münasibətilə təbrik edərək demişdir: 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında dövlət aktı qəbul olunmuşdur. Lakin o dövrün Azərbaycanında ictimai-siyasi və iqtisadi tənəzzül, vətəndaş müharibəsi, qarşıdurma, hakimiyyət uğrunda mübarizələr və bütün bunlardan istifadə edən işğalçı ölkənin torpaqlarımıza təcavüzü hökm sürürdü. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin itirilmə təhlükəsi yaranmışdı. Belə bir dövrdə Azərbaycanın milli liderə böyük ehtiyacı var idi. O zaman xalqın və ziyalıların təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qaydışı dövlət müstəqilliyimizi qorudu. Ölkəmizdə sabitlik və vətəndaş həmrəyliyi bərpa olundu,  müstəqil Azərbaycan sürətli inkişaf mərhələsinə qədəm qoydu.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul

Oktyabrın1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin muxtar respublikaya yeni təyin olunmuş Baş konsulu Məhmət Emin Kirazı qəbul edib.

Ali Məclisin Sədri Məhmət Emin Kirazı muxtar respublikada Baş konsul kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib. Naxçıvan Muxtar Respublikası ilə dost və qardaş Türkiyə arasında iqtisadi-ticarət, hərbi, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri münasibətlərin daha da möhkəmləndirilməsində Baş konsula uğurlar arzulamışdır.

Naxçıvanda yeni hərbi hissə istifadəyə verildi

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasını gücləndirmiş, döyüş qabiliyyətini artırmışdır. Hərbi hissələrdə aparılan quruculuq işləri və yaradılan müasir şərait isə xidmətin nümunəvi təşkilinə imkan verir.

Oktyabrın 8-də Əlahiddə Ümumqoşun Ordunun yeni hərbi hissəsi istifadəyə ­verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Əlahiddə Ümumqoşun Ordunun komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport vermişdir.

Sonra Ali Məclisin Sədri hərbi hissədə yaradılan şəraitlə tanış olmuşdur.