Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olmuşdur

Oktyabrın 18-də – Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün, Azərbaycan Respublikasının orden və medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Dövlət Aktının qəbul olunması Günü münasibətilə təbrik edərək demişdir: 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında dövlət aktı qəbul olunmuşdur. Lakin o dövrün Azərbaycanında ictimai-siyasi və iqtisadi tənəzzül, vətəndaş müharibəsi, qarşıdurma, hakimiyyət uğrunda mübarizələr və bütün bunlardan istifadə edən işğalçı ölkənin torpaqlarımıza təcavüzü hökm sürürdü. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin itirilmə təhlükəsi yaranmışdı. Belə bir dövrdə Azərbaycanın milli liderə böyük ehtiyacı var idi. O zaman xalqın və ziyalıların təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qaydışı dövlət müstəqilliyimizi qorudu. Ölkəmizdə sabitlik və vətəndaş həmrəyliyi bərpa olundu,  müstəqil Azərbaycan sürətli inkişaf mərhələsinə qədəm qoydu.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul

Oktyabrın1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin muxtar respublikaya yeni təyin olunmuş Baş konsulu Məhmət Emin Kirazı qəbul edib.

Ali Məclisin Sədri Məhmət Emin Kirazı muxtar respublikada Baş konsul kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib. Naxçıvan Muxtar Respublikası ilə dost və qardaş Türkiyə arasında iqtisadi-ticarət, hərbi, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri münasibətlərin daha da möhkəmləndirilməsində Baş konsula uğurlar arzulamışdır.

Naxçıvanda yeni hərbi hissə istifadəyə verildi

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasını gücləndirmiş, döyüş qabiliyyətini artırmışdır. Hərbi hissələrdə aparılan quruculuq işləri və yaradılan müasir şərait isə xidmətin nümunəvi təşkilinə imkan verir.

Oktyabrın 8-də Əlahiddə Ümumqoşun Ordunun yeni hərbi hissəsi istifadəyə ­verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Əlahiddə Ümumqoşun Ordunun komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport vermişdir.

Sonra Ali Məclisin Sədri hərbi hissədə yaradılan şəraitlə tanış olmuşdur.

Ağbulaq Xizək Mərkəzinin təməli atılıb

Şahbuz rayonunun Ağbulaq kəndi geniş turizm potensialına malikdir. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülür.

İyulun 17-də Ağbulaq kəndində Xizək Mərkəzinin təməlatma tədbiri olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin layihəsinə baxıb.

Muxtar respublikaya yeni kənd təsərrüfatı texnikaları gətirilib

1990-cı il iyulun 22-də ümummilli liderimiz Heydər Əliyevin Naxçıvana qayıdışı milli qurtuluşumuzun başlanğıc tarixinə çevrildi.

Dahi şəxsiyyətin muxtar respublikada həyata keçirdiyi tədbirlər, qəbul etdiyi qərarlar Azərbaycanın bugünkü inkişafına hesablanıb. İlk dəfə Naxçıvandan başlanan aqrar islahatlar Ulu Öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra genişləndirilərək iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib. Hazırda ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında aqrar sahədə kompleks islahatlar həyata keçirilir, hər il muxtar respublikaya yeni kənd təsərrüfatı texnikaları alınıb gətirilir.

İyulun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınıb gətirilən yeni kənd təsərrüfatı texnikalarına baxıb.